Məhkəmə qərarları › İş №2(011)-2965/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2965/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2965/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuş Abasov Mikayılın xx.xx.1972-ci il tarixində Bakı şəhərində anadan olmuş. Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 73, mənzil 139-da yaşayan (Fin xxxxxxx), "xxxx" Şirkətində Maliyyə məsələləri üzrə Baş direktorun müşaviri vəzifəsində çalışan Cavabdeh atası olması müəyyən olunması, cavabdehdən iddia verilən tarixdən başlayaraq idddiaçının xeyrinə xx.xx.2017-ci ildə anadan olmuş X8 və xx.xx.2018-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün aylıq 220 manat, cəmi 440 manat sabit pul məbləğinin aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İdiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2017-ci ildə qeydiyyat orqanlarında nikahları qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. xx.xx.2017-ci ildə X8 və xx.xx.2018-ci ildə X10 anadan olmuşdur. Cavabdeh iddiaçının ikinci övladı xx.xx.2018-ci il təvəllüdlü X7 hamilə qaldığını bildikdə 2-ci övladın dünyaya gəlməsini istəməmiş, 1-ci övladın əməliyyat yolu ilə (qeysər kəsiyi) dünyaya gəlməsini əsas gətirərək 2-ci uşağı dünyaya gətirməyinə hələ tez olduğunu bildirərək iddiaçıya klinikada abort etməsinə dəfələrlə məcbur etmiş, lakin iddiaçı həkim müayinəsində uşağın sağlam olduğunu bildirdiyindən o abort etdirməmiş və bu barədə yoldaşı Cavabdeh və onun valideynlərinə məlumat vermişdir. O vaxtdan etibarən ailə münasibətləri kəskin pisləşmiş, nəticədə iddiaçı valideynlərinin evində yaşamağa başlamışdır. Hətta ikinci övladı X10 dünyaya gələn zaman Cavabdeh doğum evinə gəlməmiş. X10 doğum evindən götürməkdən imtina etmişdir. X7 doğum haqqında şəhadətnamə verilən zaman cavabdeh öz valideynlik borcunu yerinə yetirməyərək müvafiq qeydiyyat şöbəsinə getməmiş və razılıq verməmişdir. Uşağın (X5 ) atası cavabdehdir. Bu barədə dəlillər kimi müxtəlif zamanlarda onunla telefon (watsapp tətbiqi) vasitəsi ilə yazışmalarını,səs yazılarını iddia ərizəsinə əlavə edərək təqdim edir. Cavabdeh ikinci övladına atalığını verməməsini onunla izah edir ki, iddiaçı uşağı onun icazəsi olmadan dünyaya gətirmiş və bu səbəbdən özü lazım bildiyi zaman ikinci övladına oz soyadını verəcək, məhkəməyə iddia ərizəsi verməməyi iddiaçıdan xahiş etmiş, zaman yetişəndə özü uşağa soyadını verəcəyini, xaricdə hal hazırda uşaqlar böyüyəndə hətta oz cinslərini özləri seçir kimi ifadələr işlətmişdir. Artıq 4 ildən artıqdır ki, cavabdeh soyadını kiçik övladına vermir. Böyük övladı X3, ata soyadı olduğundan və kiçik övladı X10 iddiaçının soyadını daşıdığından həm hal-hazırda getdikləri uşaq baxçasında. və ən əsası, yaxın zamanda təhsil alacaqları məktəbdə bacı-qardaşın ayrı-ayrı soyadları olması övladları üçün gələcəkdə psixoloji travma ola bilər, məktəbdəki uşaqlar tərəfindən suallar doğura bilər və belə hallarla üzləşməmək üçün məhkəmə qaydasında bu məsələnin həllini tapmağa qərar vermişdir. İddiaçı həmçinin qeyd edir ki, cavabdehin atası və anası hər iki övladını mütəmadi olaraq gəzdirməyə aparırlar, evlərinə və bağlarına aparırlar, münasibətləri yaxşıdır. Cavabdeh, kiçik övladı X10 barəsində atalığının qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verməkdən artıq 4 ildən artıqdır ki, imtina edir və özü lazım bildiyi vaxt uşağa atalıq verəcəyini bildirir və bu müddət ərzində hər iki övladının saxlanılması üçün iddiaçıya zəruri maddi yardım göstərmir, kifayət qədər qazanca malikdir. Avropa dövlətlərində ( Böyük Britaniya və Fransa) mənzillərə, Bakı şəhərinin Mərkəzi rayonlarında bir neçə mənzilə və Nardaran kəndində bağ evinə sahibdir. Hal hazırda "xxxx" Şirkətinin Baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəməyə ərizə ilə müraciət edərək mülki işin təxirə salınmasını, təxirə salınmadığı təqdirdə isə uşağa 220 manat aliment tutulmasına etiraz etmədiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2195/2023 saylı qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh oğluna qarşı xx.xx.2018-ci il təvəllüdlü Abasov Mikayıla münasibətdə atalığın müəyyən edilməsi və onun saxlanması üçün alimentin tutulması” və İddiaçı Cavabdeh oğluna qarşı xx.xx.2017-ci il təvəllüdlü X2 üçün aliment tutulması barəsində iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılmasına dair qərar qəbul olunmuşdur. AZ İV 034507 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 ata adı qrafasında Cavabdeh yazılmışdır. xx.xx.2023-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat dövlət rüsumunu ödəmişdir, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini və vəkilini dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixdə ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-2195/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, həmçinin gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədilə Cavabdeh tərəfindən xx.xx.2018-ci il təvəllüdlü Abasov Mikayıla və xx.xx.2017-ci il təvəllüdlü X6, hər uşaq üçün 220 manat, cəmi 440 manat pul məbləğində aliment ödənilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, uşağın saxlanması üçün sabit alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar