Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2084/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ezamiyyət pulunun və son haqq-hesab verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-də mühəndis koordinator işlədiyi xx.xx.2023-xx.xx.2023-cü ilə qədər ezamiyyə pulunun, son haqq-hesab xx.xx.2023-cü il tarixə qədər, kirayə pulunu və aviabilet pulunu (cəmi:19.525,22 AZN) cavabdeh təşkilatdan birdəfəlik alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-cu ildə Cavabdeh ASC-də mühəndis koordinator vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə isə digər şirkətə keçmək üçün öz ərizəsi ilə işdən azad olmuşdur. Cavabdeh təşkilatda işlədiyi müddətdə 4 avqust 2023 - 17 sentyabr 2023 tarixlərində Gürcüstan Respublikasının Tiflis şəhərində ezam olmuşdur. Həmin adıçəkilən şəhərdə Saburtalo rayonunda, P.Kavtardze küç 24, 9 mərtəbəli yaşayış binasının tikintisi üçün ezam olmuşdur. Ezamiyyətə "xxxx" ASC sədri Pərviz Hacıyevlə birgə yollanmış və 2 gün sonra sədr Pərviz Hacıyev Azərbaycana qayıdıb, iddiaçı isə işinə dəvam etmişdir. Ezam olduğu zaman heç bir ödəniş almamış, ödəniş haqqında məlumat istədiyi zaman ona bildirib ki, ezam olduğu şəhərdən ödəniş alacaq. xx.xx.2023-cü il tarixində "xxxx" ASC baş idarəsindən, baş mühasib Azər Məmmədəliyev iddiaçı ilə əlaqə saxlayaraq, Gürcüstana getdiyi bir gün əvvəl üçün xx.xx.2023-cü il tarixinə məzuniyyət haqqında ərizə yazmasını tələb etmişdir. İddiaçı isə bildirmişdir ki, o, ezamiyyətdədir. Ona baxmayaraq israrla rəhbərliyin göstərişi olduğunu bildirmişdir. Daha sonra iddiaçı ilə insan resuslarının işçisi Gülnarə xanım whatsapp ilə əlaqə saxlamış və bildirmiş ki, ezamiyyəti ləğv olunub və onun yerinə mütləq məzuniyyət ərizəsi yazmalıdır.İddiaçı Gülnarə xanıma da bildirmişdir ki, o ezamiyyətdədir, nəcə ola bilər ki, ləğv olunsun? Cavab olaraq bildirib ki, müdriyyətin göstərişidir. Azər Məmmədəliyev xx.xx.2023 tarixində mütəmadi olaraq iddiaçı ilə whatsapp üzərindən əlaqə saxlayaraq, köhnə tarix ilə (xx.xx.2023) iddiaçıdan ərizə yazmasını tələb etmiş və bu gün ay sonu olduğu üçün təcili həll etməyini tapşırmışdır. Çoxsaylı zənglərdən sonra məcbur qalaraq atdıqları nümunəyə əsasən iddiaçı ərizə yazmış və şəklini çəkib whatsapp ilə göndərmişdir (sənədin əsli iddiaçıdadır). Bu yaranan problem ilə əlaqədər iddiaçı dəfələrlə rəhbərlik ilə əlaqə saxlamağa çalışmış, lakin nəticəsiz cavablar almışdır. Daha sonra sentyabr ayının əvvəli Gülnarə xanım onunla əlaqə saxlayaraq əlavə ödənişsiz məzuniyyət yazmasını tələb etmiş, lakin iddiaçı israrla yox cavabı verərək özü Bakı şəhərinə qayıdıb problemin nə olduğunu bilib, daha sonra lazım olarsa yazacağını bildirmişdir. 05 sentyabr 2023-cü il tarixində iddiaçı öz vəsaiti hesabına Bakı şəhərinə qayıtmaq üçün 13 sentyabr 2023-cü il tarixinə təyyarəyə bilet almışdır. Biletin qiyməti isə 190 euro olmuşdur. 08 Sentyabr 2023 il tarixində, "xxxx" ASC sədri Tiflis şəhərinə gələrək iddiaçının iştrakı ilə son dəfə iclas keçirmiş və daha sonra Bakı şəhərinə qayıtmasını tələb etmişdir. 11 Sentyabr 2023 il tarixində sədr Pərviz Hacıyev iddiaçı ilə whatsapp üzərindən əlaqə saxlayaraq aldığı bileti sentyabr ayının 17-nə dəyişməyini istəmiş və bildirmişdir ki, 13 Sentyabr 2023cü ildə Müşaidə Şurasının sədri X3 gəlir və onunla iş barəsində görüşməsini istəmişdir. Alınan avia biletlərin tarixlərinin dəyişdirilməsini iddiaçıdan tələb etdiyi zaman sədr Pərviz Hacıyeva iddiaçı bildirmişdir ki, onun artıq vəsaiti qalmadığından və borclar səbəbindən dəyişdirməyə imkanı yoxdur. Bundan sonra sədr Pərviz Hacıyevə aldığı biletlərin kopyasını göndərmiş və özləri tarixi dəyişərək, yenidən iddiaçıya göndərdimişlər. İddiaçı Gürcüstan Respublikasının Tiflis şəhərində 45 gün qalmışdır. xx.xx.2023-cü il tarixndə Azərbaycan Respublikası, Bakı şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC idarəsinə gedərək öz haqqını tələb etmiş və hansı səbəbdən ona 45 gün heç bir ödəniş etməmələrini soruşmuş, lakin həm sədr Pərviz Hacıyevdən, həmdə baş mühasib Azər Məmmədəliyevdən aldığı cavablar onu qane etməmişdir İlk başda söyləmişlər ki, narahat olmasın, bəs bütün alacaqlarını burada alacaq, daha sonra söhbətdən qaçaraq boş vədlər verdimişlər. Bununla paralel insan resuslarının mütəxəsissi Gülnarə xanım sentyabr ayı üçün ondan ödənişsiz məzuniyyət yazmağını tələb etmiş, halbuki, sentyabr ayının axrı idi və ona yenədə avqust ayı kimi keçmiş tarix üçün ərizə yazmağını tələb etmişlər. Lakin köhnə tarix üçün ərizə yazmadığı üçün onun işdən çıxmağı üçün ərizə yazmağa da imkan vermirdilər. İddiaçı da məcbur qalaraq, ehtiyyat etmiş ki, əmək kitabçasını digər düzgün olmayan maddələr ləkələyə bilərlər, ödənişsiz ərizə yazmış, sentyabr ayı üçün ama keçmiş tarix ilə və nəhayət işdən çıxması barədə ərizəsini 6 oktyabr 2023-cü ildə qəbul etmişlər. İddiaçının "xxxx" ASC-dən tələbi ona qanunla 45 gün X 155 USD ( Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən), qayıdış avia biletin qiyməti 190 euro və son haqq hesab 2 X 2300 AZN , kirayə pulu 1600 USD-dir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında iddiaçının əmək və öz hesabına məzuniyyətdə olduğunu, ezamiyyətdə olmadığını bildirmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma dövründə Cavabdeh ASC tərəfindən təqdim olunan sənədlərdən və əmək haqqı bank hesabı çıxarışından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsaslanaraq xitam verildiyi, lakin təqdim edilən əmək haqqı bank hesabına dair çıxarışdan son haqq-hesabın ödənilmədiyi müəyyən edilmişdir. Həmçinin həmin məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsaslanaraq qüvvədən salındığı məlum olmuşdur. Müəssisə tərəfindən təqdim olunan sənədlər və təqdim edilən bank çıxarışına əsasən son haqq-hesabın ödənilməməsi ilə əlaqədar AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulduğundan Cavabdeh ASC-nin direktoru barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin eyni maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir. İş materiallarında olan 12/12-m nömrəli xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi müddət üçün 30 təqvim günü xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla əmək məzuniyyəti verilmiş və onun işə başlama tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla ona ödənişsiz məzuniyyət verilməsinı xahiş etmişdir. İş materiallarında olan 12/14-m nömrəli xx.xx.2023-cü il tarixli “Məzuniyyət barədə” əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla ödənişsiz məzuniyyət verilmiş və onun işə başlama tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. İş materiallarında olan İddiaçı əmək haqqı bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixindən onun hesabında 2411,48 manat məbləğində pul yüklənmiş, əməliyyatın təyinatı isə “Azenco ASC 2023-cü il Avqust əmək haqqı” qeyd edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdeh mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcini iddiaçı ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 150 manat məbləğində dövlət rüsumu ödəmiş, 0.40 manat məbləğində xidmət haqqı tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2084/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1906 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” əsas götürülməklə, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunması üçün ona ödənilməli olan ezamiyyə xərcləri (mehmanxana və nəqliyyat xərci ayrı-ayrılıqda göstərilməklə) 15.647,34 (9000,00 USD + 190 EUR) manat məbləğində müəyyən edilir, o, cümlədən - xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə (9.000,00 ABŞ dolları (45 gün*200,00 ABŞ dolları) = 15.300,00 (9.000,00 x 1.7) manat; nəqliyyat xərcləri – 190, 00 Eur ( c.i.v 66, 67 və 68-ci səhifələr) = 347.34 manat (190x1,8281) manat müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olaraq bildirilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin 15 dekabr 2023-cü il tarixli, 3-17-5/2-E-51891/2023 saylı (c.i.v 72-ci səhifə) məktubunda qeyd edilmiş məlumatlara əsasən Cavabdeh MMC tərəfindən İddiaçı son haqq-hesab ödənilməmişdir. Təqdim edilmiş iş materiallarında əmək müqaviləsi, tabel uçot vərəqəsi və şəxsi uçot vərəqəsi olmadığından son haqq-hesabı müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş 0933, 0949 və 0931 nömrəli elektron vergi tapşırıqlarından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından (ödənişin təyinatı subhesab qeyd edilmişdir) İddiaçı hesabına xx.xx.2023-cü ildə 1500 GEL (lari), yenə xx.xx.2023-cü ildə 1657.80 GEL, xx.xx.2023-cü ildə 4206.72 GEL məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş 0927 nömrəli xx.xx.2023-cü il tarixli elektron vergi tapşırığından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından İddiaçı hesabına 690 GEL, 0935 nömrəli xx.xx.2023-cü il tarixli elektron vergi tapşırığından görünür ki, MMC Köhnə (Dzveli) Xibula hesabından İddiaçı hesabına 460 GEL məbləğində pul vəsaiti köçürülmüşdür. Hər iki elektron vergi tapşırığında ödənişin təyinatı “İddiaçı üçün mehmanxana qiyməti” qeyd edilmişdir. İş materiallarının 13-cü səhifəsində olan protokoldan görünür ki, Tbilisi şəhərindəki yaşayış kompleksinin proyektinin sifarişçiləri Cavabdeh ASC və “Dzveli Khibula” olmuş, icraçısı isə “Urbana” olmuşdur. İş materiallarının 14-cü səhifəsində olan cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan görülək işlər siyahıya alınmış və sifarişçilər tərəfindən imzalanmışdır. İmzalayan şəxslərdən biri də İddiaçı olmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2023-cü ildə Gürcüstan Respublikasına getmiş, xx.xx.2023-cü ildə isə Azərbaycan Respublikasına daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri arasında əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin Məcəllənin 179-cu maddəsinin x) bəndinə əsasən yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır Həmin Məcəllənin 181-ci maddəsinə əsasən ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarının 4-cü bəndindən görünür ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir. Həmin Qərarın 5-ci bəndindən görünür ki, nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Həmin Qərarın 7-ci bəndindən görünür ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının xx.xx.2024-cü il tarixədək olan redaksiyasından görünür ki, Gürcüstan Respublikasında ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 155 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh ASC-də əmək müqaviləsi bağlamaqla, orada Texniki İstehsalat və Planlaşdırma İdarəsinin Layihələrin icrasına nəzarət şöbəsinin layihə koordinatoru vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iddia tələblərinin “ezamiyyə xərclərinə” dair hissəsinə münasibət olaraq bildirir ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi müddət üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla 30 təqvim günü əmək məzuniyyəti verilmiş, onun işə başlama tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. 12/14-m nömrəli xx.xx.2023-cü il tarixli “Məzuniyyət barədə” əmr ilə isə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla ödənişsiz məzuniyyət verilmiş və onun işə başlama tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Əmək Məcəlləsində verilmiş anlayışdan da görünür ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün ayrılan vaxtdır. Lakin işin 14-cü səhifəsində olan cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək görüləcək işlər siyahıya alınmış və sifarişçilər tərəfindən imzalanmışdır. İmzalayan şəxslərdən biri də İddiaçı olmuşdur. Bu halı MS Outlook proqramından edilmiş çıxarışlar da təsdiq edir. Göründüyü kimi iddiaçı həmin tarixlərdə istirahət ilə məşğul olmamış, iş yerindən verilmiş xidməti tapşırıqları yerinə yetirmişdir. Odur ki, işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmr verildiyi tarixdən hüquqi nəticə yaratmamış və formal olaraq verildiyindən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla ona ödənişsiz məzuniyyət verilməsinı xahiş etmiş və xx.xx.2023-cü il tarixli “Məzuniyyət barədə” əmr ilə İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixi daxil olmaqla ödənişsiz məzuniyyət verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Bakı şəhərində deyil, Gürcüstan Respublikasının Tbilisi şəhərində olması iş materialları ilə öz təsdiqini tapdığından, həmin ərizənin əslində xx.xx.2023-cü il tarixində tərtib edilmədiyi, sonradan tarix qoyulmaqla tərtib edildiyi öz təsdiqini tapır. Odur ki, həmin əmr də məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1906 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” əsas götürülməklə, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunması üçün ona ödənilməli olan ezamiyyə xərcləri (mehmanxana və nəqliyyat xərci ayrı-ayrılıqda göstərilməklə) 15.647,34 (9000,00 USD + 190 EUR) manat məbləğində müəyyən edilir, o, cümlədən - xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə (9.000,00 ABŞ dolları (45 gün*200,00 ABŞ dolları) = 15.300,00 (9.000,00 x 1.7) manat; nəqliyyat xərcləri – 190, 00 Eur ( c.i.v 66, 67 və 68-ci səhifələr) = 347.34 manat (190x1,8281) manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə qismən razılışır. Belə ki, ekspert tərəfindən rəy verilərkən “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” əsas götürülsə də, iddiaçının məhz xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Tbilisi şəhərində olmasına diqqət yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının xx.xx.2024-cü il tarixədək qüvvədə olan qaydalarına əsasən Gürcüstan Respublikasında ezamiyyə xərcinin 1 günlük norması 140 ABŞ dolları, Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 155 ABŞ dolları təşkil edir. Lakin ekspert rəy verərkən hazırda qüvvədə olan “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarını əsas götürmüş və Tbilisi şəhərində ezamiyyə xərcinin 1 günlük norması isə 200 ABŞ dolları olmaqla hesablamışdır. Odur ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərinə ezam olunması üçün ona ödənilməli olan ezamiyyə xərcləri (45 gün x 155 ABŞ dolları = 6975 ABŞ dolları ) qaydasında hesablanaraq, 11.857,5 manat (6975 X1.7 = 11.857,5) müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “kirayə pulunun cavabdehdən alınması”na dair hissəsinə münasibət olaraq bildirir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri daxildir. Odur ki, məhkəmə iddia tələbi “kirayə pulunun cavabdehdən alınmasına” dair hissəsində təmin edilməməlidir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddiaçının kirayə xərclərinin onlar tərəfindən ödənilməsi dəlilinə və buna sübut olaraq gətirdiyi gürcü dilindən azərbaycan dilinə tərcümə edilmiş elektron vergi tapşırıqlarına münasibət olaraq bildirir ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7ci bəndinə əsasən büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. Yəni həmin dövrdə iddiaçı cavabdehin işçisi olduğundan, ezamiyyə xərcinə aid olan mehmanxana xərci də işəgötürən tərəfindən ödənilməli idi. Lakin həmin vergi tapşırıqlarından görünür ki, pul ödəyən tərəf Cavabdeh ASC deyil, MMC Köhnə (Dzveli) Xibula olmuşdur. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlara münasiət olaraq qeyd edir ki, cavabdeh hər nə qədər iddiaçının ümumiyyətlə ezamiyyətdə olmadığını bildirsə də, qeyd olunan sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi bir daha onu sübut edir ki, iddiaçı həmin dövrdə məzuniyyətdə deyil məhz ezamiyyətdə olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçının əmək məzuniyyətindən və ödənişsiz məzuniyyətdə olmasını, ezamiyyətə getmədiyini bildirsə də, sonradan iddiaçının Tbilisi şəhərində olarkən mehmanxana xərclərinin, habelə aviabiletlərin də cavabdeh tərəfindən alındığını bildirmişlər. Məhkəmə iddia tələblərinin “aviabilet pulunun cavabdehdən tutulmasına” dair hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, mülki işin 66-cı səhifəsində əlavə edilmiş məlumat vərəqindən görünür ki, aviabiletin qiyməti 190 EURO təşkil etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi gediş-gəliş aviabiletlərin ASC tərəfindən alındığnı bildirsə də, iddiaçı gediş biletinin ASC tərəfindən alındığını bildirmiş, gəliş aviabiletinin qiymətinin ilk olaraq iddiaçı tərəfindən ödənildiyini, lakin ASC-nin ondan biletdə qeyd edilən tarixdə deyil, sonrakı tarixdə Bakı şəhərə qayıtmasını istənildiyindən, avibiletin tarixinin dəyişdirilməsinin ASC tərəfindən həyata keçirildiyini bildirmişdir. İddiaçının bu dedikləri onun tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixlər üzrə whatsapp yazışmaları da təsdiq edir. Məhkəmə iddia tələblərinin “son haqq-hesabın cavabdehdən tutulmasına” dair hissəsinə hesab edir ki, məhkəmə həmin hissədə iddia tələbi əsaslıdır. Əmək qanunvericiliyindən son haqq-hesab anlayışı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələri özündə ehtiva edir. İddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixinə qədər əmək məzuniyyətinə çıxmasına dair Cavabdeh ASC tərəfindən verilmiş 12/12-m nömrəli xx.xx.2023-cü il tarixli əmri yuxarıda qeyd edilən səbəblərdən etibarsız hesab edildiyindən və iddiaçının əslində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində ezamiyyətdə olması müəyyən edildiyindən iddiaçının 30 gün müddətində istifadə edilməmiş əmək məzuniyyəti hüququ vardır. Məhkəmə həmçinin iddiaçının əmək haqqı bank hesabından çıxarışındakı xx.xx.2023-cü il tarixində onun hesabına ödənilmiş “avqust əmək haqqı” ödənilmişdir. Əmək Məcəlləsinin 179-cu maddəsinin x) bəndinə əsasən işçi xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Bundan başqa məhkəmə tərəfindən iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ödənişsiz məzuniyyətin verilməsi barədə Cavabdeh ASC tərəfindən verilmiş 12/14-m nömrəli xx.xx.2023-cü il tarixli əmri məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, iddiaçının xx.xx.2023-cü il tarixinə qədər ezamiyyətdə olmasını, ezamiyyətdə olarkən orta aylıq əmək haqqının saxlanıldığını və iddiaçının xx.xx.2023-cü ildə işdən çıxarılmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixə qədər iddiaçının əmək haqqının pul ilə kompensasiyası cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 347.34 manat nəqliyyat xərci və 11.857,5 manat məbləğində ezamiyyə xərci olmaqla, ümumilikdə 12.204.84 manat pul vəsaiti və son haqq-hesab olaraq 30 gün müddətində istifadə edilməmiş əmək məzuniyyətinin və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş əmək haqqının pulla kompensasiyası tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh ASC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2084/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2084/2024
04.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver