Məhkəmə qərarları › İş №2(011)-2834/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2834/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2834/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “Hyundai Elantra” minik markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçıya məxsusdur.

2. İddiaçı tərəfindən Avtomobilin idarə edilməsi üçün Cavabdeh1 xx.xx.2023-cü il tarixdə etibarnamə verilmiş, etibarnamənin xx.xx.2030-cu il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur.

3. Cavabdeh1 tərəfindən Avtomobil idarə edilməsi üçün Cavabdeh2 verilmiş, sonuncunun Avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə iddiaçıya məxsus Avtomobilə ziyan vurulmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı cavabdehlərdən müştərək qaydada 4120 manat pulun, mənəvi zərərə görə 300 manat xərcin və iddia ərizəsi üçün ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mülkiyyətində olan avtomobili satmaq qərarına gəlmiş və bu barədə tanışı hazır ki iş üzrə cavabdeh X1 təklif etmişdir. Cavabdeh X2 isə təklifini qəbul etmiş və nəqliyyat vasitəsini idarə etmək üçün müəyyən müddətə ondan ona etibarnamə verilməsini xahiş etdi. 28 noyabr 2023-cü il tarixində cavabdeh X1 Avtomobili idarə etmək üçün 2031-ci il tarixədək etibarnamə verilmiş və aralarındakı razılaşmaya əsasən cavabdeh X2 05 dekabr 2023-cü il tarixinədək nəqliyyat vasitəsinə pul görə 6500 manat ödəməsini üzərinə götürmüşdü. Lakin cavabdeh X2 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməklə yanaşı Avtomobil ilə qəza törətmiş və nəqliyyat vasitəsinə ciddi ziyan vurmuşdur. Bunun səbəbini aydınlaşdıranda isə cavaodeh X2 qəzanı onun xalası oğlu Cavabdeh2 tərəfindən törədildiyini və zərərin isə cavabdeh X2 tərəfindən qarşılacağını bildirmişdi. Bundan sonra digər Cavabdeh2 da ona telefonla zəng vuraraq həmin hadisənin onun tərəfindən törədildiyini etiraf etmiş və dəymiş zərəri yaxın müddətdə ödəniləcəyini bildirmişdi. Baş vermiş hadisədən sonra cavabdehlərdən heç bir xəbər çıxmadığına görə onların hərəkətinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 178.1-ci maddəsinə əsasən məcburi gətirilmə tətbiq etməklə təqsirkar şəxslər barəsində cinayət işinin açılmasını və onun əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin tərəfindən araşdırılma aparılmış, ona isə mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, həqiqətən Avtomobilə çəkilən xərclərin dəyəri 4.120 manat təşkil etmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

18. Məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh1 qarşı irəli sürməkdə haqlıdır.

19. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, Avtomobili isə son olaraq Cavabdeh1 idarə etməyə qanunla müəyyən edilmiş qaydada hüququ olduğundan, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır.

20. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yüksək təhlükə mənbəyi olan avtomobilin sahibi olan iddiaçının sahibliyindən Avtomobil hüquqa zidd götürülmüşdür. Belə ki, iddiaçı tərəfindən Avtomobilin idarə edilməsi üçün etibarnamə yalnız Cavabdeh1 verilmiş, o isə öz növbəsində iddiaçının məlumatı olmadan Avtomobili idarə etmək üçün qohumu olan digər Cavabdeh2 vermişdir. Aşkar olaraq müəyyən olunur ki, Cavabdeh1 Avtomobili etibarnaməsiz olaraq istifadəyə vermişdir. Belə olan halda, tələbə cavab verməli olan şəxs Cavabdeh1dur.

21. İddiaçının avtomobilinə zərər vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən Avtomobilə zərər dəyməsi nəticəsində onun bir sıra ehtiyyat hissələri dəyişdirilmişdir.

22. Həmçinin, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında da səbəbli əlaqə mövcuddur.

23. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.

24. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6563 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, nəzəri hesablamalar yolu ilə xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə, təmir-bərpa xərci təxminən, 3510 manat müəyyən edilir.

25. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

26. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 3510 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

29. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

30. Məhkəmə hesab edir ki, 65 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 79%i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 3510 manat məbləğində pul vəsaiti və 51,35 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 13,65 manat hissəsi iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərcinin 79 manat hissəsi Cavabdeh1 oğlundan, 21 manat hissəsi İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar