Məhkəmə qərarları › İş №2(011)-246/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-246/2022

14.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-246/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslərin Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması, həmin mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bünyad Sərdarov adına zavodda mühəndis-texnoloq vəzifəsində çalışmışdır. 20 yanvar 1987-ci il tarixli 25 saylı orderə əsasən Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, 829-cu keçid, məhəllə 2980-81 ünvanında yerləşən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxananın 4cü mərtəbəsinin 415 saylı otağına köçürülmüşdür. (Hal-hazırda ünvan dəyişərək Vunq Tau küçəsi 15, korpus 1, mənzil 415 olmuşdur). Həmin tarixdən də İddiaçı ailə üzvləri ilə həmin mənzildə yaşamışdır. 1992-ci ildə qonaq getdikləri bir neçə gün ərzində məcburi köçkünlər tərəfindən İddiaçı verilmiş mənzil qanunsuz olaraq zəbt edilmişdir. İddiaçı müharibə bitdikdən sonra mənzillə maraqlanan zaman məlum olmuşdur ki, ona məxsus mənzildə yaşayan məcburi köçkünlər həmin mənzildən çıxmışlar və Cavabdeh adlı şəxs iddiaçıya məlum olmayan səbəblərdən qanunsuz olaraq həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, həmin şəxs mənzili tərk etməmişdir, bu da iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Tərəflərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 01 sentyabr 1986-cı il tarixdən 20 dekabr 1994-cü il tarixədək B.Sərdarov adına maşınqayırma zavodunda işləmiş və işlədiyi dövrdə ona B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən zavod rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə Qərarı ilə 09 yanvar 1987-ci il tarixdə 6 saylı Protokola əsasən Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, 829-cu keçid, məhəllə 2980-81 ünvanında yerləşən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxanada məskunlaşmaq üçün 25 saylı order verilmişdir. Həmin order əsasında mübahisəli mənzil iddiaçının istifadəsinə verilmişdir. Həmin ünvan hal-hazırda dəyişərək ünvan 2il 45 olmuşdur. Cavabdeh hal-hazırda mübahisəli ünvanda qeydiyyatsız yaşayır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzili 20 yanvar 1987-ci il tarixli 25 saylı order əsasında əldə etdiyindən, mübahisənin həllinə 01.10.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1–ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1–ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı mübahisəli mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmişdir. Bu əsasla da iddiaçının mübahisəli mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı istinad edilən əmlaka münasibətdə qanuni sahib olmaqla yanaşı mənzilə dair gözləntisi olan şəxsdir. Belə olan halda cavabdeh mənzildə hər hansı qanuni əsası olmadan yaşamaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 20 yanvar 1987-ci il tarixli 25 saylı orderə əsasən Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, 829-cu keçid, məhəllə 2980-81 ünvanında yerləşən 415 saylı otaq iddiaçıya verilmişdir. (Hal-hazırda ünvan dəyişərək Vunq Tau küçəsi 15, korpus 1, mənzil 415 olmuşdur). Cavabdeh müvafiq mənzildə qanunsuz yaşaması iddiaçının mənzilə olan hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı istinad edilən evi alğı-satqı edərək əldə etdiyini qeyd etsə də bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, cavabdehin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh mübahisəli mənzildən çıxarılmalı, həmin mənzil cavabdeh tərəfindən boşaldılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının tanınması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməklə müvafiq dövlət orqanına müraciət etməli, mənzili özəlləşdirməli və daha sonra mənzil üzərində mülkiyyət hüquqlarını qeydə aldırmalıdır. Qeyd edilən prosesin həyata keçirilməsi zamanı hər hansı mübahisə yarandığı təqdirdə məhkəmə aidiyyəti qaydalarına riayət etməklə mübahisənin həllinə nail olmalıdır. Odur ki işin hazırkı mərhələsində iddia tələbinin təmin edilməsini məhkəmə mümkünsüz hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh və digər şəxslər Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, iddiaçı həmin mənzilə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və digər şəxslər Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılsınlar, mənzil boşaldılsın. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzilə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar