Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1995/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanımış 28.11.2020-ci il tarixli100132 saylı “Təmir-tikinti işlərinə dair Podrat Müqaviləsi”ni ləğv edərək, həmin müqavilə üzrə cavabdehə ödənilmiş 6120 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı Bəhəddin oğluna ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28.11.2020-ci il tarixdə 100132 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı (cavabdeh) sifarişçiyə (iddiaçıya) məxsus ünvan 1 ünvanında yerləşən 42 saylı evin 2 otaqlı mənzilində təmir-tikinti işləri aparmağı öz öhdəsinə götürmüşdür. Tərəflər arasında təmir-tikinti işlərinin dəyəri 12240 manat razılaşdırılmış və İddiaçı müqaviləyə əsasən həmin məbləğin 50 faizini, yəni 6120 manat məbləğində pulu nağd şəkildə ödəmişdir. Yerdə qalan ödəniş qaydaları müqavilənin 2.2.-ci maddəsi ilə tənzimlənir. Lakin, müqavilə bağlanan vaxtdan 2-3 at müddətin keçməsinə baxmayaraq qeyd olunan mənzildə təmirtikinti işlərinə başlanılmamışdır. Təmir-tikinti işlərinin aparılması ilə bağlı məlumat almaq istəyərkən, cavabdeh cəmi 1 dəfə telefon zəngi vasitəsi ilə bildirmişdir ki, hazırda şəxsi problemləri var və tez zamanda müqavilənin icrasında başlayacaqlar. Bu səbəblə də , iddiaçı müqaviləni ləğv etmək qərarına gəlmişdir. Cavabdehə 25.12.2020-ci il tarixdə “müqavilənin ləğv edilməsinə dair” Təklif göndərilmiş və 1 həftə müddətində cavabın verilməsi xahiş edilmiş, lakin, zərf ünvanda heç kim yaşamır qeydi ilə geri qaytarılmışdır. Bundan sonra təkrar olaraq 28.12.2020-ci il tarixdə təkrar pretenziya göndərilmiş, lakin, cavabdeh bu məktubu da almaqdan yayınmışdır. Yuxarı qeyd edilənləri nəzərə alaraq, iddiaçı cavabdehlə arasında bağlanılmış müqavilənin ləğv edilməsi, ödənilmiş pulların geri ödənilməsi tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 6120 manat məbləğində geri ödənilməsinə razıdır. O, pulun ödənilməsi üçün ona vaxtın verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 28.11.2020-ci il tarixli 100132 nömrəli “Podrat Müqaviləsi” nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı aşağıda göstərilən qaydada razılaşmışdırlar: - Podratçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi, Sifarişçi isə İşlərin bu Müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilə üzrə göstərilən işlərin təsviri, dəyəri və digər vacib şərtləri Müqavilənin Əlavəsində öz əksini tapır; - Bu Müqavilənin ümumi məbləği bütün vergilər daxil olmaqla 12240 manat təşkil edir; - Podratçı işə başlamaq üçün sifarişçi ümumi məbləğin 50 faiz yəni 6120 manatı, tikinti (bölgü, hörgü), tavan, elektrik və su xətlərin çəkilişi və suvaq işləri bitkindəkn sonra ümumi məbləğin 20 faiz, yəni 2448 manatı, üzlənmə, boyama, divar kağızı, kafel, metlaq, və sairə), elektrik açarlarının və yuxalarının qurulması, sanıtar qovşağının tam hazırlanması bitdikdən sonra ümumi məbləğin 20 faizi, yəni 2448 manatı, döşəmə, qapı quraşdırma və 1 saylı əlavədə göstərilmiş bütün aksesuarların yerləşdirilməsindən və təhvilindən sonra ümumi məbləğin 10 faizi, yəni 1224 manatı ödəməlidir; - Podratçı podratçı qüsurlu işlər təhvil verdikdə və Sifarişçinin tələblərinə tam uyğun gəlməyən İş(lər)i təhvil verdikdə (qüsurları aradan qaldrımaq mümkün olmayan hallara şamil olunur), 1 saylı Əlavədə qeyd olunmuş İş(lər)in təhvil verilmə müddətini gecikdirdiyi halda, icra olunmuş işlərdə qüsur, nöqsan və ya çatışmamazlıqlar aşkar olunduqda, sifarişçinin tələbi ilə Podratçı əlavə icradan imtina etdikdə və ya əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsuru tamamilə aradan qaldıra bilmədikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda, sifarişçinin bu müqaviləyə birtərəfli qaydada xitam vermək və razılaşdırılmış məbləği ödəməmək hüququ yaranır. Mülki iş materiallarında olan İddiaçı Cavabdeh MMC ünvanlandığı 25.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı cavabdehə 28.11.2020-ci il tarixli. 100132 saylı müqaviləni ləğv edilməsi və müqavilə üzrə ödənilmiş 6120 manat məbləğində ödənişi 01.01.2021-ci il tarixədək geri qaytarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan, Cavabdeh MMC tərəfindən təqdim edilmiş 28.11.2020ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı “xxxx” MMC-yə 1000 manat məbləğində ödəniş etmişdir. Mülki iş materiallarında olan “xxxx” ASC-nin 01 nömrəli, 04.12.2020-ci il tarixli Qəbzin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 5120 manat məbləğində ödəniş etmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 28.11.2020-ci il tarixli 100132 nömrəli “Podrat Müqaviləsi” imzalanmışdır. Müqaviləyə əsasən podratçı Cavabdeh MMC iddiaçıya məxsus mənzildə təmir işlərini görməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 6120 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh həmin pulları aldığı halda, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya məxsus mənzildə təmir işlərini müqavilə üzrə nəzərdə tutulan qaydada icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, tərəflər arasında imzalanmış podrat müqaviləsi ləğv edilməli, müqavilə üzrə ödənilmiş 6120 manat məbləğində pulu geri ödəməlidir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış 28.11.2020-ci il tarixli 100132 nömrəli Podrat Müqaviləsi ləğv edilsin. İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış 28.11.2020-ci il tarixli 100132 nömrəli Podrat Müqaviləsi üzrə ödənilmiş 6120 (altı min yüz iyirmi) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat "Cavabdeh" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1995/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1995/2021
30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver