Məhkəmə qərarları › İş №2(011)-1900/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1900/2022

29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1900/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehdən onun xeyrinə 9000 manat qaytarılmayan borc, 900 manat borcu gecikdirməyə görə faiz, 5000 manat mənəvi ziyana görə və 135 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 14 635 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər qonşudurlar. Cavabdeh əvvəllər polis orqanlarında işləmiş, hazırda təqaüdçüdür. İddiaçı onun polis orqanlarında işlədiyinə görə hazırda da əlaqələrinin olduğunu güman edərək qızının DİN-nin 102 Xidmətində işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, cavabdeh bir neçə gündən sonra X6 işləyən bir tanışının vasitəsilə 12000 manata qızının 102 Xidmətində işə düzəlməsinin mümkün olduğunu bildirdikdən sonra, iddiaçı həmin pul vəsaitini cavabdehə vermiş, sonuncu isə onu Teymur Teymurov adlı şəxsə vermişdir. Daha sonra Teymur Teymurov AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli 1(011)- 115/2021 saylı hökmü ilə barəsində ittiham hökmü çıxmışdır. Teymur Teymurova həm cavabdeh həm də digər şəxslərlə bərabər iddiaçının da 12000 manat pulunu ələ keçirməsi epizodu ilə bağlı ittiham irəli sürülmüş, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin məhkəmə baxışında Teymur Teymurova qarşı tələbinin olmadığını bildirmişdir. Göstərilən pul vəsaitinin 3000 manat hissəsi sonradan iddiaçıya qayatrılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yaşadığı qəsəbədə yaxınlıqda yaşayan cavabdehlə qonşuluq münasibətində olmuşdur. Cavabdeh hal-hazırda təqaüddə olsa da uzun müddət polis orqanlarında xidmət etdiyi ona məlum olmuşdur. Günlərin birində söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, müxtəlif dövlət strukturlarında sözü keçən tanışları var ki, lazım gələndə müəyyən problemlərin həlli üçün həmin şəxslərdən istifadə etmək olar. Onunla birlikdə və onun himayəsində yaşayan qızı Gültac ali təhsilli mütəxəssis olsa da, neçə illərdir işsizdir. Qızının işsiz olduğunu bildirəndə cavabdeh ona demişdir ki, X6 işləyən bir tanışı var və müəyyən haqq müqabilində uşağı işə düzəldə bilərlər. O, qızının DİN-in 102 xidmətində işləmək istədiyini bildirdmişdir. Cavabdeh tanışı ilə söhbət edəcəyini və cavabını yaxın zamanda ona bildirəcəyini demişdir. O, cavabdehin uzun müddət polisdə xidmət etdiyi üçün sözünə dürüst bir şəxs olduğuna inanıb onun vasitəçiliyi ilə qızını işə düzəltmək qərarına gəlmişdir. Növbəti görüşdə cavabdeh bildirmişdir ki, DİN-in 102 xidmətinə işə düzəlmək üçün 12 000 manat pul tələb olunur. Bu pulu adını ona söyləmədiyi tanışı Heydər Əliyev fonduna köçürdükdən sonra qızını 102 xidmətinə işə qəbul edəcəklər. Cavabdehin bu sözlərinə inanmış və tələb olunan məbləği düzəltmək üçün "xxxx" ASC-dən müəyyən məbləğdə kredit götürmüşdür. 2019-cu ilin aprel ayında 12000 manat pulu şəxsən cavabdehə vermişdir. Cavabdeh pulu ondan qəbul etmiş və bildirmişdir ki, ondan cavab gözləsin. Üstündən uzun müddət keməsinə baxmayaraq qızının iş görüşməsinə dəvət olunmadığını cavabdehə bildirmiş, sonuncu onu sakitləşdirərək narahat olmamasını və pulu lazımı şəxsə çatdırdığnı hər şeyin yaxşı olacağını bildirmişdir. 2020-ci ilin iyun ayının sonunda təkrarən cavabdehdən məsələ ilə maraqlananda ona bildirmişdir ki, pulu verdiyi adam onu aldadıb və o həmin şəxs barəsində Xətai rayon Polis İdarəsinə şikayət edib və sonuncunun barəsində cinayət işi açılıb. O da Xətai Rayon Polis İdarəsinə gedərək ifadə vermiş və zərərçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. İstintaq zamanı ona bildirilmişdir ki, cavabdeh ondan aldığı pulu Teymurov Teymur adlı şəxsə verib və o da həmin pulları mənimsəyib. Bu səbəbdən də ona qarşı dələduzluq maddəsi ilə ittiham elan olunub. İstintaqın gedişi zamanı təxminən yanvar ayının əvvəllərində cavabdeh ona 3000 manat pul qaytarmış və demişdir ki, pulu ona Teymur verib, tutulmaq istəmir və yaxın vaxtlarda da qalan məbləği də qaytaracaq. Lakin müddət keçsə də, ona heç bir məbləğ qaytarılmamışdır. Cinayət işi baxılması üçün cari ilin fevral ayında məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı təsirləndirilən şəxs Temur Teymurov cavabdehin ittihamlarının heç bir hüquqi əsası olmadığını, ondan hər hansı bir məbləği, o cümlədən qızı Gültacı işə düzəltmək adı ilə 12000 manatı almadığını bildirmişdir. Cavabdeh isə ondan aldığı məbləği Teymur Teymurova verdiyini sübuta yetirə bilməmişdir. Cavabdeh 26.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə mülki iddia təqdim edərək, təqsirləndirilən şəxs Teymur Teymurovdan ona dəymiş zərərə görə 56500 manat məbləğin onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Teymur Teymurovun cinayətkar əməlləri nəticəsində ona 56500 manat məbləğində ziyan dəymişdir. Güya o iş üzrə zərərçəkənlərdən aldıqları borcların hamısını, o cümlədən iddiaçıdan aldığı 12 000 manatın hamısını qaytarmışdır. Deyilənlər ona münasibətdə həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı da cavabdehin ondan aldığı 12000 min manatı Teymur Teymurova verməsi epizodu da öz təsdiqini tapmamışdır. Məhz bu səbəbdən də cinayət işi ilə təqsirləndirilən şəxs X5 barəsində çıxarılmış Bakı şəhər Xətai rayon məhkəməsinin 03.12.2021-ci il tarixli № 1(011)-115/2021 saylı hökmü ilə o T.Teymurovun cinayətkar əməllərindən zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdeh istər yuxarıda göstərilən cinayət işinin istintaqı zamanı, istərsə də məhkəmə istintaqı zamanı və eləcə də məhkəməyə təqdim etdiyi mülki iddiada ondan 12 000 manat pulu aldığını etiraf etmişdir və həmin puldan dediyi kimi 3000 manat qaytarmışdır. Cavabdehin hüquqazidd əməlləri nəticəsində ona 9000 manat ziyan dəymişdir. Bankdan götürdüyü krediti vaxtında qaytara bilmədiyi üçün əlavə 2000-3000 manat faiz ödəməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, o, Teymur adlı şəxsi tanımır, ona pul verməyib, cavabdeh istintaq gedən zaman pulu aldığını etiraf edib. Ona görə də hazırki tələblə cavabdehə qarşı iddia irəli sürüb. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı 9000 manat pulu ondan tələb edə bilməz çünki, pul onda deyil, Teymurdadır. Cinayət işinin gedişində də iddiaçı son ana qədər dedi ki həmin pulu ondan istəyəcək. Ancaq bu düzgün deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər –digər şəxslərin hərəkəti, yaxud hərəkətsizliyi nəticəsində zərərin vurulması) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma, yaxud özgə işlərini tapşırıqsız aparma) bölünür. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı qızının işə düzəlməsi üçün cavabdehə verdiyi pulu ondan geri tələb edir. Həmin pul vəsaitinin verilməsi ilə bağlı nə tərəflər arasında hər hansı bir müqavilə bağlanmamış, nə də əsassız varlanma ilə bağlı öhdəlik münasibəti yaranmamışdır. İddiaçının iddia tələbi digər şəxlərin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin qaytarılması ilə bağlıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Həmçinin, qanunla konkret müəyyən edilmişdir ki, zərər yalnız onu vuran şəxsdən, yəni zərərin vurulmasında təqsirli olan şəxsdən tələb edilməlidir. İddiaçı pulun qaytarılmaması formasında zərərin ona cavabdeh tərəfindən vurulmasını iddia edir. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı pulu qızının işə düzəlməsi məqsədilə başqa bir şəxsə (Teymur Teymurova) çatdırmaq üçün cavabdehə vermişdir. Sonradan ona da bəlli olmuşdur ki, həmin pul cavabdeh tərəfindən X1 verilmiş, Teymur Teymurov isə digər şəxslərlə bərabər iddiaçının da pulunu mənimsədiyi üçün onun barəsində cinayət işi başlanmış və o, Bakı şəhər Xətai rayon Məhkəməsinin 1(011)- 115/2021 saylı, 03.12.2021-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə də təsdiq edilir ki, iddiaçı qızının işə düzəlməsi məqsədilə cavabdehə verdiyi 12000 manat pulu sonuncu Teymur Teymurova vermişdir. Göründüyü kimi, iddiaçıya maddi zərəri vurmuş şəxs cavabdeh deyil, X2r. Teymur Teymurovun iddiaçıya maddi zərər vurulması ilə bağlı hərəkətinin qanunazidd olması, həmin zərərin vurulmasında onun təqsirli olması və Teymur Teymurovun iddiaçıya zərər vurmasına səbəb olan əməli ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdqini tapmışdır. Hətta, iddiaçı Teymur Teymurovun barəsində aparılan cinayət işi üzrə (qızının işə düzəlməsi məqsədilə iddiaçının cavabdehin vasitəsilə verdiyi 12000 manat pula dair epizod üzrə) zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki Məcəllənin əvvəldə də qeyd edilən 1097.1-ci maddəsi də tələb edir ki, mülki hüquq pozuntusu nəticəsində zərər onu vurmuş şəxsdən tələb edilməlidir. İddiaçıya maddi zərəri Teymur Teymurovun vurması ilə bağlı cinayət hadisəsinin olması isə qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli hökmündə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, Teymur Teymurov iddiaçının 9000 manatdan ibarət pul vəsaitini (əvvəl 12000 manat pul vəsaiti ələ keçirilsə də, sonradan 3000 manat hisssəsi qaytarılmışdır) dələduzluq yolu ilə ələ keçiriməklə ona maddi zərər vurduğundan, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı deyil. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar