Məhkəmə qərarları › İş №2(011)-1745/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1745/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1745/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “ ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə qurmuşdur. Birgə nikahdan uşağı doğulmamışdır, hazırda o, hamilədir. Cavabdehlə qısa bir müddət mehriban münasibətdə olsalar da, sonradan aralarında narazılıqlar, mübahisələr başlamış və anlamışlar ki, xasiyyətləri üst-üstə düşmür və xaraktercə başqabaşqa adamlarmış. O, ailəsinin dağılmağını istəməmiş, ancaq birlikdə yaşamaqları da mümkün olmamışdır. Bu səbəbdən də ayrılmışlar. Birgə təsərrüfat aparmırlar və o, hamiləlik dövründədir. Cavabdeh hazırda ona hamiləlik dövrü üçün heç bir maddi yardım etmir, o, işsizdir. Onun həkimə, dərmanlara, müalicə və müayinələrə ehtiyacı var. Bunun üçün ona xeyli miqdarda vəsait lazımdır ki, o, bunu təkbaşına edə bilmir. Bu səbəbdən, o, hesab edir ki, cavabdeh ona hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən etibarən 3 (üç) il ərzində hər ay üçün 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh onun hamiləlik dövründə və ümumi uşaqları doğulduğu gündən 3 (üç) il ərzində hər ay üçün 200 ( iki yüz ) manat olmaqla sabit pul məbləğində pul vəsaitinin aliment kimi tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, Cavabdeh məşhur trenerdi, “Just 4 Fit” idman zalında işləyir, rəsmi maaşı 250 manat yazılsa da, əlavə olaraq hər ayı 100 manat olmaqla hər ay mütəmadi olaraq 20 tələbə ilə məşq edir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Lakin iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 422479 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İsmayılova (Məmmədova) Aysel Ədalət qızı arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və 32 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan “Seba” X1 Klinikası tərəfindən keçirilmiş 08 fevral 2022-ci il tarixli ultrasonoqrafiyanın nəticəsindən görünür ki, İddiaçı hamiləliyi 25-26 həftəyə uyğundur, təxmini doğuş tarixi 18 may 2022-ci il tarixidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, iddia ərizəsində göstərilənlər əsassızdır və hər hansı bir həqiqətə söykənmir. Belə ki, onların rəsmi nikahları 3 saylı ASAN xidmətdə 22 yanvar 2021-ci il tarixdə bağlanmışdır. Hamiləlik dövründə onunla tamamilə əlaqəni kəsən iddiaçı onu artıq xərcə salmaq niyyətindədir. Bundan əlavə dünyaya gəlməyən uşağa görə aliment kəsilməsi də həqiqətə uyğun deyildir, çünki uşağın hələ adı, soyadı, təvəllüdü bəlli deyildir. Onun iddiaçıya hansı əsaslarla 200 manat ödəməsi tamamilə əsassızdır. Ümumi məhkəmə praktikasında da iddiaçı tərəfindən verilmiş bu kimi tələblərin təmin olunması mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “İnstaqram” sosial şəbəkə səhifəsindən çıxarışın surətindən görünür ki, Cavabdeh “Just 4 fit” İdman zalında trener işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur, hazırda hamilədir. Cavabdeh hazırda ona hamiləlik dövrü üçün heç bir maddi yardım etmədiyinə görə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı hamiləliyi dövründə uşaq doğulanadək onun saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia tələbi “cavabdehdən ümumi uşaqları doğulduğu gündən 3 (üç) il ərzində hər ay üçün 200 ( iki yüz ) manat olmaqla sabit pul məbləğində alimentin tutulması” hissəsində uşaq hələ doğulmadığına görə təmin edilməməli, iddiaçıya eyni tələblə uşaq doğulduqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı hamiləliyi dövründə onun saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi “cavabdehdən ümumi uşaqları doğulduğu gündən 3 (üç) il ərzində hər ay üçün 200 ( iki yüz ) manat olmaqla sabit pul məbləğində alimentin tutulması” təmin edilməsin. İddiaçıya eyni tələblə uşaq doğulduqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar