Məhkəmə qərarları › İş №2(011)-193/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-193/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-193/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “borcun tutulması və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi üçün 5.400 manat və həmin borcun gecikdirilməsinə görə hesablanmış 3.000 manat məbləğində pulun, mənəvi ziyana görə 10.000 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin atası X7 xx xxxxx 2018-ci il tarixdə yazılı iltizam əsasında İddiaçı iki il müddətinə qaytarmaq şərti ilə 30.000 manat məbləğində pulu öz müalicəsi və Binədə tikdirdiyi evi başa çatdırmaq məqsədi ilə borca götürmüşdür. Həmin iltizam X3 öz əlyazısı ilə yazılmış, imzalanmış və şahidlər X9, X2, X11 və həmçinin X3 özü tərəfindən imzalanmış və borcun alınması şahidlərin iştirakı ilə təsdiq edilmişdir. Lakin cavabdehin atası X7 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş və ondan qalan miras əmlaklar, həmçinin borcun ödənilməsi öhdəlikləri Cavabdeh tərəfindən qəbul edilmişdir. Digər vərəsələr, yəni cavabdehin bacısı və qardaşı, həmçinin anası mirasdan Cavabdeh xeyrinə imtina etmişlər. Cavabdeh yeganə hüquqi varis və qanuni vərəsə kimi tanınmış, Notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinə əsasən X3 hüquqi varisi Cavabdehdur və o, miras əmlakları, həmçinin borcun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsində Elnar Abasov yeganə vərəsə olduğunu etiraf etmiş və atası X3 mirasını və həmçinin borc ödəmək öhdəliklərini öz üzərinə götürdüyünü etiraf etmişdir. Odur ki, İddiaçı hal-hazırda Cavabdeh qarşı iddia qaldıraraq borcunu ondan tələb edir. X4, nə də Cavabdeh həmin borc məbləğinin heç bir hissəsini bu günədək qaytarmamışlar. Bununla da iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdehin hüquqi sələfi və atası iddiaçını aldatmış, onun əmlakını, pulunu almış və mənimsəmişdir. İddiaçı cavabdehdən pulunu dəfələrlə tələb etmiş, cavabdeh pulu ödəməkdən yayınmış, pulu bu günədək qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Əgər cavabdeh iddiaçının pulunu özündə saxlamayıb qaytarsaydı iddiaçı həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. Ona görə də borc ödənilmədiyi üçün cavabdehdən illik 9 faiz bank uçot dərəcəsi ilə 5.400 manat da tutularaq əldən çıxmış fayda kimi iddiaçıya ödənilməlidir. Cavabdeh iddiaçının pulunu qaytarmamaqla və onu hər dəfə aldatmaqla iddiaçının əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur və iddiaçıya mənəvi zərər vurulmuşdur. Daha sonra Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, iş üzrə iddiaçı əsl iddiaçı olan X10 ilə əvəz edilmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 30.000 manat məbləğində əsas borcun alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2018-ci il tarixli iltizamdan görünür ki, cavabdehin atası X7 iddiaçıdan iki il müddətinə qaytarmaq şərti ilə 30.000 manat məbləğində borc aldığını yazmış və imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli iltizamı yazılı borc müqaviləsi kimi nəzərdə tutaraq onu sübut qismində məhkəməyə təqdim etmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Sözügedən iltizamda olan yazıların və imzanın həqiqətən də cavabdehin atası X5 aid olmasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən, xx xxxxx 2018-ci il tarixli iltizamdakı yazıların X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfin sübut kimi təqdim etdiyi iltizama qiymət verərək hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə iltizamdakı yazıların X5 aid olmadığı müəyyən edildiyindən, eyni zamanda istinad edilən iltizam üzrə qeyd edilən məlumatların və yazıların həqiqətən də cavabdehin atası X5 məxsus olması işin hər hansı digər halları ilə müəyyən edilmədiyindən qeyd edilən iltizam məhkəmə tərəfindən sübut olaraq qəbul edilməmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdehin atasının öhdəliyini icra etməməsini, icra etməməsinin səbəblərini, yəni cavabdehin atasının qərəzli olaraq öhdəliyi gec icra edərək öhdəliyin icrasından yayınması və təqsirli olaraq hərəkət (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin bank uçot dərəcəsi üçün 5.400 manat və həmin borcun gecikdirilməsinə görə hesablanmış 3.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin əsas borcla bağlı olan hissəsini rədd etdiyindən, tələbin bu hissəsi isə əsas borcun ödənilməsinin gecikdirildiyinə əsasən tələb edildiyindən 5.400 manat və 3.000 manatla bağlı tələb də əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: X1 cavabdehdən 30.000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi üçün 5.400 manat və həmin borcun gecikdirilməsinə görə hesablanmış 3.000 manat məbləğində pulun, mənəvi ziyana görə 10.000 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar