Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1852/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhiyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, LPO Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmetini təşkil edən Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 268 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə iddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 7465 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətərin Sığortalanması Fonduna Olan Borcun Cavabdeh2 öz hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma qarşı pulun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, ipoteka predmetlərinin boşaldılması və sair tələblərlə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)- 1422/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 7465 nömrəli kredit müqaviləsi üzrə 7495,32 manat məbləğində əsas, əsas borca hesablanmış 97,41 manat 41 qəpik məbləğində faiz borcu, həmçinin 26 manat dövlət rüsumunun əvəzinin alınaraq ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərir sığortalanması Fonduna ödənilməsi, tutmanın ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə, ipoteka predimeti olan Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 0,13 ha torpaq sahəsi ilə birlikdə 268 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan puldan Cavabdeh2 borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qızma verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir, İddiaçı xx xxxxxxx 2008 ci il tarixindən mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daimi pasport qeydiyyatına düşməklə, orada yaşayır, belə ki, Cavabdeh1, İddiaçı qaynı, Cavabdeh2 isə qaynı arvadıeltisidir, İddiaçı xx xxxxxxx 2008 ci il tarixdə Cavabdeh1 qardaşı, mərhum X5 ilə rəsmi olaraq nikaha daxil olmuş və bu barədə Ağcabədi rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 2008-ci il tarixində 282 nömrə ilə qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra Yasəmən Hüseynov gəlin kimi mübahisə predmetini təşkil edən qayınatası X3 məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür, birgə nikah dövründə xx.xx.2010-ci ildə X8 adlı uşaqları doğulmuşdur, birgə nikahdan doğulmuş uşaqları da mübahisə predmetini təşkil edən ünvan 3 ünvanında anasıilə birlikdə yaşamaqla, daimi pasport qeydiyyatındadır, iddiaçının həyat yoldaşı X5 xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası, Tumen vilayətinin Tumen şəhərində vəfat etmişdir, lakin həyat yoldaşımın ölümündən əvvəl və ondan sonra da, iddiaçı qız övladıyla birgə həmin yaşayış evində qeydiyyatda olmaqla yaşayır, qeyd olunmalıdır ki, 2015-ci il tarixdə İddiaçı həyat yoldaşı Müşfiq Hüseynovla, qayınatası mərhum Vaqif Hüseynov arasında mübahisəli yaşayış evi ilə əlaqədar problem yaranmış və məsələ Ağcabədi Rayon Məhkəməsində mübahisələndirilmişdir, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(017)- 136/2016 saylı qətnaməsilə ünvan 4 ünvanda yerləşən 0,13 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində həyətyanı torpaq sahəsinə və evə olan giriş-çıxış qapılarından, yaşayış evinin qarşı və yan tərəfindən həyətyanı torpaq sahəsinin 0,05 ha hissəsindən, həyətdə olan ”B” tikilisindən, həmin fərdi yaşayış evinin “A” tikilisində-sahəsi 12,9 kv.m. olan mətbəx, sahəsi 28,7 kv.m. olan yaşayış otağı, sahəsi 44,8 kv.m. olan zalın 26,6 kv.m sahəsindən cavabdeh X1 və onun ailə üzvlərinin həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsindən, sahəsi 10,9, 12,6, 16,2 və zalın qalan 18.2 kv.metr hissəsindən isə iddiaçı X2 və ailə üzvlərinin istifadə qaydaları müəyyən edilməsi qət edilmişdir, buna baxmayaraq cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 cavabdeh göstərməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı və onun övladının həmin evdə qeydiyyatda olmasını gizlətmiş, daha əvvəl götürülmüş kredit zamanı istifadə olunmuş forma 2 saylı arayışdan istifadə etməklə reditin verilməsinə və mübahisə predmetini təşkil edən yaşayış evinin ipoteka ilə yüklü edilməsinə nail olmuşdur, mübahisə predmetini təşkil edən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi qanunvericiliyin tələbləri pozulmaqla ipoteka ilə yüklü edilmişdir və bu səbəbdən də ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 7465 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilməli, ləğv prosesində olan Cavabdeh3 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc Cavabdeh2 öz hesabına ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı onun kiçik qardaşının arvadıdır, onun pula ehtiyacı olduğu üçün bankdan kredit götürmüşdür, o, bankdan müxtəlif vaxtlarda iki dəfə kredit götürmək məqsədi ilə banka müraciət etmiş və kredit götürmüşdür, kredit götürərəkən iddiaçının yaşadığı atasına məxsus ev ipoteka ilə yüklü edilərək götürülmüş kreditin təminatı olaraq müəyyən edilmişdir, onun övladı, sonrasında qardaşı Tümendə dünyasını dəyişmişdir, bundan sonra onların vəziyyəti pisləşmiş, bunun nəticəsində bütün əmlaklarını sataraq dəfn xərclərinə istifadə etmişlər, həmin evdə iddiaçı tək yaşayır, həmin mənzilin istifadə qaydaları məhkəmə tərəfindən müəyyən olunmuşdur, həmin yaşayış evinin satılmasını o da, qəbul etmir, məhkəmə tərəfindən borca görə qət edilmiş pul məbləğini hissə-hissə ödyərək bağlamaq niyyətindədir, kredit və ipoteka müqavilələri bağlanarkən hər hansı aldatma və yanılma ilə bağlı hallar baş verməmişdir, həmin mənzilin ipoteka ilə yüklü edilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır. Sonda, Cavabdeh1 qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh3 ASC-yə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş, AZ-İİ seriyalı, 114325 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində Ağcabədi rayonunda ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 638 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra hakimiyyətinin başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 912 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağcabədi şəhər E.Sadıqov küçəsi, 220 saylı evdə yaşayır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1422/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 7465 saylı kredit müqaviləsi üzrə 7495.32 manat əsas, əsas borca hesablanmış 97.41 manat faiz borcu, həmçinin 26 manat dövlət rüsumunun əvəzi alınaraq LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutma ilkin satış qiyməti 45000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 0.13 ha torpaq sahəsi ilə birlikdə 268 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan puldan Cavabdeh2 borcunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarında olan X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi tam pay mülkiyyət hüququ üzrə X3 məxsusdur. İş materiallarında olan Cavabdeh2 ilə “Cavabdeh3№ ASC arasında bağlanmış 7465 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank Cavabdeh2 illik 12 faiz olmaq, 36 ay müddətinə 10000 manat kredit verilmiş, kreditin təminatı kimi fərdi yaşayış evi müəyyən olunmuşdur. İş materiallarında olan X2 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh1 ilə “Cavabdeh3№ ASC arasında bağlanmış 7465 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə “Cavabdeh3№ ASC arasında bağlanmış 7465 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi sonrakı ipoteka qoyan X3 məxsus olan Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 268 ünvanında fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yükləməyi müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-136/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 0.13 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən: - həyətyanı torpaq sahəsinə və evə olan giriş-çıxış qapılarından, yaşayış evinin qarşı və yan tərəfindən həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsindən, həyətdə olan “B” tikilisindən, həmin fərdi yaşayəş evinin “A” tikilisində- sahəsi 12.9 kv.m olan mətbəx, sahəsi 28,7 kv.m. olan yaşayış otağı, sahəsi 44,8 kv.m. olan zalın 26,6 kv.m sahəsindən cavabdeh X1 və onun ailə üzvlərinin həyətyanı torpaq sahəsinin 0,08 ha hissəsindən, sahəsi 10,9, 12,6, 16,2 və zalın qalan 18.2 kv.metr hissəsindən isə iddiaçı X2 və ailə üzvlərinin istifadə qaydaları müəyyən edilmiş, X2 ünvan 7 ünvanda yerləşən 0.13 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən sərbəst istifadə etməsinə cavabdeh X5 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və Vaqif Hüseynov həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında llik 12 faiz olmaq, 36 ay müddətinə 10000 manat kredit verilməsi və kreditin təminatı kimi fərdi yaşayış evi müəyyən olunması barədə kredit müqaviləsi bağlamışlar, həmin tarixdə X2 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, sonuncu müqaviləyə əsasən Cavabdeh2 ilə “Cavabdeh3№ ASC arasında bağlanmış 7465 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi sonrakı ipoteka qoyan X3 məxsus olan Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 268 ünvanında fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsinin predmeti olan mənzil tam pay mülkiyyət hüququ üzrə X3 məxsusdur, V.H.Hüseynov xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür, iddiaçı hal-hazırda həmin mübahisəli mənzildə yaşayır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə Cavabdeh2 borc məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən 0.13 ha torpaq sahəsi ilə birlikdə 268 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan puldan Cavabdeh2 borcunun ödənilməsi qət edilmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, bu, əvvəla, İddiaçı mübahisələndirilən müqavilənin tərəfi deyildir, çünki həmin müqavilələr müvafiq olaraq LPO Cavabdeh3 ASC-ilə cavabdehlər və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın mülkiyyətçisi X6 arasında bağlanmışdır, bununla yanaşı iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür, halbuki əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur, belə ki, həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir, digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir, göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Göstərilənlərə əsasən, İddiaçı etibarsızlığı barədə məhkəməyə müraciət edilmiş müqavilələrdə tərəf olmadığından iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. İkincisi, ipoteka müqaviləsi fərdi yaşayış evinin mülkiyyətçisi ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında bağlanmışdır ki, bu müqavilənin də etibarsızlığı iddiaçı və mənzildən istifadə hüququna malik şəxslərin razılığının alınmaması ilə əlaqələndirilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarının mənası ondan ibarətdir ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o cümlədən mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyri-qanuni məhdudlaşdırılmasın. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ” Beləliklə, məhkəmə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və LPO Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı "mübahisə predmetini təşkil edən Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 268 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə iddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 7465 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətərin Sığortalanması Fonduna Olan Borcun Cavabdeh2 öz hesabına ödənilməsi " barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və LPO Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı "mübahisə predmetini təşkil edən Ağcabədi şəhəri, E.Sadıqov küçəsi 268 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə iddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 7465 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətərin Sığortalanması Fonduna Olan Borcun Cavabdeh2 öz hesabına ödənilməsi " barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1852/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1852/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver