Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2517/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Cavabdeh ilə nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010)-2619/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra həmin qətnaməyə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 onun himayəsində qalıb. Lakin qətnamədə uşağın saxlanılması üçün aliment təyin edilməyib. Cavabdeh uşağın saxlanmasında və onun təminatlarının ödənilməsində çətinlik çəkməyinə baxmayaraq ona heç bir köməklik göstərmir. Belə ki, övladların yaşı artdıqca onların tələbatı da artır. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin o problemin həlli ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin bu məsələ ilə bağlı ona məhkəmyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, 350 manat məbləğində alimentin təyin olunmasına etiraz etmişdir. O, məhkəməyə yazılı ərizə təqdim edərək 250 manat alimentin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2619/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində 23 iyul 2017-ci ildə bağlanmış və “nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1768 №-si ilə qeyd edilmiş nikahın pozulması, 04 aprel 2021-ci il tarixdə doğulmuş X1 İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı ilə Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər və mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də “bölmə rəhbəri” vəzifəsində işləyir, aylıq əmək haqqısı 600 manat təşkil edir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də “operator” vəzifəsində işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, 250 manat məbləğində alimentin ödənilməsinə razıdır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 250 manat məbləğində müəyyən edilməlidir. İş materialları ilə cavabdehdən 250 manat məbləğindən daha artıq məbləğdə alimentin tutulmasına əsas verə biləcək cavabdehə aid müvafiq gəlir məlumatları müəyyən edilmədiyindən, iddia tələbləri cavabdehdən 250 manat məbləğində sabit pul şəklində alimentin tutulması hissəsində təmin edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2517/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2517/2024
13.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver