Məhkəmə qərarları › İş №2(011)-2637/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2637/2025

18.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2637/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh Cəmiyyətin İnsan resursları şöbəsində mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, iddiaçıya ödənilməli olan əmək haqqının məbləği 442 manat müəyyən edilmişdir.

2. Cavabdehin xx.xx.2024-cü tarixli, 04/06 saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.

3. İddiaçının müraciəti əsasında aprılmış araşdırmanın nəticəsi olaraq AR ƏƏSMN yanında X1 Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş bank çıxarışları, eyni zamanda elektron informasiya sisteminə baxış zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə elektron informasiya sistemində mövcud olan 04/06 nömrəli əmrdə istifadə edilməmiş 21 məzuniyyət gününə görə kompensasiya nəzərdə tutulsa da, əmək müqaviləsinə xitam günü və növbəti günlərdə son haqq-hesab ödənişinin olmadığı məlum olmuş və bununla bağlı cavabdehin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı 2024-cü ilin yanvar, fevral, mart və 21 aprel tarixinədək aylar üzrə 442 manat məbləğində aylıq əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə əmək haqqının ən azı 1%-i məbləğində ödəncin və iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh arasında xx.xx.2023cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, qeyd olunan MMC-də İnsan Resursları üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Müəyyən səbəblərə görə 04 mart 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinin öz xahişimlə xitam verilməsini xahiş etmişdir. MMC-nin direktor X2 ərizəni nəzərə alaraq, xx.xx.2024-cü il tarixdən onu tutduğu vəzifədən azad etmişdir. Lakin onun əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesab cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin əsas məzuniyyət hüququ 30 təqvim günü olmasına baxmayaraq, cavabdeh tərəfindən 21 təqvim günü kimi qeyd edilmişdir və ümumiyyətlə əmək müqaviləsinə xitam verilən zaman əsas əmək məzuniyyəti hüququndan istifadə etmədiyinə görə ona heç bir kompensasiya ödənilməmişdir. Bundan başqa, 2024-cü il üzrə yanvar, fevral, mart və 21 aprel tarixədək 442 manat məbləğində olan aylıq əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Bununla əlaqədar ona verilməli olan son haqqhesabın və ona verilməli olan əmək haqqının hesablanaraq ödənilməsi barədə cavabdehə dəfələrlə bildirməyinə baxmayaraq, cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir. X3 Bakı şəhər İdarəsi tərəfindən müraciətinə 05 sentyabr 2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə elektron sistemdə mövcud olan 04/06 nömrəli əmrdə istifadə edilməmiş 21 məzuniyyət gününə görə kompensasiya nəzərdə tutulsa da, xitam günü və növbəti günlərdə son haqq-hesab ödənişi olmadığı məlum olunmuşdur. Qeyd olunanlara əsasən, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, 20 avqust 2024- cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə iclasında idda ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

9. Maddə 1, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

10. Maddə 131, 1-ci hissə. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

11. Maddə 135, 1-ci hissə. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

12. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

13. Maddə 172, 1-ci bənd. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

14. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2023-cü il tarixdən müddətsiz Cəmiyyətin İnsan resursları şöbəsində mütəxəssis vəzifəsində işləməsi işin mübahisəsiz halıdır və iş materialları ilə müəyyən edilir ki, Cəmiyyətin ona ödnəilməmiş əmək haqqı (əmək haqqı və məzuniyyət haqqı) borcu vardır.

21. Belə ki, iş materiallarında iddiaçının adına açılmış bank hesabı barədə çıxarışından görünür ki, ona sonuncu dəfə əmək haqqı xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq 2024-cü ili yanvar-apel aylarına görə əmək haqqı ödənilməmişdir.

22. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə edilmiş müraciət etmiş, onun müraciıtinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda Müfəttişlik bildirmişdir ki, araşdırma zamanı cavabdeh Cəmiyyətin rəhbərliyi tərəfindən iddiaçıya aylıq əmək haqqının ödənilməməsi məlum olmuşdur. Buna görə də, cavabdeh Cəmiyyətin işəgötürəni barəsində İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli MN1292279 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir.

23. Şərh edilənlərdən də göründüyü kimi, cavabdeh tərəfindən Cəmiyyətdə mütəxəssis vəzifələrdə işləmiş iddiaçının qeyd edilən aylar üzrə əmək haqqı ödənilməmişdir. Əmək haqqının vaxtında ödənilməməsinə görə isə qanunda işəgötürən məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, ƏM-nin 172-ci maddənin büşinci hissəsində qeyd edilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

24. Dəfələrlə məhkəmə ilasına çağırılsalar da, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də iddiaçıya əmək haqqının verilməsinin gecikdirilməsinin üzürlü səbədən baş verib-veməməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iş materialları əsasında bu nəticəyə gəlir ki, iddiaçıya həm 2024-cü ilin yanvar-aprel (əmək müqaviləsinə xitam verildiyi günədək) ayları üzrə əmək haqqı, həm də həmin aylar üzrə əmək haqqının kecikdirilməsinə görə qanunla müəyyən edilmiş 1% məbləğində ödənc iddiaçıya ödənilməlidir.

25. Məhkəmə hesab edir ki, iddia tələbi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi hissəsində də təmin edilməlidir. Belə ki, yenə də iş materiallrı ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsidə qeyd edilir ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır. İddiaçının işə başlamasından onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinədək keçə müddət altı aydan çoxdur, bu halda iddiaçının məzuniyyət hüququ yaranmışdır. Lakin cavabdeh iddiaçının əmək məzuniyyətindən istifadə etməsi barədə məhkəməyə hüç bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçının adına açılmış bank hesabı barədə çıxarışından görünür ki, əmək müqaviləsinə xitam veriləkən ona son haqq-hesab da ödənilməmişdir. ƏM-nin 83-cü maddəsinin 4-cü bəndində də göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

26. Beləliklə, şərh edilənlərdən görünür ki, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya son haqq-hesab ödənilməmişdir.

27. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

28. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda) və 9.1.1-ci maddəsində (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 127,30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-ci maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. 2024-cü ilin yanvar, fevral, mart və 21 aprel tarixinədək aylar üzrə 442 manat məbləğində aylıq əmək haqqı, verilməli olan əmək haqqının gecikdirilməsinə görə əmək haqqını 1%-i məbləğində ödənc və iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetə yükləndiyi) gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar