Məhkəmə qərarları › İş №2(011)-2313/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2313/2025

06.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2313/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2024-cü il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsində 1109 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından bir övladları – xx.xx.2024-cü il təvəllüdlü X2 doğulmuşdur.

2. Tərəflər hazırda ayrı yaşayırlar və yetkinlik yaşına çatmayan uşaq da iddiaçı ilə birlikdə yaşayır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat və əlavə olaraq X1 3 yaşma çatanadək 100 manat, ümumilikdə 346 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi qaydada nikah rəsmiləşdirməklə ailə qurmuşlar, birgə nikahdan bir övladları doğulmuşdur. Cavabdehlə qısa müddət mehriban yaşamışlar. Lakin cavabdehin ona qarşı münasibəti dəyişmişdir. O, ailənin dağılmasını istəmir, bu səbəbdən də nikahın pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlə ailə münasibətləri pozulandan ayrı yaşayırlar. O, hal-hazırda valideynləri və qızı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh qızına heç bir maddi yardım göstərmir. İddiaçı heç bir yerdə işləmir, eyni zamanda digər gəlir yeri yoxdur. Buna görə də qızının maddi cəhətdən təmin olunması üçün çox çətinlik çəkir. Çünki onun gündəlik təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin işləmədiyinə və digər gəlir yeri olmadığına görə bu mümkün deyildir. Bütün öhdəliklər onun üzərində qalmışdır. Halbuki, qızının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki,

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, məhkəməyə müraciət etməzdən əvvəl dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ona maddi köməklik göstərməsini istəmişdir. Lakin, cavabdeh heçnə etməmişdir. Cavabdehin işləməyə ehtiyacı da yoxdur, çünki, evlərinin qarşısında özlərinin obyektləri var. Atasının səhhəti yaxşı olmadığından, uşaqları qoyub işləyə bilmir.

7. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, iddiaçı evi tərk edəndən sonra uşağı onunla görüşdürmür. Evin qarşısında bir obyekt var, aylıq 200 manata icarəyə verir. Lakin, həmin pulu da atasının sağalması üçün xərcləyir. Onun hər ay 100 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

9. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

11. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

13. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı:

14. Bənd 1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı:

15. Bənd. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

18. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir.

22. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

23. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqa görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqın sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə atanın-iddiaçının rəsmi iş yeri olmadığından və alimentin sabit pul məbləğində tutulması tələbi olunduğundan ikinci qayda tətbiq ediləcəkdir

24. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

25. İddiaçı cavabdehdən sabit pul məbləğində hər ay 246 manat aliment tələb etsə də, məhkəmə hesab edir ki, alimentin həmin məbləğdə tutulması, cavabdehin maddi vəziyyəti nəzərə alındıqda cavabdehi həddən artıq ağır maddi duruma sala bilər.

26. İddiaçı da cavabdehin tələb etdiyi alimenti ödəyə biləcək maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən edilir ki, cavabdehin qüvvədə olan əmək müqaviləsi mövcud deyil. Odur ki, məhkəmə, həm uşağın maddi cəhətdən təmin olunması zəruriliyini, həm də cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay 232 manat məbləğində aliment tutulmalı və alimentin məbləği “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.

27. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

28. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,58 misili (232 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) / 400 (2025-cü il üzrə minimum əmək haqqı) = 0,58) həddində tutulmalıdır.

29. Məhkəmə hesab edir ki, uşaq 3 yaşına çatanadək cavabdehdən alimentin alimentin tutulması hissəsində iddia qismən əsaslıdır.

30. Məhkəmə hesab edir ki, uşaq 3 yaşına çatanadək tələb edilən sabit pul məbləğində aliment xarakterinə görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğini nəzərə alaraq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutulmasını ağlabatan hesab edir.

31. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır (Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsi).

32. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 2784 manatdır (232 manat x 12 ay = 2784 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq 76,40 manat təşkil edir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,58 misli həddində və X1 3 yaşına çatanadək, yəni xx.xx.2027-ci ilədək hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar