Məhkəmə qərarları › İş №2(011)-2246/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2246/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2246/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh yanında qalan xx.xx.2013-cü il tarixdə anadan olmuş oğlu X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş oğlu X2 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat sabit pul məbləğdə aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşaqları doğulmuşdur: 1.X7 xx.xx.2013-cü il təvəllüdlü

2. X6 xx.xx.2015-ci il təvəllüdlü. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmaqlarını sübut etdi. Bildirmişdir ki, onların ayrılmaqlarının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmaqları idi. İddiaçı ailəsinin dağılmasını istəməmişdir ancaq bir yerdə yaşamaqları da qeyri-mümkün idi. Bütün bu olanlara görə Cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3956/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da uşaqları Məhkəmənin qətnaməsinə əsasən iddiaçının himayəsinə verilmişdir. Uşaqlarının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onların gündəlik tələbatları, sağlamlıqları və ümumiyyətlə, cəmiyyətə layiqli bir insanlar kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər iddiaçının üzərində qalmışdır. Halbuki, uşaqlarının saxlanılması üçün onların tələbatlarını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edir ki, cavabdeh bir valideyn kimi uşaqlarının saxlanılması üçün iddiaçıya aliment ödəməlidir. Buna görədə hesab edir ki, uşaqlarının yetkinlik yaşlarına çatanadək onların saxlanılması üçün cavabdehdən hər ay aliment alınıb iddiaçıya ödənilməlidir. Bu səbəbdən də aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq icraatda olan mülki iş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbini qəbul etmədiyini və etirazını bildirmişdir. Belə ki, birgə nikahdan 08 yanvar 2013-cü il təvəllüdlü X4 və 26 iyul 2015-ci il təvəllüdlü X3 ataları, iş üzrə İddiaçı yanında saxlanmaları ilə bağlı xx.xx.2024-cü il tarixdə Qətnamə çıxarıldıqda məhkəmədə azyaşlı uşaqlarının cavabdehlə qalmasına və onların qayğısının çəkilməsinə heç bir etirazı olmamışdır. Eyni zamanda uşaqların rəyi soruşularkən atalarına olan bağlılığı, qarşılıqlı razılıqlar nəzərə alınmaqla uşaqların atalarının yanında saxlanması mümkün hesab edilmişdir. Cavabdeh Xəzər rayonu Musabəyov 25 ünvanında anası ilə yaşayır və xəstəliyi ilə bağlı anasına xidmət edir. İş yeri və başqa gəliri yoxdur. Bir ana olaraq azyaşlı övladları ilə maraqlanmışdır, lakin dəfələrlə xəbər göndərməyinə, telefonla əlaqə saxlamaq istəməyinə baxmayaraq uşaqların cavabdehlə ünsiyyətdə olmaq istəmədikləri bildirilib və buna şərait yaradılmayıb. Özünün də səhhətində ümumi xarakterli psixoloji və nevroloji problemlər vardır. Azyaşlı övladları ilə ünsiyyətdən və görüşməkdən imtina eləmir, lakin alimentlə bağlı irəli sürülmüş tələbin yerinə yetirilməsi ilə bağlı, hər hansı maddi yardımla bağlı imkanları yoxdur. Bir ana olaraq övladlarının xoşbəxtliyi və rifahını istəyir. Gələcəkdə maddi imkanları olduğu halda uşaqlarına qayğı göstərməkdən yayınmaq məqsədi olmadığını bildirir. İddianın təmin edilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Belə ki, boşanmadan sonra uşaqlar atanın himayəsinə verilmişdir. Cavabdehin hazırda gəliri var, o, salonda işləyir. Uşaqların saxlanılmaları üçün ananın da maddi dəstəyi lazımdır. İddiaçı hazırda işləyir, lakin işdən çıxarılma ilə bağlı ona xəbərdarlıq edilib. Bu səbəbdən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehin Cavabdeh məhkəmə iclasında izahatında iddianın təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh anasına baxır və onun pensiyası ilə xərcləri qarşılayır. Digər heç bir rəsmi gəliri yoxdur, heç bir yerdə işləmir. Uşaqlarına 2 ay və 6 ay aralıqlarla saxlamışdır. Nikahın pozulması zamanı qətnamədə aliment ödəməyəcəyi qeyd edilmişdir. Hazırda aliment ödəməyə imkanı yoxdur. İddiaçı isə işləyir, nikahın pozulmasından öncə iddiaçı 2 uşağa və cavabdehə iddiaçının gəliri hesabına baxmışdır.

İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3956/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 281 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 atası İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan, AZ seriyalı 120313 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 ata adı qrafasında İddiaçı, ana adı qrafasında X5 qeyd olunmuşdur. İş materiallarında olan, AZ seriyalı 602471 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 ata adı qrafasında İddiaçı, ana adı qrafasında Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Bakı 09 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyir və 1600 manat məbləğində əmək haqqı alır. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyərək 740 manat əmək haqqı alır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh işləmir, gəliri yoxdur. Bu səbəbdən məhkəmə, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat sabit pul məbləğdə aliment tutularaq iddiaçıya verilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400x0.25=100 manat) həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar