Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1828/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – aldığı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə cavabdeh X1 verdiyi 28000 (iki min səkkiz yüz) manat pulun və 7000 (yeddi min) manat məbləğində pulun evin tikilməsinə sərf edilmiş mal-material və verdiyi usta pulunun və ödədiyi 118 manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək aldığı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Cavabdeh Səfxan oğluna verdiyi 2800 (iki min səkkiz yüz) manat pulun və 7000 (yeddi min) manat məbləğində pulun evin tikilməsinə sərf edilmiş mal-material və verdiyi usta pulunun və ödədiyi 118 manat dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun üddət Ağsu rayonu Şəbəyli kəndində yaşamışdır. Lakin iş olmadığı üçün Bakı şəhərinə gəlmiş və Bakı şəhərində daimi yaşamaq üçün torpaq sahəsi almaq məqsəd ilə əvvəlcədən tanışı Samir Məmmədov adlı şəxslə ətraflı danışıb söhbətləşmişdir. O zaman Samir iddiaçıya bildirmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyətində onun yaxın tanışı vardır və ona görə iddiaçının alacağı torpaq sahəsində ev tikməyinə kömək edə bilər. Belə ki, tanışı vasitəsi ilə İcra Hakimiyyətindən razılıq ala bilər. Həmin vaxtı Samir bildirmişdir ki, evin tikilməsi, qeydiyyatı , tikiləcək evə ünvan verilməsi, kommunal xətlərini qaz, su ,işıq sayğaclarının təmini üçün ümumilikdə 3000 (üç min) manat təşkil edir. Onların ilkin görüşlərindən bir neçə gün sonra Samir iddiaçıya zəng edərək təcili görüşməklərini tələb etmişdir. Ona görə də iddiaçı Samir deyən yerə gəlmiş və onlar bir neçə dəqiqə görüşdükdən sonra, birlikdə Şəfa stadionun yanına getməyi bildirmişdir. Ona görə onlar birlikdə “Şəfa” stadionun yanına gəlmişlər və Samir iddiaçı orada tanımadığı 35-40 yaşında olan adamla tanış etmişdir. O zaman iddiaçıya bildirmişdir ki, həmin şəxs Oteldə administr işləyir və Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil müəllimlə yaxın əlaqələri vardır . İlkin olaraq evinin tikilməsi üçün 500 manat verilməsini bildirmişdir. Həmin vaxtı iddiaçı heç bir şübhələnmədən 500 manat pulu çıxarıb Samirə vermişdir. Təxminən 10 gündən sonra iddiaçı Samirə telefonla zəng edərək işlərin necə getdiyini soruşmuşdur və onlar danışaraq “Koroğlu” metro stansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxtı Samir əvvəllər tanımadığı şəxs-Elmir adlı şəxslə iddiaçını tanış etmiş və bildirmişdir ki, iddiaçının evinin tikilməsi üçün Elmirin bilavasitə İcra hakimiyyəti ilə əlaqəsi vardır. Ona görə onlar birlikdə (iddiaçı, Samir, Elmir) iddiaçı tikəcəyi yerə -Zabrat qəsəbəsindəki torpaq sahəsinə gəlmişlər. Elmir iddiaçının torpaq sahəsini və torpaq sahəsində tikiləcək evin yerini telefona çəkmişdir. Onlar iddiaçıya evin tikilməsinə icazənin bir neçə günə həll olunacağını bildirmişdir. Onlar avtomaşınla qayıdanda Samir bildirmişdir ki , evin tikilməsi üçün dövlət rüsumu 2500 manat pul lazımdır. O zaman iddiaçı tərəddüd içində qalmışdır və Samirdən evin tikilməsində problem olub olmayacağını soruşduqda, Samir heç bir narahatçılığın olmayacağını bildirmişdir. Ona görə iddiaçı cibində saxladığı 2300 manat pulu Samirə vermişdir. İddiaçı Samirin sözlərinə inanmış və hesab etmişdir ki, pulu verəndən sonra heç bir problemi olmayacaqdır. Bir neçə gündən sonra iddiaçı evin tikilməsi üçün qayınatasının adına 10.000 manat pul götürmüş və torpaq sahəsində evin tikilməsinə başlamışdır və bir neçə gündən sonra evin tikintisini başa çatdırılmağı ərəfəsində Sabunçu rayon İcra Hakimyyətini nümayəndələri gələrək tikdiyi evi tamamilə sökdürmüşdülər və həyətdə olan tikinti materiallarını zay etmişlər. Həmin vaxtı iddiaçı Samirə zəng edərək İcra Hakimiyyətinin nümayəndələrinin evini sökdüklərini bildirmişdir. Samir isə telefonda iddiaçıya bildirmişdir ki , “qoy görüm nə edə bilərəm”. O zaman iddiaçı başa düşmüşdür ki, Samir həm “Şəfa” stadiaonun yanında , həmdə “Koroğlu” metrostansiyasının yaxınlığında iddiaçını tanış etdiyi Elmir adlı şəxslə əlbir olaraq iddiaçını aldatmışlar. Ona görə də Samirin iddiaçını aldatması nəticəsində iddiaçı ümumilikdə 10.000 manatdan çox ziyana düşmüşdür. Həmin məbləğin 2800 manat pulu, bilavasitə Samirə vermişdir və digər məbləğ isə iddiaçı tikinti materialları almağa və usta puluna sərf etmişdir. Ona görə iddiaçı ev tikmək üçün ona vurulmuş ziyanı qaytarılmasını Samirdən tələb etdikdə, Samir iddiaçıdan aldığı pulu qaytaracağına söz versə də, lakin materilların pulunun Samirə aid olmadığını bildirmişdir. Buna baxmayaraq Samir bu vaxta kimi nə iddiaçının ona verdiyi 2800 manat pulu qaytarmamış, nə də iddiaçıya vurulmuş ziyanın ödənilməsini təmin etməmişdir. Samir Məmmədovdan pulun alınıb qaytarılması üçün Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli 49-4/2-7-11619 saylı məktubunda bildirmişdir ki, “bildiririk ki, ərizənizdə göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir”. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, kirayə qaldığından özü və ailəsi üçün ev tikmək məqsədilə qayınatasının adına 10000 manat kredit götürmüşdür. Pulu kimə nə qədər verməyi ilə bağlı hazırda sübutu yoxdur. Ödənişlər verilərkən sübut olaraq çəkilişlər mövcud olmuşdur lakin uzun müddət keçdiyindən və Samir və digərləri onu pulun qaytarılacağına əmin etdiklərindən iddiaçı sübutların qorunub saxlanmasına əhəmiyyət verməmiş, iddiaçının telefonunun təmiri zamanı həmin sübutlar silinmişdir. İddiaçı ötən məhkəmə iclasında cavabdehin etirafı ilə bağlı bildirmişdir ki, cavabdehə 2800 manat cəm halda verilmişdir və həmin pulun cəm halda da qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 118 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəmiş, Cavabdeh evin tikintisinə icazənin alınması üçün onu Elmir adlı şəxslə tanış etmiş və onlar iddiaçıya evin tikilməsinə icazənin bir neçə günə həll olunacağını bildirmişlər. Bundan sonra iddiaçı Samirə ümumilikdə 2800 manat məbləğində vəsait vermiş. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh də öz izahatında iddiaçıdan 2800 manat məbləğində vəsaiti götürdüyünü etiraf etmişdir və Elmir adlı şəxsə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri ilə iddiaçıya ziyan dəymiş, habelə o, əsassız olaraq varlanmışdır. Belə ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilib-törədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə verdiyi izahatında 2800 manat məbləğində pulu iddiaçıdan aldığını və elə həmin məbləğdə pulu Elmir adlı şəxsə verdiyini bildirsə də, o, həqiqətən 2800 manat məbləğində pulun başqa şəxsə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər və təkzib olunmaz sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Samir Mahmuov hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etməklə əsassız varlanmış, belə varlanmaya qanuni əsas və müqavilə əsası olmamışdır. Məhkəmə iddianın “tikinti materiallarına və ustalara verilmiş 7000 manat məbləğində pulun cavabdehdən alınması ilə bağlı” hissəni araşdıraraq qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, AR Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirmişdir. İddiaçı isə istinad etdiyi bu halı hər hansı bir mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 118 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 118 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 118 (yüz on səkkiz manat) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-1828/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1828/2025
21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver