Məhkəmə qərarları › İş №2(011)-2796/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2796/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2796/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin; hamiləlik dövründə və ümumi uşağın doğulduğu gündən 3 il ərzində hər ay 200 manat alimentin, cəmi 435 manat məbləğində alimentin cavabdeh X6 tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X9 ilə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət" Mərkəzinin Qeydiyyat şöbəsində nikahını rəsmləşdirərək ailə qurmuşlar. Birgə nikah dövründə 1 övlad dünyaya gəlmişdir və hazırda da digər övlada hamiləlik dövründədir. Cavabdehlə birgə təsərrüfat aparmırlar. Cavabdeh hazırda ona hamiləlik dövrü üçün heç bir maddi köməklik etmir. Halbuki, işləmir, həkimə, dərmanlara, müalicə və müayinələrə xeyli miqdarda vəsait lazımdır ki, bunu o, təkbaşına edə bilmir. Bu səbəbdən də hesab edir ki, cavabdeh hamiləliyi dövründə və ümumi uşaqları doğulduğu gündən üç il ərzində hər ay üçün 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində ona aliment ödəməlidir. Həmçinin cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün də heç bir nə maddi, nə mənəvi köməklik göstərmir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə verərək, birgə nikahdan olan 01.08 2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 235 manat olmaqla 470 manat alimentin; xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər uşağa 100 manat olmaqla, 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə teleqramla müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar işin təxirə salınmasını xahiş etmişdir. Həmin ərizəyə mötəbər sübut əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X4 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” X7 920 saylı akt qeydinə əsasən rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişlər, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" X14 tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, 1994-cü il təvəllüdlü vətəndaş X5 həqiqətən də hamiləliyi ilə əlaqədar “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutu” X12 qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" X14 tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, 1994-cü il təvəllüdlü vətəndaş X5 həqiqətən də xx.xx.2024-cü il tarixində cinsi kişi, çəkisi 3630 qr, boyu 53 sm olan övladını Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" X12 cərrahi yolla dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışında görünür ki, İddiaçı "xxxx" MMC-də “menecer” vəzifəsində işləyir, əmək haqqısı 1.303,95 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışında görünür ki, Cavabdeh iş yeri müəyyən olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaqlar isə iddiaçının yanında qaldığından, uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, xx.xx.2024-cü il təvəllüdlü X2 üçün aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Belə ki, həmin uşağın saxlanılması üçün alimentin tutulması barədə müvafiq ərizə iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Qeyd olunan Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşlarına çatanadək hər uşağa görə 100 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə iddia tələblərini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır Belə ki, Cavabdeh uşaqlarının 3 yaşına çatanadək İddiaçı xeyrinə hər uşağa 100 manata olmaqla, cəmi 200 manat alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessial Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 76,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki otuz beş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki otuz beş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. 76,40 (yetmiş altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar