Məhkəmə qərarları › İş №2(011)-2634/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2634/2024

09.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2634/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhəri 51 saylı Notariat ofisinə qarşı “icra qeydinin etibarsızlığı və müqaviləyə xitam verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli Abunə müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X1 qəbul etdiyi icra qeydinin qanunsuz sayılması və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri 51 satlı Notariat ofisi tərəfindən Cavabdeh2 MMC-nin xeyrinə ondan 55,08 manat məbləğində pulun tutulması barədə icra qeydi aparılmışdır, həmin icra qeydi onunla Cavabdeh2 MMC arasında bağlandığı göstərilən xx.xx.2019-cu il tarixli Abunə müqaviləsi olmuşdur, lakin o, Cavabdeh2 MMC nəinki belə bir müqaviləni, ümumilikdə hər hansı müqavilə imzalamamışdır, həmin müqavilədəki imza ona məxsus deyil, bununla bağlı Cavabdeh2 MMC-ə müraciət etsə də, nəticəsi olmamışdır, Cavabdeh2 MMC onun bu barədə tələbinə məhəl qoymamış, onun qeyd etdiyi bu halları araşdırmadan ancaq pul tələb etmişdir, lakin hazıki ekspert rəyindən də görünür ki, qeyd edilən müqavilədək imza ona məxsus olmamaqla, onun Abunə müqaviləsi üzrə hansı iradə ifadəsini əks etdirmədiyini göstərir, bu hallar isə müqavilənin və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsi üçün əsasdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeyindən görünür ki, Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı 55,08 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla, 80,08 manat tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeydi xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi əsasında verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsindən görünür ki, abunəçi “İddiaçı Şəmil oğlu” qeyd edilməklə, “**********” nömrəsinin satışına dair müqavilə bağlanmış, Cavabdeh2 MMC və abunəçi qrafaları imzalanmışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nni İddiaçı ünvanladığı məktubdan görünür ki, Cavabdeh2 MMC İddiaçı bildirmişdir ki, “Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli müraciətinizlə əlaqədar nəzərinizə çatdırırıq ki, ********* nömrəyə dair Sizinlə "Bakcell” MMC arasında xx.xx.2019-cu il tarixli, PC4195262 saylı Telekomunikasiya xidmətləri müqaviləsi mövcuddur və müvafiq nömrənin adınıza qeydə alınması zamanı AZE ******** nömrəli şəxsiyyət vəsiqənizin və “Yeni Azərbaycan partiyasının 271120 nömrəli üzvlük vəsiqənizin surəti də təqdim olunmuşdur. Həmin Müqaviləyə görə Abunəçi Operator qarşısında yaranmış borca görə tam məsuliyyət daşıyır. Qeyd etmək isətəyirik ki, sözügedən nömrə faktura xətti olan nömrələr sırasına aiddir. Fakturalı xətt - sonradan ödəmə (abunəlik) sistemi üzərində qurulmuş ödəmə üsuludur, yəni müvafiq nömrələrdə hər ayın əvvəli avtomatik şəkildə abunə haqqı hesablanır. Hal-hazırda ********* nömrənin borcu 55.07AZN (2021-ci ilin mart ayı üzrə abunə haqqı və istifadəsi və aprel-may ayları üzrə abunə haqqı) təşkil edir. Əgər ********* nömrənin əldə olunması ilə bağlı hüquqlarınızın pozulmasını iddia edirsinizsə, aidiyyəti hüquq mühafizə orqanına və ya məhkəməyə müraciət edə bilərsiniz.” İş materiallarında olan "xxxx" MMC-nn 4/1088 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, Abunə müqaviləsində “Abunəçi” bölməsindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarında olan vəsiqədən görünür ki, İddiaçı müharibə iştirakçısıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı 55,08 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla, 80,08 manat tutulmasına dair Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli icra qeydi aparılmışdır, həmin icra qeydinin əsasını Cavabdeh2 MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi təşkil etmişdir, iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilir, iddiaçı müqavilədəki onun imzanın ona məxsus olmadığını bildirir və bununla bağlı Cavabdeh2 MMC-yə müraciət etmişdir. Bununla belə, xx.xx.2019-cu il tarixli müqavilənin İddiaçı aid olmasına dair hallar, həmçinin müqavilənin etibarsız hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, 4/1088 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı nəzərdən keçirib hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməklə müqavilə üzrə borca dair iddiaçının aidiyyətinin müəyyən olunmasında ekspertin gəldiyi nəticə nəzərə alınmalı, iddiaçının öhdəliyinin əsası kimi göstərilmiş xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan hazırki iddia tələbi təmin edilməli, mübahisələndirilən Abunə müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;tələbkarın adı və ünvanı;borclunun adı və ünvanı: ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün);icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş icra qeydi ləğv edilməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi təmin edildiyindən və Cavabdeh2 MMC-nin dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, qiymətləndirilməyən iddia ərizəsinə görə 100 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 manat cavabeh Cavabdeh2 MMC-ə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 MMC və İddiaçı arasında bağlandığı qeyd edilən xx.xx.2019-cu il tarixli, PC ******* saylı Abunə müqaviləsi etibarsız hesab edilsin Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-10659 reyestr nömrəli icra qeydi ləğv edilsin. Cavabdeh2ndən dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manat Cavabdeh2ndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar