Məhkəmə qərarları › İş №2(011)-2216/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2216/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2216/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərə görə 40000 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azəriqaz İB GRQİİ-in əmkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında 10.04.2018-ci il tarixli ******* saylı aktla 1.480,80 manat və 29.04.20-ci il tarixli ******* saylı aktla 993,60 manat borc ziyan vurma müəyyən edilmişdir. Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsində qeyd edilən aktlar əsasında qanunsuz hesablanmış borcun silinməsinə dair iddia qaldırmış, məhkəmənin 18.05.2021-ci il tarixli qətnaməsi ilə qanunsuz hesablanmış borc silinmişdir. Cavabdeh Azəriqaz İB X6 İstismar İdarəsi tərəfindən qətnamədən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş, hazırda qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, cavabdeh Azəriqaz İB-niıı X6 İstismar İdarəsinin əməkdaşları tərəfindən guya qazdan istifadə qaydalarını pozmaqla, qaz oğurluğu etməsi səbəbindən ona əsassız olaraq cərimə hesablanmışdır. Cavabdehin qanunsuz və əsassız hərəkətləri mənəvi sarsıntı keçirməsinə səbəb olmuş, evinə yerli baxış üçün məhkəmə işçilərinin, və digər nümayəndələrin gəlməsi qonşular arasında ona münasibətdə şübhələr yaratmış, qonşular arasında “qaz oğurlayan” kimi, qanunsuz yolla qazdan istifadə edən şəxs kimi nüfuzuna xələl gətirmişdir. Odur ki, vurulmuş mənəvi ziyanın pulla kompensasiya edilməsini iddia edir. Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Gəncə şəhəri M.Şeyxzamanov küçəsində istehlakçıların- o cümlədən İddiaçı yaşadığı ünvana qazdan istifadə qaydalarının tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə baxış keçirilmiş və ayrı-ayrı vaxtlarda - 02.04.2018 və 21.04.2020-ci il tarixlərdə sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkarlanmışdır Bununla bağlı idarənin əməkdaşları tərəfindən sənədləşmə aparılaraq akt tərtib edilmişdir. İddiaçı tərəfindən qaz xətti həyət daxilinə salındığından xəttə baxış keçirmək üçün ünvan sahibinin razılığı və iştirakı ilə ünvana deyil, xəttə baxış keçirilmişdir. Faktın aşkar edildiyi vaxtdan 2 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hesablanmış borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. Əsassız iddia tələbi təmin olunduğundan hazırkı iddia tələbilə məhkəməyə “mənəvi zərərin əvəzi olaraq 40 000.00 manat təzminatın ödənilməsi" barədə müraciət etmişdir, iddia ərizəsinin pıedmeti kimi “vurulmuş mənəvi ziyanın ödənilməsi” qoyulmuşdur ki, bunun da heç bir hüquqi əsası yoxdur. Çünki məhkəmə işə təqdim olunmuş sənədlər əsasında baxır. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 46-cı maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23, 1096-cı maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(043)-262/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X1rşı “itirilmiş qaz sərfiyatına görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin olunaraq, iddiaçı barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02.04.2018-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1480,80 manat və 21.04.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 993,60 manat pulun silinməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2021-ci il tarixli 2(104)- 3327/2021 saylı qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(043)-262/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmiş, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999cu il tarixli Qərarında göstərilir ki, “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.” Məhkəmə hesab edir ki, bu şərtlərin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddiası təmin edilir. Bundan əlavə Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən Qərarında daha sonra məhkəmələrə tövsiyyə olunmuşdur ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair işlərə baxılarkən məhkəmələrin aydınlaşdırmalı olduğu halların sırası da müəyyən edilmişdir və burada birinci sıra yayılan məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi göstərilmişdir. Qanunverici bunu Mülki Məcəllənin 23-cü maddəsinin məntiqindən çıxış edərək bu şəkildə nəzərdə tutmuşdur. Belə ki, Mülkin Məcəllənin 23-cü maddəsinin adından və məzmunundan da göründüyü kimi bu maddəyə əsaslanaraq qaldırılan iddia hər hansı doğru olan və ya doğru olmayan informasiya haqqında deyil, yalnız şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən informasiyalara aiddir. Yəni vətəndaş və ya hüquqi şəxs haqqında həqiqətə uyğun olmayan informasiya şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələmirsə, Mülki Məcəllənin 23-cü maddəsinin daxilində iddia predmeti ola bilməz. Bu halda həmin maddə üzrə iddiaçının xeyrinə məhkəmə qərarı çıxarıla bilməz. Beləliklə, iş üçün aydınlaşdırılması tələb olunan əsas məsələ yayılan informasiyanın iddiaçı tərəfin şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi halının müəyyən edilməsidir, yəni iddiaçı tərəf sübut etməlidir ki, iddia ərizəsində göstərilən informasiyalar onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin normasına görə informasiyanın həqiqətə uyğun olub-olmadığını sübut etmək vəzifəsi məlumatı yaymış şəxsə, yəni cavabdehə aiddir. Qalan bütün halları, o cümlədən yayılmış məlumatın şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələməsinin sübutu iddiaçıya aiddir. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə araşdırmaları zamanı iddia ərizəsindən və iddiaçı tərəfindən təqdim olunmuş materiallardan İddiaçı iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh hərəkətləri nəticəsində mənəvi zərərin vurulması müəyyən edilməmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar