Məhkəmə qərarları › İş №2(011)-2396/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2396/2023

15.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2396/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də işlədiyi 12 iyun 2019-cu il - 11 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, "xxxx" MMC-də işlədiyi 12 iyun 2019-cu il tarixdən 11 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, Cavabdeh MMC-də işlədiyi 18 sentyabr 2019-cu il – 26 dekabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə (vaxctında olmayaraq ödənilmiş və ödənilməmiş) görə 13 sentyabr 2022ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, Cavabdehndə işlədiyi 18 sentyabr 2019-cu il tarixdən 26 dekabr 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin (kompensasiyanın) və həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək iddia tələbinin "xxxx" MMC-yə aid hissədə geri götürdüyünü və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında 12 iyun 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 250 manat olmaqla, o, cəmiyyətə fəhlə vəzifəsinə işə qəbul olunmuşdur, "xxxx" MMC öz öhdəliklərini Cavabdeh MMC-yə ötürdükdən sonra "xxxx" MMC-nin 1018/k saylı, 11 sentyabr 2019-cu il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 11 sentyabr 2019-cu il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, Cavabdeh MMC ilə İddiaçı arasında 18 sentyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 300 manat olmaqla, o, cəmiyyətə əritmə avadanlığının operatoru vəzifəsinə işə qəbul olunmuş, bundan sonra 18 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə edilmiş 26 yanvar 2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 450 manata, 29 may 2021-ci il tarixli dəyişikliklərə əsasən 600 manata, 27 oktyabr 2021-ci il tarixli dəyişikliklərə əsasən 1100 manata və 05 avqust 2022-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 1300 manata qədər artırılmışdır, Cavabdeh MMC-nin 235/k saylı, 24 dekabr 2022-ci il tarixli Əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 26 dekabr 2022ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, iddiaçının yuxarıda qeyd olunan cəmiyyətlərdə tutduğu vəzifə Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na uyğun olmuşdur, belə vəzifələrdə işləyən şəxslərə aylıq əmək haqqıdan (vəzifə maaşından) əlavə zərərli işdə işdədiyi müddət ərzində qanunvericiliklə müəyyən edilmiş aylıq əlavə faiz məbləğləri verilməmişdir, belə ki, Cavabdeh MMC iddiaçının sonuncu iş günü yəni 26 dekabr 2022-ci il tarixdə 12 iyun 2019-cu il tarixdən başlayaraq 26 dekabr 2022-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqısının, əmək haqqının gecikdirilməsinə görə faizləri (ödənci), istifadə edilməmiş məzuniyyət haqqısını (kompensasiyanı) hesablamamış və həmin məbləğləri iddiaçıya ödəməmişdir, iddiaçı ilə Cavabdeh MMC arasında olan əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə Cavabdeh MMC tərəfindən müsbət cavab verilməmiş, bundan sonra iddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı iddiaçının əmək mübahisəsinə baxmaq üçün mediator X2 təyin etmiş, onun tərəfindən ilkin mediasiya sessiyası 01 fevral 2023-cü il tarixdə təyin olunmuşdur, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, Cavabdeh MMC tərəfindən belə iştirak olmamış, bu səbəbdən mediator X3 tərəfindən ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin iştirak edilməməsi barədə MŞB/9/2023-00118 nömrəli, 01 fevral 2023-cü il tarixli Arayış verilmişdir, Cavabdeh MMC hal-hazırda qüvvədə olan Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla iddiaçının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını pozmaqdadır, bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, hazırda iddia tələbinin "xxxx" MMC-yə aid hissədə geri götürur. Sonda Vəkil2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, hesdab edir ki, iddia müddəti tətbiq olunmalı və iddia rədd edilməlidir. Belə ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır, iddiaçı cavabdeh ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və iddiaçıya işlədiyi müddətlərdə əmək haqqı tam olaraq ödənilmişdir, iddiaçının sonuncu iş günü xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir, belə ki, iddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək işəgötürən tərəfindən dəfələrlə əmək müqaviləsinin şərtləri pozulduğuna görə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, əgər həqiqətən də iddiaçı hazırda hüquqlarının pozulmasını iddia edirdisə, o zaman vaxtında məhkəməyə müraciət etməli idi, lakin iddiaçı son haqqhesabını (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aldıqdan və işdən çıxdıqdan sonra belə bir iddia tələbi irəli sürmüşdür, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 235 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır, belə ki, iddiaçının xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsasən onun əmək haqqısı 1100 manat məbləğində müəyyən edilmişdir və iddiaçı 2022-ci ilin fevral ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1241,69 (1100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 52,2 manat + gecə saatı üçün 89,49 manat) manat məbləğində əmək haqqından DSMF-yə 116,38 manat və İcbari Tibbi Sığortaya 24,83 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin fevral ayı üçün ümumilikdə 1100,48 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022ci ilin mart ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1172,19 (1.100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 72,19 manat) manat məbləğində əmək haqqından DSMF-yə 109,08 manat və İcbari Tibbi Sığortaya 23,44 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin mart ayı üçün ümumilikdə 1039,67 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022-ci ilin aprel ayında əmək haqqısını alarkən həmin ayda işlədiyi və işləmədiyi günlər nəzərə alınmaqla, ona əmək haqqı ödənişi və həmin ayda əlavə işlədiyi axşam saatları nəzərə alınmaqla əlavə işlədiyi saatlar üzrə ödənişlər edilmişdir, məhkəməyə təqdim edilmiş 2022ci ilin aprel ayı üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı aprel ayının 25, 26, 27 tarixlərində heç bir üzürlü səbəb göstərmədən işə çıxmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi nəzərdə tutulmuşdur, yəni işçi 4 gün işləyib, 2 gün istirahət edirdi, məhkəməyə təqdim edilmiş həmin iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı həmin aprel ayının 23-nə qədər 4 gün işləyib, 2 gün istirahətdə olmuş, lakin aprel ayının 24, 25, 26, 27 tarixlərində işləməli olduğu halda iddiaçı 24 tarixində işdə olmuş, lakin 25, 26, 27 tarixlərində işdə olmamışdır, qeyd olunan hala əsasən iddiaçı 2022-ci ilin aprel ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam saatları və işləmədiyi günlər nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 973,26 (935 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 38,26 manat) manat məbləğində əmək haqqından DSMF-yə 88,19 manat və İcbari Tibbi Sığortaya 19,47 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin aprel ayı üçün ümumilikdə 865,6 manat məbləğində ödəniş edilmişdir, iddiaçı 2022-ci ilin may ayında əmək haqqısını alarkən əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla, iddiaçıya ümumilikdə hesablanmış 1.329,49 (1.100 manat əmək haqqı + işlədiyi axşam saatı üçün 77,55 manat + gecə saatı üçün 151,94 manat) manat məbləğində əmək haqqından DSMF-yə 125,6 manat və İcbari Tibbi Sığortaya 26,59 manat ödənişlər edildikdən sonra iddiaçıya 2022-ci ilin may ayı üçün ümumilikdə 1177,3 manat məbləğində ödəniş edilmişdir, məhkəməyə təqdim edilmiş 2022-ci il üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəlindən və 2022-ci ilin fevral, mart və may ayları üzrə iş vaxtının uçotu cədvəlindən görünür ki, iddiaçı yuxarıda adı çəkilən aylar üzrə vaxtlı-vaxtında işdə olmaqla, vəzifə üzrə öhdəliklərini yerinə yetirmiş və nəticədə iddiaçıya yuxarıda adı çəkilən aylar üzrə əmək haqqı ödənişləri edilmiş və eyni zamanda həmin aylarda əlavə işlədiyi axşam və gecə saatları nəzərə alınmaqla iddiaçıya həmin əlavə işlədiyi saatlar üçün də ödənişlər edilmişdir, iddiaçı xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və iddiaçı ancaq həmin gün MMC-yə gələrək əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi barədə əmri təhvil almış və iddiaçıya qanunvericiliyin tələblərinə uyğun şəkildə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanmaqla ödənilmişdir, iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, bu hissədə də iddia tələbi əsassızdır, belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndəsi və vəkillərinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir Müqavilənin 2.3-cü bəndinə görə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən bağlanmışdır, 2.4-cü bəndinə görə işçi xx.xx.2019-cu il tarixdən işə başlayır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 1300 manat məbləğdə əmək haqqı ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdən operator vəzifəsində işləyən İddiaçı vəzifə maaşının 450 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışdırlar. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixə ərizə ünvanlanaraq xx.xx.2022-ci il tarixdən onu ödənişsiz məzuniyyətə çıxarılması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 26 mart 2021-ci il tarixli 17/M №-li Əmrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla 27 təqvim günü müddətində məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 21 iyun 2022-ci il tarixli 102/21 №-li Əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 1 ay 15 gün müddətində məzuniyyət verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 235 №-li əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi, n xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi” ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallartından görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci - xx.xx.2022-ci il, xx.xx.2022-ci il - xx.xx.2022-ci il, xx.xx.2022-ci -xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022 -xx.xx.2022-ci il tarixdə “İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi barədə” Aktlar tərtib edilmuişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Rabitəbank” ödəniş tapşırığından görünür ki, ödənilən son haqq-hesab məbləği 1441,42 manatdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2267 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2019- cu il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanmalı olan ümumi məbləğ 5250,11 manat olmaqla, 3444,99 manat əmək haqqıdan və 1805,12 manat son haqqhesab təşkil etdiyi müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş ekspertiza keçirilməsinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manatdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2019cu il tarixdə əritmə avadanlığı operatoru vəzifəsinə işə qəbul edilmişdir, əvvəlcə onun əmək haqqı hər ay 300 manat, xx.xx.2021-ci il tarixdən 450 manat, xx.xx.2022-ci il tarixdən isə 1300 manat müəyyən edilmişdir, İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən, xx.xx.2019 tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 48 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi nəzərdə tutulmuşdur, ona son haqq-hesab məbləği kimi 1441,42 manatödənilmişdir, Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2023-cü il tarixli 9/2267 saylı ekspert rəyi üzrə İddiaçı 18 sentyabr 2019- cu il tarixdən 26 dekabr 2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə əlavə hesablanmalı olan ümumi məbləğ 5250,11 manat olmaqla, 3444,99 manat əmək haqqıdan və 1805,12 manat son haqqhesab təşkil etdiyi müəyyən edilir, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək 50 manat xərci ödəmişdir, İddiaçı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 200 manat ödəniş etmişdir. Bununla belə, cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçı R.Həsənova dəymiş mənəvi zərərin əvəzi 200 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab eməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə, ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul olunmalı və işçiyə ödənilməmiş əmək haqqı və digər ödənişlər ekspertin gəldiyi nəticəyə müvafiq olaraq hesablanmalıdır. Məhkəmə, iddia müddətinə münasibətdə qeyd edir edir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulduğundan, işçi isə əmək kitabçasını və son haqq-hesabı xx.xx.2022-ci il tarixdə almaqla bir il keçmədən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü madəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı, son haqq-hesab məbləği kimi 1805,12 manat olmaqla cəmi 5250,11 manat, ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmalı, vurulmuş mənəvi zərərə görə 200 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat alınaraq iddiaçı X4 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, hazırki tələb üzrə iddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan və cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın məbləği nəzərə alınmaqla, 76,50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə, ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməldir. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 3444,99 manat əmək haqqı və 1805,12 manat son haqq-hesab məbləği olmaqla cəmi 5250 (beş min iki yüz əlli) manat 11 (on bir) qəpik pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödənc hesablanmaqla ödənilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Cavabdeh MMC-dən 76 (yetmiş altı) manat 50 (əlli) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar