Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2761/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Alşanov Elvinə qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Alşanov Elvinin birgə ailə münasibətlərindən doğulmuş 31.07.2017-ci il təvəllüdlü qızı X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası- Elvin Alşanovdan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, 31.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Elvin Alşanovdan hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh 08.10.2016-cı ildə Gürcüstan Respublikasının vətəndaşı olan cavabdeh Elvin Alşanovla qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, bu nikahdan 31.07.2017-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir, onlar bir müddət Gürcüstan Respublikasında yaşamışlar, sonra 2016-cı ilin dekabr ayında Bakı şəhərinə qayıtmışlar, bundan isə təqribən ilyarım sonra onlar ayrılmışlar, belə ki, cavabdeh ailəsinə tam diqqətsiz olmuş, pis vərdişlərə qurşanmışdır, 2018-ci ilin avqust ayının sonlarında isə daimi yaşadığı Gürcüstan Respublikasına getmiş və bir daha geri qayıtmamışdır, bundan sonra iddaçı azyaşlı uşağını təkbaşına böyütmək məcburiyyətində qalmışdır, o vaxtdan etibarən cavabdeh uşağın saxlanılmasında iştirak etmir və buna görə də uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulmalıdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, AZ-İV seriyalı 017141 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 31.07.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Alşanov Elvin--, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 333106 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, vətəndaş Alşanov Elvin -- 31.07.2017-ci il tarixdə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 02.10.2017-ci il tarixdə 295 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdərəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanlanan 15.03.2019-cu il tarixli 05/490 saylı məktubundan görünür ki, Gürcüstan vətəndaşı, 29.04.1991-ci il təvəllüdlü Alshanov Elvinin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 89, mənzil 8-dir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin 270 saylı 15.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh M.Hadi küçəsi ev 89, mənzil 8-də yaşamır və qeydiyyatda yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin qeyri-rəsmi nikahlarından 31.07.2017-ci il təvəllüdlü Elif adlı bir uşaqları vardır, uşaq ananın yanındadır, uşağın saxlanma xərclərində cavabdeh iştirak etmir. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşağın əvvəlki yaşayış səviyyəsini və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay 175 manat müəyyən edilməsini məqsədəmüvafiq sayır. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 18.02.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda işlərə baxmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 31.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Elvin Alşanovdan hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 31.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 18.02.2021-ci il tarixdən başlayaraq, Elvin Alşanovdan hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Elvin Alşanovdan 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbuledildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2761/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-2761/2021
18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver