Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4844/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 hər birinə 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməklə Sumqayıt şəhəri 13-cü mkr, 26 saylı evin 27 saylı mənzilindən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 (uşağı xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə) və Cavabdeh2 hər birinə 10 000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməklə Sumqayıt şəhəri, 13-cü mkr, 26 saylı evin 27 saylı mənzilindən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 13-cü mkr, 26 saylı evin, 27 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçının keçmiş gəlini, digər Cavabdeh2 isə iddiaçının nəvəsidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 350/2018 saylı qətnaməsi ilə oğlu Allahquliyev Tahir Xudaqulu oğlu ilə X2 arasında Sumqayıt şəhər nikah evində xx.xx.1990-cı il tarixdə bağlanmış 1212 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək anası X1 yanında qalmaları, xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında aliment Allahquliyev Tahir Xudaqulu oğlundan tutularaq X3ma verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Hazırda cavabdehlər həmin mənzildə yaşayırlar. Bir mülkiyyətçi olaraq onun mənzilə daxil olmağına maneə törədirlər. Ona görə də hazırda cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməklə cavabdehlərin mənzildən çıxarılmaları və mənzilə köçürülməyi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 (uşağı xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə) və Cavabdeh2 hər birinə 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməklə Sumqayıt şəhəri, 13-cü mkr, 26 saylı evin 27 saylı mənzilindən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, onun himayəsində iki övladı var, hər ikisi gözdən qüsurlu olmaqla əlildir, onun köməkliyi olmadan sərbəst hərəkət edə biləcək durumda deyildirlər və onların sözügedən mənzildən başqa yaşayış yeri yoxdur. Lakin iddiaçı və onun oğlu, yənin onun keçmiş ərinin bu mənzildən başqa digər yaşayış yerləri vardır. O, keçmiş əri ilə məhkəmə qaydasında boşanmışlar, qətnamə ilə iki gözdən əlil övladları onun himayəsində yaşayırlar. Lakin iddiaçı bunu bilə-bilə onu və nəvələrini az miqdarda kompensasiya ödəməklə mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edib. O, bildirmək istəyir ki, digər övladı yetkinlik yaşına çatmadığı üçün ona kompensasiya düşmədiyini əsas gətirilər. Lakin o, buna etiraz edir və ona görə ki, 3 ildən sonra həmin övladı yetkinlik yaşına çatacaqdır. Qeyd edir ki, həm məhkəmə qətnaməsi, eləcə də, gözdən əlil olduğu üçün yetkinlik yaşına çatmayan övladı onun himayəsində qalır. Lakin iddiaçı bu halların heç birini düşünmədən onlara qarşı əsassız bir tələb irəli sürüb. Keçmiş əri uşağına heç bir maddi köməklik etmir, alimenti belə ödəməkdən boyun qaçırır. Hər iki övladının yükü onun üzərindədir. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsində qeyd olunan tələbə etiraz edərək 20000 manat deyil, ən azı 30000 (otuz min) manat kompensasiya verilməsini xahiş edir. Əks halda onun və övladlarının aqibəti çox acınacaqlı olacaqdır. Məhkəmədə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, kompensasiyanın 3000 manat olmasını, olmadığı halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, vəkili və nümayəndəsi Vəkil2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 27 xüsusi mülkiyyət hüququ əsasında İddiaçınən adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Allahquliyev Tahir Xudaqulu oğlu ilə Cavabdeh1 arasında Sumqayıt şəhər Nikah evində xx.xx.1990-cı il tarixdə bağlanmış, 1212 nömrəsi ilə qeydə alınmış nikahən pozulması, birgə nikahdan doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu yetkinlik yaşına çatana qədər anası Cavabdeh1 yanında qalması və 22 sentyabr 2017-ci il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2008ci il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 136 manat, ümumilikdə 272 manat miqdarında aliment Allahquliyev Tahir Xudaqulu oğlundan tutularaq Allahquliyev Tahir Xudaqulu oğlundan tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh2 İİ qrup gözdən əlildir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, №001400 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh2 uşaqlıqdan əlildir. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyin 07469 nömrəli üzvülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyin Sumqayıt Şəhər Təşkilatının üzvüdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, №001388 saylı vəsiqənin surətindən görünür ki, X7 oğlu uşaqlıqdan əlildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspertin arayışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 26 saylı evin, 27 saylı mənzilinin orta bazar qiyməti 75000 manat təşkil edir. Həmin mənzilin aylıq kirayə haqqısı isə 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və azyaşlı xx.xx.2008-ci il təvəllüdlü Allahquliyev Tahir Xudaqulu oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 27-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Nemət qızı Sumqayıt şəhər Mediasiya Şurasının mediatoru X6 xx.xx.2022-ci il tarixində, 09:00-09:15 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehlər həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X9 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı Nemət qızı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməklə, onun xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları və eyni zamanda mənzilə köçürülməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və gəlini olan cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehlərin hər birinə 10000 (on min) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 26 saylı evin, 27 saylı mənzilindən cavabdehlər Cavabdeh1 (uşağı xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə) və Cavabdeh2 hər birinə 10000 (on min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməli və iş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 26 saylı evin, 27 saylı mənzilindən cavabdehlər Cavabdeh1 (uşağı xx.xx.2008-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə) və Cavabdeh2 hər birinə 10000 (on min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılsınlar. İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, 26 saylı evin, 27 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4844/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4844/2022
21.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver