Məhkəmə qərarları › İş №2(011)-2203/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2203/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2203/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 16 yanvar 2019-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 18 iyun 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bir neçə ildir ki, cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Uşağı saxlamaq iddiaçı üçün maddi cəhətdən çətindir. Eyni zamanda tərəflərin rəsmi nikahı pozulmuşdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, verdiyi izahatda bildirmişdir ki, onun əmək haqqısı 420 manatdır və himayəsində yaşlı ata və anası var. Odur ki, müəyyən edilmiş minimal həddə aliment ödəməyə razıdır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 16 yanvar 2019cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından 18 iyun 2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 25 sentyabr 2023-cü il tarixdə pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaq hazırda iddiaçının yanındadır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Cavabdeh “Sema Graphic”-də sərəncamverici direktor vəzifəsində çalışır və aylıq əmək haqqısı 420 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 500 manat aliment tələb etsə də, cavabdehin tələb edilən məbləğdə alimenti ödəmək iqtidarında olmasını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, cavabdehin iddia tələbini qismən qəbul etdiyini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilməli olmasını ağlabatan hesab edir. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edərkən uşaqlar üçün yaşayış minimumunun 2024-cü il üzrə 235 manat müəyyən edildiyinin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 12 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 12 yanvar 2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından anadan olmuş 18 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehdən 48.20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 18 iyun 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 12 yanvar 2024-cü il tarixdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar