Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1736/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehoğuna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki: 1.1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1494/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçıdan 15753,43 manat əsas borc, 468,69 faiz borcu, 359,83 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 16611,95 manat pulun "xxxx" ASC-nin (bundan sonra - Bank) xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus “Chevrolet Captiva” markalı ** LV *** qeydiyyat nişanlı minik avtomaşına (bundan sonra - Avtomobil) yönəldilməsi, Avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin yaranmış borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin iddiaçıdan tutulması qət edilmişdir; 1.2. Həmin qətnamənin icrası gedişində Qaradağ rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2013-cu il tarixli icraata başlamaq haqqında qərarı ilə xx.xx.2013-cü il tarixdə verilmiş icra vəqərəqəsi üzrə icraata başlanılmış, Qaradağ rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçıya məxsus Avtomobillə bağlı axtarış elan edilmiş, daha sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(002)-895/2015 saylı qərardadı ilə Qaradağ rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilmiş və xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş icra sənədi üzrə icraat dayandırılmışdır;
2. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması və əldən çıxmış faydanın tutulması” barədə iddiası qismən təmin edilərək Avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir;
3. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktubundan görünür ki, Avtomobil xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yataqxana 4 ünvanında qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü İddiaçı adına qeydiyyatda alınmışıdır. Qeyd olunan avtomobil etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci tarixədək X1, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh istifadəsinə verilmiş, sonuncuya verilmiş etibarnaməyə xx.xx.2013-cü il tarixində xitam verilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı banka borclu olduğu 16611,95 manat pulun və ödənilmiş 140 manat pulun, cəmi 16751,95 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 2011-ci il tarixdə maşın almaq məqsədi ilə Bankdan kredit götürmüşdür. Həmin müqavilə üzrə Avtomobili girov qoyub bir müddət ödəniş etdikdən sonra aralarında şifahi əqdə əsasən kreditin yerdə qalan məbləğini cavabdeh tərəfindən ödənilməsi şərtilə Avtomobili ona etibarənamə əsasında satmışdır. Lakin cavabdehin ödəniş etmədiyini görüb etibarnəməni ləğv etdirib, çoxsaylı müraciətləri əsasında maşını ondan geri ala bilməmişdir. 2018-ci ilin dekabr ayında isə icra məmuru vasitəsilə məlum olmuşdur ki, 2013-cü ildə bank ona qarşı iddia qaldırmış və iddia təmin edilərək qətnamə icraya yönəlmişdir. Bu gün həm mülkiyyətçisi olduğu Avtomobildən məhrum olmuş, həm də bank qarşısında öhdəlik onun üzərində qalıb. Həmçinin 2013-ci ildən bu yana Avtomobil onun sahibliyində qalsa idi, əlavə xərc çəkərək başqa nəqliyyat vasitəsindən istifadə etməzdi, ailəni dolandırmaq üçün stifadə edərdi. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılsması qət olunsa da, Xətai rayon İcra şöbəsi qətnaməni icra edə bilməmiş, xx.xx.2023-cü il tarixdə isə icrası mümkün olmayan sənəd kimi məhkəməyə qaytarılmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə baxışı zamanı izahatında bildirdi ki, Avtomobil hal-hazırda onun istifadəsində deyil, başqa şəxsə satılıb. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
13. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.
15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. İddiaçı Bank ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən məhkəmə qətnaməsi ilə ondan tutulan pulun cavabdehdən tutulmasını tələb edir. Lakin iddiaçının cavabdehdən həmin pul vəsaitini tələb etməsi üçün iddianın qanuni əsası mövcud deyil. Belə ki, iddiaçı ilə cavabdeh arasında iddianın təmin edilməsinə əsas ola biləcək hər hansı öhdəlik münasibəti yaranmamışdır.
17. Mülki Məcəllənin 385-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi müəyyən edilmişdir. Həmin müddəadan irəli gələn mənaya görə öhdəliyin yaranması üçün onun iştirakçıları (tərəfləri) arasında ilk növbədə müəyyən hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
18. Öhdəliklərin ən geniş yayılmış forması olan müqavilə öhdəliklərinin yaranması üçün onun tərəfləri (iştirakçıları) arasında müqavilənin (şifahi, yaxud yazılı formada) bağlanması şərtdir. Mülki Məcəllənin 389-cu maddəsində müqaviləyə verilən anlayışa görə müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Tərəflər arasında iddiaçının Banka olan borcunun onun tərəfindən ödənilməsinə dair cavabdehlə hər hansı müqavilə bağlanmamışdır. İş materialları əsasında müəyyən edilir ki, kredit müqaviləsi iddiaçı ilə Bank arasında bağlanmış və kreditin ödənilməsinə görə məsuliyyəti isə iddiaçı daşımışdır.
19. Öhdəliyin yaranmasının ikinci əsası deliktlərdir (mülki hüquq pozuntularıdır). Deliktlər mülki hüquq və vəzifələrin icrası zamanı digər şəxsə zərər vurulmasına səbəb olan hüquqa zidd və təqsirli əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi nəticəsində yaranır. İddiaçı Avtomobili ona şifahi razılaşmaya əsasən “satdığı” üçün cavabdeh tərəfindən iddiaçının kredit müqaviləsi üzrə Banka olan borcunun qalıq hissəsini ödəməyə dair öhdəlik götürdüyünü bildirsə də, bir daha iş materialları əsasında müəyyən edilir ki, kredit müqaviləsi iddiaçı ilə Bank arasında bağlanmış və kreditin ödənilməsinə görə məsuliyyəti də şəxsən iddiaçı daşımış və buna görə də iddiaçıdan kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Beləliklə, iddiaçının Banka olan borcunu cavabdehdən tələb etməsi üçün müqavilədən kənar öhdəlik (delikt) münasibətləri də yaranmamışdır.
20. Öhdəliyin yaranmasının digər əsası isə əsassız varlanmadır. Mülki Məcəllənin 1091.1-ci maddəsiə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Lakin iş materialları ilə müəyyən edilir ki, Avtomobilin alınmasına görə krediti iddiaçı almışdır. Avtomobilin alınması üçün iddiaçının götürdüyü kredit hesabına cavabdehin varlanması da iş materialları ilə müəyyən edilmir.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, Avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur, eyni zamanda Avtomobilin tapılmaması ilə həmin qətnamənin icrası mümkün olmamışdır, bu halda iddiaçının Avtomobilin real dəyəri həddində cavabdehdən dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır.
22. Bundan başqa, iddiaçı hal-hazırda cavabdeh tərəfindən Banka olan borcunun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilik keditor qarşısında öhdəliklərin üçüncü şəxs tərəfindən icrasını qadağan etmir. Belə ki, AR MM-nin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin qeyd edilən normasına əsasən öhdəliyin icrasının şəxsən borclunun özü tərəfindən həyata keçirilməli olduğunun müqavilə ilə şərtləşdirildiyi və öhdəliyin təbiətindən irəli gəldiyi hallar istisna olmaqla öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icra edilməsi qanunla qadağan edilmir.
23. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı tələbkar olan Banka qarşı öhdəliyinin icra edilməsini, yəni, kredit borcunun ödənilməsini məcburi qaydada üçüncü şəxsdən tələb edə bilməz. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış təminatlı kredit müqaviləsinə əsasən avtomobilin alqı-satqısı məqsədilə iddiaçıya 21 160 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən Bank iddiaçıya qarşı borcun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən borcun İddiaçı tutulması qət edilmişdir. Belə olan halda, iddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan borcun üçüncü şəxs tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda da qeyd edildiyi kimi Bank qarşısında kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi barədə öhdəliyi iddiaçı daşıyır.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı