Məhkəmə qərarları › İş №2(011)-2521/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2521/2023

06.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2521/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “məcburi payın miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 76 saylı evin 146 saylı mənzili (Bundan sonra – Mənzil) əvvəllər tərəflərin anaları – X1 mülkiyyət olmuş, onun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınaraq bu barədə Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış verilmişdir.

2. Mənzil xx.xx.2014-cü il tarixdə Əqiqət Məmmədova tərəfindən bağışlama müqaviləsi əsasında cavabdehə bağışlanmış və sonuncunun mülkiyyət hüququ ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

3. Əqiqət Məmmədova xx.xx.2022-ci il tarixində ölmüş, ondan miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixində vərəslik işi açılmış, iddiaçı anasının vərəsəsi kimi tanınmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı X2 ilə cavabdeh arasında bağlanmış 4ə-01-08 saylı, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi və Mənzilin ½ hissədə iddiaçının miras əmlakına dair məcburi payının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 28,88 kv.m, yardımçı sahəsi 19,1 kv.m., ümumi sahəsi 47,98 kv.m. olan 2 otaqlı mənzil üzrə onun (məcburi pay sahibi vərəsə) məcburi pay almaq hüququnun miqdarının tamamlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd etmişdir ki, mərhum anası xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İddiaçı anasının ölümündən sonra Bakı şəhəri Yasamal rayonu 19 saylı notariat ofisində miras əmlakı üzrə payının müəyyən edilməsi üçün “vərəsəlik işi“ açdırmış və notariat ofisi tərəfindən miras əmlakının müəyyən edilməsi ilə bağlı sorğu əsasında məlum olmuşdur ki, mərhum anasından miras əmlak olaraq düşündüyü Mənzil 40 saylı notariat ofisində 4ə-01-08 saylı, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi əsasında cavabdehin adına özgəninkiləşdirilmişdir. Bu məsələdən o həmin zaman xəbərdar olmuşdur. Mənzili anası öldüyü tarixə qədər onun adından başqa şəxsə, yəni cavabdehin adına özgəninkiləşdirilməsindən xəbərdar olmamışdır. Bu səbəbədən iddia qaldırılmasına dair müəyyən edilmiş iddia müddətinin axını mərhum anasının ölməsi tarixindən və vərəsəlik işi zamanı AR İİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubunu aldığı tarixdən hesablanmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, anası ilə onun arasında bağlanmış müqaviləyə iddiaçı heç bir maneçilik törədə bilməzdi. Belə ki, iddiaçı həmin mənzildə qeydiyyatda olmamış və yaşamamışdır. Belə olan halda anasınıın mənzilini ona bağışlamasından iddiaçının xəbərinin olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. İddiaçının anası ilə cavabdehin arasında bağlanmış müqavilədən xəbəri olmuşdur. Hazırda onun müqavilədən 9 il müddət keçdikdən sonra onu mübahisələndirməsi isə qərəzdən başqa bir şey deyil. 2022-ci ildə cavabdeh iddiaçıya qarşı atasından miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 113, mənzil 66-nın hərrac yolu ilə satılması və əldə olunan pulun payına uyğun verilməsi barədə iddia qaldırdıqdan sonra, o da qərəzli olaraq hazırkı iddia tələbini irəli sürmüşdür. Lakin onun iddiası əsassızdır və qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verilmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etdi.

9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

11. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

12. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə cavabdehin izahaını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

18. İş materialları əsasında müəyyən olunur ki, Mənzil bağışlanana qədər Əqiqət Məmmədovanın mülkiyyətində olmuşdur. xx.xx.2014-cü il tarixdə 4-Ə-1-08 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi əsasında mənzil Əqiqət Məmmədova tərəfindən oğlu - cavabdehə bağışlanmışdır. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin bacısıdır.

19. Məhkəmə iddia tələbinə münasibətdə öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilir ki, Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: 1) tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; 2) əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; 3) əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli: 4) həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Yalnız bu dörd şərtin hər biri eyni zamanda mövcud olduğu təqdirdə vərəsinin miras əmlakdan ona çatası olan məcburi payın bağışlanmış əmlak hesabına artırılmasını tələb etmək hüququ mövcud olur.

20. Məhkəmə birinci şərtlə bağlı qeyd edir ki, iddiaçının məcburi pay hüququna malik şəxslər sırasına aiddir. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay almaq hüququ olan şəxslərin əhatə dairəsi qeyd edilmişdir. Onlar: vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin arvadı (əri), övladları və valideynləridir. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı miras qoyan – Əqiqət Məmmədovanın qızıdır.

21. İkinci şərtlə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli Çıxarış əsasında Əqiqət Məmmədovun mülkiyyətində olan Mənzil xx.xx.2014-cü il tarixli Bağışlama müqaviləsi əsasında oğluna – cavabdehə bağışlanmış və cavabdehin Mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, sadalanan hər iki şərtin mövcudluğu nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

22. Üçüncü şərt isə hazırkı mübahisə üzrə mövcud deyil. Belə ki, işdən görünür ki, Mənzilin bağışlanmasından və bu yolla cavabdehin mülkiyyətinə keçməsindən artıq 8 ildən çox müddət ötmüşdür. Məhkəmə birinci növbədə qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsində bəhs olunan iki il müddət müqavilənin bağlandığı tarixdən məhkəməyə müraciət olunan müddəti deyil, hədiyyənin verilməsi tarixindən mirasın açıldığı vaxtadək olan müddəti ehtiva edir. AR Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən mirasın açıldığı vaxt - miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün sayılır. Yuxarıda da qeyd edildiyi kimi Mənzil Əqiqət Məmmədova tərəfindən xx.xx.2014-cü il tarixdə cavabdehə hədiyyə verilmişdir, Əqiqət Məmmədova isə xx.xx.2022-ci il tarixdə ölmüşdür.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsi məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.

24. İddiaçı Mənzilin cavabdehə bağışlanmasından yeni məlumatı olmasını əsas gətirsə də, məhkəmə qeyd edir ki, qanunvericilik yuxarıda qeyd olunan iki il müddətin axımının nə vaxt başlandığını və nə vaxta qədər davam etdiyini dəqiq müəyyən etmiş, məcburi payın tamamlanmasını tələb etmək hüququ olan vərəsinin əmlakın hədiyyə edilməsindən məlumatlı olduğu hal istina edilməmişdir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar