Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2568/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu –İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlə aralarında 17 mart 2020-ci il tarixində bağlanmış 2262 saylı kredit müqaviləsinin və Bakı şəhəri, 6 saylı notariat ofisində 3M-695 nömrə ilə qeydə alınmış 17 mart 2020-ci il tarixli kredit və ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 17.03.2020-ci il tarixli, kredit və ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin müqavilələrin ləğvi barədə cavabdehə xəbərdarlıq göndərməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehlə aralarında bağlanmış kredit və ipoteka müqaviləsinin, konkret müddət göstərilməklə, ləğv edilməsi barədə ona xəbərdarlıq göndərilməli, cavabdeh tərəfindən müqavilənin ləğvindən imtina barədə bildiriş aldıqdan sonra, yaxud xəbərdarlığında göstərdiyi müddət ərzində məlumat almadıqda, iddia ərizəsi ilə (pretenziyaya dair sənədlər iddia ərizəsinə ılavı edilməklə) məhkəməyə iddia ərizəsi ilə mürciət etməli idi. Məhkəmənin qeyd etdiyi bu imperativ qayda Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin müddəaya əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.1 və 423.2-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınma qaydasına riayət etmədiyindən və buna dair sübutları iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Rcspublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdeh “PSG Finans“ BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit və ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2568/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2568/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver