Məhkəmə qərarları › İş №2(011)-1725/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1725/2020

16.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1725/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 və X2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ilkin iddia üzrə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilkin iddia üzrə Cavabdeh qarşı Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 55000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinə əsasən 150000 (yüz əlli min) manata alıcı Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 55000 (əlli beş min) manat ödəmiş, digər hissənin, yəni 95000 (doxsan beş min) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair xx.xx.2019-cu il tarixli, **********19 nömrəli və xx.xx.2019-cu il tarixli, **********90 nömrəli bildirişlər göndərilsə də, alıcı satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. O, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhəri Xatai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 349,3 kv.m. qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadənin mümkünsüz edən tikililərin sökülməsi və həmin sahəyə maneəsiz girşi-çıxış təmin edilməsi ilə sahənin iddiaçıya təhvil verilməsi və bugünədək həmin sahədən istifadənin mümkünsüz olması nəticəsində iddiaçıya dəymiş 58000 manat maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 58030 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsi satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinə əsasən 150000 manata iddiaçıya satmışdır. Bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilə üzrə ilkin iddia üzrə cabandeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 60000 manat məbləğində pul ödənilmiş, 90000 manat məbləğində qalıq borcu qalmışdır. İddiaçı iddia üzrə öhdəliyini yerinə yetirməyə başlamış, lakin cavabdeh öz öhdəliyini icra edib əmlakı üçüncü şəxslərin hüquqlarında azad şəkildə iddiaçıya təhvil verməli halda, bunu etmədi. İddiaçının məqsədi qeyri-yaşayış sahəsini alıb orada bağça açmaqla gəlir əldə etmək olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilmədiyindən, həmin qeyri-yaşayış sahəsindən gəlir və fayda götürmək qeyri-mümkün olmuşdur. Belə ki, göstərilən qeyri-yaşayış sahəsi 4 tərəfdən bağlanmış, ora giriş-çıxış tamimilə mümkünsüzdür. Sahənin hasarlanması və ora girişin mümkünsüz edilməsi məhz Xətau rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Əgər cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmiş olsaydə, iddiaçı sahəni normal istifadə edib, oradan gəlir əldə edə bilərdi. İddiaçı həmin sahədən bağça kimi istifadə edib hər ay 2000 manat gəlir əldə edə bilərdi. İddiaçı hesab edir ki, mülkiyyətindən istifadəyə maneəçilik nəticəsində iddiaçı 3 il müddətinə həmin qeyri-yaşayış sahəsindən gəlir əldə edə bilməmiş, nəticədə 58000 manat məbləğində əldən çıxmış fayda olaraq ona maddi ziyan dəymişdir. O, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi (satıcı) və Cavabdeh (alıcı) arasında xx.xx.2017-ci il tarixli 3257 nömrəli Müəssisənin (obyektin) Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən: Müqavilənin predmetini alıcının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 01/01 №-li protokola əsasən satın aldığı 349,3 kv.m qeyriyaşayış sahəsi (6 mərtəbəli binanın 1-ci mərtəbəsinin bir hissəsi 301,8 kv.m və 1 mərtəbəli bitişik tikili 47,5 kv.m) təşkil edir. “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 135 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 150000.00 (bir yüz əlli min) manata satın alır; hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır; “Satıcı” müəssisənin satış qiymətinin “Alıcı” tərəfindən tam ödənilməsindən sonra alqı-satqı müqaviləsinin 1 nüsxəsini müvafiq sənədlərlə birlikdə əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini aidiyyəti ərazi idarəsinə göndərilməsini öhdəsinə götürmüşdür; “Alıcı” alqı-satqı müqaviləsi imzalandıqdan sonra müəssisənin bütün öhdəliklərini və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi, alınmış müəssisənin (obyektin) dəyərini. Yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 faiz də nəzərə alınmaqla 150000 manatı müqavilə bağlandığı andan 30 gün müddətindən gec olmayaraq və yaxud xx.xx.2017-ci il tarixədək “Satıcı”nın hesabına köçürməyi öhdəsinə götürmüşdür; “Alıcı” müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir; “Alıcı” alqı-satqı müqaviləsinin imzalandığı gündən etibarən bir ay müddətində müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini özəlləşdirmək və ya icarəyə götürmək üçün tələb olunan sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir (satın alınan müəssisə (obyekt) ayrıca tikilidə yerləşdikdə); əgər “Alıcı” satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 30 (otuz) bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 135 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 150000 (bir yüz əlli min) manatdan 45000 (qırx beş min) manat tərəfindən ödənilmiş, qalan 105000 (bir yüz beş min) manat ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 105000 (bir yüz beş min) manat vəsait 3 (üç) gün ərzində ödənilməlidir. Bu bildiriş təqdim edildiyi tarixdən 3 (üç) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 135 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 3257 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2 bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 150000 (bir yüz əlli min) manatdan 55000 (əlli beş min) manat ödənilmiş, qalan 95000 (doxsan beş min) manat ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 95000 (doxsan beş min) manat vəsait 10 (on) gün ərzində ödənilməlidir. Bu bildiriş təqdim edildiyi tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 135 ünvanında yerləşən 349,3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilə bağlanmış, həmin qeyri-yaşayış sahəsinin alınması üçün Cavabdeh əmlakın satış qiyməti olan 150.000 (bir yüz əlli min) manatı müqavilə imzalandıqdan sonra 30 gün müddətində ödəməyi öhdəsinə götürmüş, lakin 60.000 (altmış min) manat ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı müqavilə predmeti olan qeyri-yaşayış sahəsindən, sahənin dörd tərəfdən hasarlandığına görə istifadə edə bilmədiyini və bunun nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də məhkəməyə iddiasının əsasını təşkil edən halları təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbini Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilə ləğv edilməsi və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 598-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir (maddə 598.1); Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur (Maddə 598.2). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh götürdüyü öhdəliyini tam icra etməmiş, sözügedən müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, beləliklə AR ƏMDKnin müqavilənin ləğv edilməsi hüququ yaranmışdır. Odur ki, iddia həmin hissədə əsaslı hesab edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilə ləğv edilməli və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməlidir. Məhkəmə ilkin iddianın müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 55000 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Məcəlləsinn 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (Maddə 21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Maddə 21.2.). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı ona 55000 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etsə də, onun tərəfindən ona dəymiş ziyanın əsaslandırılması üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, formal olaraq mülahizələrə əsaslanan bu iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən 349,3 kv.m. qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadənin mümkünsüz edən tikililərin sökülməsi və həmin sahəyə maneəsiz girşi-çıxış təmin edilməsi ilə sahənin iddiaçıya təhvil verilməsi və bugünədək həmin sahədən istifadənin mümkünsüz olması nəticəsində iddiaçıya dəymiş 58000 manat maddi ziyanın tutulması ilə bağlı iddianın dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halları təsdiq edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassız hesab edilməlidir. Odur ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx.xx.2017-ci il tarixli, 3257 nömrəli müqavilə ləğv edilsin. ünvan 1 ünvanında yerləşən, 349.3 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhəri Xatai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 349,3 kv.m. qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadənin mümkünsüz edən tikililərin sökülməsi və həmin sahəyə maneəsiz giriş-çıxış təmin edilməsi ilə sahənin iddiaçıya təhvil verilməsi və bugünədək həmin sahədən istifadənin mümkünsüz olması nəticəsində iddiaçıya dəymiş 58000 manat maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 58030 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar