Məhkəmə qərarları › İş №2(011)-1745/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1745/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1745/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X1 yetkinlik yaşına çatanadək saxlanması 220 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ilə nikahları pozulmuşdur, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 adlı bir uşaqları var, nikah pozulduqdan sonra uşaq öz yanında saxlanmışdır, onun saxlanması üçün sonuncu dəfə 170 manat aliment müəyyən edilmişdir, cavabdeh valideyn kimi uşaq ilə maraqlanmır, saxlanması üçün kömək göstərmir, öz qazancı ilə də uşağın təminatını ödəmək çətindir, yaşayış minimumu 2023-cü il üzrə 220 manat müəyyən edilib, neçə ildir ki, aliment 170 manatdır, artıq bu məbləğ kifayət etmir, ən son cavabdeh sentyabr ayında 170 manat ödəniş etmişdir, onun borcu vardır, hazırda cavabdehlə əlaqəsi yoxdur, onun harada işlədiyini bilmir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 086486 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2013-cü il tarixdə 1416 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan AZ-T seriyalı 176265 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2013-cü il tarixdə 1416 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh, anası isə X2r. İş materiallarında olan AZ-İ seriyalı 242995 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh və X5 arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə xx.xx.2016-cı il tarixdə 213 №-ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş 116 №-li xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh ünvan: ünvan 1z yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2464/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X1 anasının yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1987/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2165/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 4 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli MŞB/4-00756 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə“ arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir, o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 19 mart 2013-cü il təvəllüdlü X3 anası, cavabdeh isə atasıdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2464/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmışdır, hazırda da ananın yanındadır, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1987/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi əsasında cavabdeh tərəfindən ödənilən hər ay 170 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, iddiaçı işləmir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən, həmçinin əlavə xərclərə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi cavabdehin də vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsində olması uşağa qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas ola bilər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1987/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, 2023-cü il üzrə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi, ailə və əmlak vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə iddia tələbinin həcmini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1987/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək 19 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış aliment məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (50x12=600 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1987/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 19 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar