Məhkəmə qərarları › İş №2(011)-2187/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2187/2023

06.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2187/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC –yə qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC –yə qarşı– cavabdeh: Nümayəndə ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsi və müqavilə üzrə ödənmiş 440 manat, etibarnaməyə ödənmiş 20 manatın və məhkəməyə ödənmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 460 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlərinin məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edilməsi və mübahisələrinin vəkil vasitəsi ilə aparılması üçün Nümayəndə ilə müqavilə bağlamışdır. Müqaviləyə görə iddiaçı ona Nərimanov metrosunun yanında yerləşən Metroparkın qarşısında 440 manat məbləğində pul ödəyərək onunla birlikdə Nəsimi rayonunda yerləşən «Asan» xidmətdə fəaliyyət göstərən NK-da adına etibarnamə vermiş və 20 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Onun deməsinə görə əvəzindən Bakı şəhəri Baş Polis İdarəsinə şikayət ərizəsi vermiş, daha sonra iş baxılması üçün Nizami rayon Polis İdarəsinin 23 nömrəli PB-ə göndərilmişdir.Cavabdeh iddiaçı ilə cəmi bir dəfə təhqiqatçının yanına gəlmiş və bundan sonra adından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxardılmış, lakin deməsinə görə bundan xəbəri olmamışdır. İddiaçı ondan tələb etmişdir ki, orderi versin, o isə əvəzində iş materiallarında olmasını bildirmişdir. Lakin sonradan iddiaçıya məlum olmuş ki, şikayət etdiyi şəxs heç vəkil deyilmiş. İddiaçı isə ona verdiyi pulu tələb etdikdə bildirdi ki, hara istəyirsən şikayət et. İddiaçı həmçinin qeyd edir ki, cavabdeh buna səlahiyəti olmadan onun işinin aparılması öhdəliyini öz üzərinə götürmüş və aldatma yolu ilə ondan pul vəsaiti əldə etmişdir ki, bu da qanunla yolverilməzdir.Qanuna görə müqavilə bağlandığı zaman tərəflərin üzərilərinə götürdükləri öhdəliklər icra edilmədikdə ona xitam verilməsi tələb edilməsi mümkündür və bu zaman müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmaqla bir tərəfin digər tərəfdən aldıqları geri qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, bir nəfər şəxs ona olan borcunun qaytarmadığı üçün tanışlarının məsləhəti ilə cavabdehlə tanış olmuşdur və onunla müqavilə bağlamışdır. Onunla müqavilə bağlayarkən cavabdehi vəkil kimi bilmiş vəona etibar etmişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş, bu müddət ərzində onun adından sadəcə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Daha sonra şikayət aidiyyatı üzrə Nizami rayonu Polis İdarəsinin 23-cü Polis Bölməsinə göndərilmiş və cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. İddiaçı borclu olan şəxsə 9000 manat borc vermiş, həmin borcdan 4000 manat iddiaçıya qaytarılmış, lakin buna baxmayaraq cavabdeh yenə də şikayət ərizəsində guya ona 9000 manat qalıq borcun qaldığını bildirmiş və ona həmin pulun geri qaytarılması ilə bağlı cinayət işinin açılacağını vəd etmişdir. Daha sonra iddiaçı izahatında bildirdiki o, universitetdə işləyir, hər dəfə işdən icazə ala bilmədiyi və borcun qaytarılması şəxsin özu məşğul ola bilmədiyi üçün cavabdehə etibar etmiş, lakin onun tərəfindən şikayət ərizəsinin yazılmasından başqa heç bir hüquqi xidmət göstərilməmişdir. Ona ödədiyi 440 manat məbləğində pulun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, izahatında bildirdi ki, iddiaçı ilə hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlanılmış və müqavilə bağlanan zaman iddiaçıya özünün vəkil olmadığını bildirmişdir. Ümumiyyətlə hər hansı bir şəxslə müqavilə bağlayanda o, özünü vəkil kimi təqdim etmir. Onun tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi hazırlanmış, iddiaçı ilə birlikdə təhqiqatçının yanında olmuşlar, hətta təhqiqatçı ilə tanış olduqları məlum olmuş və müvafiq qərar hazır olarkən ona məlumat verilməşdir. Bu müddət ərzində iddiaçı onu çox incitmişdir və müqavilənin şərtlərini pozmuşdur. O, hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçıdan 440 manat məbləğində vəsaiti almış və həmin pulun müqabilində hüquqi xidmət göstərmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hüquqi xidmət haqqında aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə İsmayıl Məmmədov adlı şəxs tərəfindən etibardan istifadə etməklə və aldatma yolu ilə almış olduğu ümumilikdə 9000 manat məbləğində pulun qaytarılmasının təmin edilməsi məqsədi ilə və hüquqlarının pozulması ilə bağlı, həmçinin digər qanunazidd əməllərə məruz qalmasına dair müvafiq hüquq mühafizə orqanlarına aidiyyatı üzrə ərizələr, şikayətlər və s. Müvafiq müraciətlər hazırlayıb göndərmək və pozulmuş hüquqların bərpa olunması barədə qanunvericilikdə nəzərdə tutulan digər zəruri tədbirləri yerinə yetirməyi sifariş etmişdir. Həmin akt sifarişçi İddiaçı, icraçı Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2022ci il tarixli, AR-İİ 636918 nömrəli etibarnamədən görünür ki, Etibar edən qismində İddiaçı, etibar edilən qismində Nümayəndə göstərilmiş, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan şikayətin surətindən görünür ki, İddiaçı nümayəndəsi qismində Cavabdeh MMC tərəfindən Bakı şəhər Baş Polis İdarəsinənin rəisi cənab Əkbər İsmayılova İddiaçı adından şikayət ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Nizami RPİ-in 23-cü PB-nin Baş Təhqiqatçısı polis mayoru Rəşad Məmmədov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərkən belə qanaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə tapşırıq müqaviləsinin əlamətlərini ehtiva etdiyindən hazırki iddianın həlli üçün mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 385.1. -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 385.2. -ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh “X4» MMC arasında hüquqi xidmət haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən həmin xidmətlərin göstərilməsi üçün 440 manat pul cavabdehə, etibarnamənin verilməsi üçün isə 17.25 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia ilə bağlı diqqətəlayiq məqam tərəflərin arasındakı müqavilənin qüvvədə olduğu 3 ay müddətində cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, etdiyi hərəkət və ya hərəkətsizlikdir. Tərəflərin izahatları və iş materialları ilə öz təsdiqi tapan hal isə iddiaçının adından mart ayında şikayət ərizəsinin tərtib edilməsi, aprel ayında cinayət işinin başlanmasından rədd edilməsi barədə qərarın qəbul edilməsi, iddiaçını cavabdehin nümayəndəsinin iştirakı ilə birlikdə təhqiqatçının yanında olması, iyun ayında isə həmin qərarın ona verilməsi barədə ərizə ilə polis şöbəsinə müraciət etməsidir. Göründüyü kimi cavabdeh həmin müddət ərzində müqavilədə və etibarnamədə göstərildiyi kimi iddiaçının adından ərizələr və ya şikayətlər vermişdir. Həmçinin o da qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə işin uğurlu nəticəsi barədə iddiaçıya hər hansı zəmanət verilməmiş, cavabdeh isə öz üzərinə belə bir öhdəlik götürməmişdir. Məhkəmə araşdırması zamanı, iddia ərizəsində göstərildiyi kimi, cavabdehin səlahiyyəti olmadan iddiaçının işini aparması və aldatma yolu ilə ondan pul vəsaiti əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmiş və onun hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərməyərək, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Beləliklə, qeyd olunanlar əsasən ,məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 440 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 20 manat, ümumilikdə 460 manatın cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC –yə qarşı– Cavabdeh MMC-dən 460 manat məbləğində pulun tutularaq İddiaçı Xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar