Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2377/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 10 sentyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində 193 manat, 3 yaşına çatana qədər 100 manat, ümumilikdə 293 manat aliment pulun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 dekabr 2019-cu il tarixdə 2 saylı Bakı "Asan Xidmət Mərkəzi" Qeydiyyat Şöbəsində 3004 saylı akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra o, cavabdehin soyadını daşıyır. Birgə nikahlarından 10 sentyabr 2020-ci il təvəllüdlü X2 olmuşdur. Ailə münasibətləri əvvəlcə normal olsa da, tədricən kəskinləşməyə başlamışdır və cavabdeh son 6 ayda ailəsinə baxmır. Bu müddət ərzində bir dəfə də olsun nə övladı ilə maraqlanmış, nə maddi yardım etmiş və nə də ki, 06 dekabr 2019-cu il tarixdə 2 saylı Bakı "ASAN XİDMƏT MƏRKƏZİ" Qeydiyyat Şöbəsində 3004 saylı akt qeydi ilə bağlanmış rəsmi nikahı pozdurmur. O bilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci maddəsinə uyğun olaraq, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Lakin, onun yaşadığı mühit, aldığı təlim-tərbiyə və dini adət-ənənələri ona bu addımı atmağa imkan vermir. Belə ki, ağ gəlinlik paltarı ilə ər evinə daxil olan hər bir gəlin, yalnız ağ paltarda (kəfəndə) həmin evdən çıxmalıdır. Bundan əlavə cavabdehlə onun arasında imam nikahı bağlanmışdır. Şəriət məsələlərinə əsasən, yalnız ər arvadına talaq verdikdən sonra onların kəbini geri oxunur və bu səbəblərdən nikahın onun tərəfdən pozulmasının əleyhinədir. Digər tərəfdən heç bir yerdə işləmədiyi üçün valideynlərinin maddi köməkliyi ilə övladını saxlayır. Bu səbəbdən cavabdehlə birgə nikahlarından olan, 10 sentyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, cavabdehdən hər ay sabit pul məbləğində 193 manat və 3 yaşına çatana qədər 100 manat aliment pulunun Cavabdeh tutularaq ona verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasını müdafiə etdiyini bildirmiş, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 10 sentyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində 193 manat, 3 yaşına çatana qədər 100 manat, ümumilikdə 293 manat aliment pulun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəməyə gəlmədiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 034841 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Heydərova (Əliyeva) Nigar Nazim qızı arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış və 3004 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 511384 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, tərəflərin birgə nikahdan olan uşaqları X4 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olduğundan, iddia təmin edilməli, cavabdehdən 10 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment, eyni zamanda X3 3 yaşına çatanadək iddiaçı üçün 100 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 10 sentyabr 2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment, eyni zamanda X3 3 yaşına çatanadək iddiaçı üçün 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən :İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2377/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2377/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver