Məhkəmə qərarları › İş №2(011)-2676/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2676/2024

08.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2676/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “bağışlama müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehə Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 126 kv.metr, yaşayış sahəsi 73,8 kv.metr yardımçı sahəsi 52,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin bağışlanması barədə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-896 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğludur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli, 4Ə-896 nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 126 kv.metr, yaşayış sahəsi 73,8 kv.metr, yardımçı sahəsi 52,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini ona bağışlamışdır. Bağışlamada məqsəd ondan ibarət idi ki, dədə-baba yurdunun saxlanılması və qorunması vəzifəsi iddiaçının övladına həvalə edilsin. Lakin 2023-cü il tarixdə ona məlumat verilmişdir ki, cavabdeh iddiaçının ona bağışladığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh tərəfindən dəyərindən 10 dəfə aşağı qiymətə özgəninkiləşdirmək üzrədir. Məhz vaxtında xəbər tutduğu üçün o, bu hərəkətin qarşısını almışdır və ev üçüncü şəxslərin mülkiyyətinə keçməmişdir. Lakin əldə etdiyi məlumata əsasən cavabdeh yenidən qeyd edilən mənzili başqa şəxslərə dəyər-dəyməzinə özgəninkiləşdirmək niyyətindədir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh ona bağışlanan əmlakın dəyərindən məlumatsız olmaqla yanaşı bu əmlakın ailə üçün mənəvi dəyərindən də xəbərsizdir. İddiaçı vəziyyətin belə olacağını əvvəlcədən bilsəydi o, qeyd edilən əmlakı cavabdehə bağışlamazdı, öz mülkiyyətində saxlayardı. Müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün o, cavabdehə məktubla müraciət etmişdir. Lakin cavabdeh orada müəyyən edilən 7 gün ərzində müqavilənin ləğvi üçün notariat orqanına yaxınlaşmamışdır və bu səbəbdən də müqavilənin ləğvi baş tutmamışdır.. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, oğlu Cavabdeh öz hərəkətlərini anlamır. O, əsgərlikdən qayıtdıqdan sonra xasiyyəti dəyişmişdir, telefonunda oyun var ki oynayır və asılıdır. Oğlu pis yola düşmüşdür. Evdə bəzi əşyaları satmışdır, üzərinə çoxsaylı borclar yığmışdır. İddiaçı həmin borcları ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh rəhmətlik anasından qalan əmlakları da satmışdır. Onlar cavabdehi təhbeh etmişlər. Cavabdeh ailə dəyərlərinə ziyan vuraraq ona bağışlanmış mübahisəli Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən yaşayış evini də dəyər-dəyməzinə özgəninkiləşdirmək istəyir. Daha əvvəl bir dəfə cavabdeh həmin əmlakı özgəninkiləşdirmişdir, lakin iddiaçının müdaxiləsi nəticəsində əmlakı alanlar əmlakı geri qaytarmışlar. İddiaçı güman edir ki, hazırda da oğlu əmlakı özgəninkiləşdirmək istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməklə, məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməklə, məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən İddiaçı Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsini və üzərində yerləşən 126 kv.metr fərdi yaşayış evini hədiyyə alan Cavabdeh bağışlamışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin 7 gün müddətində ləğvi təklif edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi və üzərində yerləşən Liter A adlı 126 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh məxsusdur. İş materiallarında olan Cavabdeh ilə X3 aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli “müqavilənin ləğvinə dair müqavilə”nin surətindən görünür ki, Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsinin və üzərində yerləşən 126 kv.metr fərdi yaşayış evinin Cavabdeh tərəfindən X1 barədə xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh atasıdır. İddiaçı xx.xx.2020-ci il tarixdə özünə məxsus daşınmaz əmlak olan mübahisəli Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini və üzərində yerləşən 126 kv.metr fərdi yaşayış evini cavabdehə bağışlamışdır. Hazırda cavabdeh sözügedən daşınmaz əmlakın üçüncü şəxslərin adına özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə sözügedən bağışlama müqaviləsinin tələbi barədə iddia irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə görə mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 397.2.-ci maddəsinə görə müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Həmin Məcəllənin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 666.1.-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmin Məcəllənin 666.2.-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1.-ci maddəsinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 668.1.1.-ci maddəsinə görə hədiyyə verənin bağışlamaqdan imtina edə bildiyi hallar: hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Mülkiyyət və mülkiyyətin bağışlanmasına dair münasibətləri tənzimləyən qanunvericiliyin tələblərindən göründüyü kimi, hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alanın zəngilləşməsi və ya sair maddi təminat əldə etməsi ilə şərtləndirilmir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin məzmunundan müəyyən edilir ki, bağışlama hər hansı öhdəliklə şərtləndirilməmişdir. Həmçinin, Mülki Məcəllənin 673.1-ci maddəsi ilə bağışlamaqdan imtinanın üç əsası müəyyən edilmişdir: hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Bundan başqa, Mülki Məcəllənin 421-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Lakin cavabdehin bağışlama müqaviləsini əhəmiyyətli dərəcədə pozması, hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya bağışlama ilə bağlı öhdəliklərini icra etməməsi işin halları ilə müəyyən edilməmişdir. İddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilən xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblərini əsaslandıran şübhədən kənar sübutları məhkəməyə təqdim etmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “Lerik şəhəri, Həzi Aslanov küçəsi 201 ünvanında yerləşən ümumi sahəsi 126 kv.metr, yaşayış sahəsi 73,8 kv.metr yardımçı sahəsi, 52,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin bağışlanması barədə” Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-896 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar