Məhkəmə qərarları › İş №2(011)-2639/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2639/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2639/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh 193 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətlərində olmuşlar və bu münasibətdən 25.05.2015-ci il təvəllüdlü X3 anadan olmuşdur, artıq cavabdehlə 1 ilə yaxındır ki heç bir əlaqə yoxdur, uşaqla birlikdə atasına məxsus evdə yaşayır, övladının təlim-tərbiyəsi, maddi baxımdan saxlanılmasını özü və ailəsi tərəfindən qarşılanır, onun saxlanması üçün yardıma ehtiyacı vardır, cavabdeh uşaqla ünsiyyət tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir, iş hazırda həmin məhkəmənin icraatındadır, bu ildən uşaqların saxlanılması üçün pul vəsaiti 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul edir, birgə nikahdan doğulmuş 25.05.2015-ci il təvəllüdlü X1 üçün qətnamə çıxarıldığı tarixdən hər ay 193 manat aliment ödəməyə razıdır. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə, məhkəməyə yazılı ərizə ilə müraciət edərək, himayəsində olan azyaşlı övladına görə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş emişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 574048 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 25.05.2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10.07.2015-ci il tarixdə 3786 nömrə ilə qeydiyyat aparılmışdır. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZE seriyalı 12887233 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 25.05.2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 25.05.2015-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaq hazırda ananın himayəsindədir, cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşağın mənafeyinin müdafiəsi zəruriliyi, uşaqlar üçün yaşayış minimumunu və diqqətəlayiq digər halları, habelə cavabdehin razılığını nəzərə alaraq alimentin iddia tələbi həddində olmaqla sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay 193 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 15.03.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də iddia ərizəsinin verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 25.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15.03.2022-ci il tarixdən hesablanmaqla, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 1000 manatdan artıq (2316 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 33 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 25.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15.03.2022-ci il tarixdən hesablanmaqla, hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 33 (otuz üç) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar