Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2966/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı onun 2016-2021-ci il ərzində xəstəliyi ucbatından yığılmış olan 23 000 manat aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında alimentlə bağlı əvvəllər də dəfələrlə məhkəmə çəkişmələri olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 1000 manat alimentin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ailmentin məbləğinə dair hissədə qətnamə dəyişdirilərək alimentin 300 manat olması qət edilmiş, yenə də həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıdan hər ay 500 manat alimetin tutulması müəyyən edilmişdir. Sonradan iddiaçı alimentin azaldılması barədə yenidən iddia qaldırmış, onun iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilməklə, hər ay iddiaçıdan 300 manat məbləğində alimetin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilməklə, iddia qismən təmin edilmiş, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı hazırda 1-ci qrup əlildir (İ qrup əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə verilmişdir) və ona sol diz oynağının menskektomiyadan sonrakı deformasiyaedici osteoartrozu, oynağın funksional pozğunluğu və ağrı sindromu ilə” kliniki diaqnozu qoyulmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə xx.xx.2006-cı ildə nikah bağlayaraq ailə qurmuşdur. Nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Xətai rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində cavabdehlə birgə nikaha xitam verilmişdir. Daha sonra cavabdeh “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ali məhkəmənin 2(102)-4326 saylı, xx.xx.2015-ci il tarixli qətnaməyə əsasən uşağın saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsinə qərar verilmişdir. Cavabdeh alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərkən hakimə onun Norveç ölkəsində yaşadığını deyərək, oradan aylıq xeyli gəlirinin olduğunu bildirmişdir. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının və rayon məhkəməsinin hakimi isə cavabdehin əsassız mülahizələrinə etimad etmişdir. O, bir müddətlik Norveç ölkəsində yaşasa belə ordan daimi gəliri olmamışdır. Məhkəmənin işə qərəzli və birtərəf yanaşması nəticəsində ədalətsiz qətnamə çıxarılmışdır. Nəticə etibarı ilə o, 2015-ci ildən, yəni məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən 2016-cı ilin oktyabr ayına qədər hər ay 500 manat olmaqla aliment ödəmişdir. 2016-cı ilin oktyabr ayında xəstəliyi ucbatından maddi sıxıntılar yaşamış. Belə ki, xəstəliyiylə əlaqədar daimi olaraq stasionar müalicə almış və əlillik dərəcəsi müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmişdir. Ağır xəstəliyi ucbatından əmək fəaliyyəti məhdudlaşıb və o işləyə bilməmişdir. Bu səbəbdən 2016-cı ilin oktyabr ayından alimenti qismən 100 manat ödəmişdir. Bundan əlavə 2016-cı ildə alimentə görə 11.000 (on bir min) manat borc yığılmış, xx.xx.2016-ci ildə borc müqaviləsi bağlayaraq 11.000 manat alimentin borcunu ödəmişdir. 2016-cı ildən o, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş həmin müraciətlərdə xəstə olmağı, xarici dövlətdə (Norveçdə) yaşamadığı (3 iyul 2016-cı ildən Azərbaycanda yaşayır) heç bir yerdən əlavə gəliri olmadığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır. 2019-cu ildə alimentin azaldılmasına dair yenidən iddia ərizəsi ilə müraciət etmiş və yenə cavabsız qalmışdır. 2021-ci ildə yenidən məhkəməyə alimentin azaldılması tələbi ilə müraciət edərək 500 manat alimentin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın əsaslı olduğu sübuta yetirilərək lehinə qətnamə çıxarılmış və aliment azaldılaraq 170 manat təyin edilmişdir. 2016-cı ildən, yəni əlillik aldığı və əmək fəaliyyətinin azaldığı dövrdən başlayaq 2021-ci ilin aprel ayına qədər aylıq 500 manat olmaqla, ümumillikdə 23 000 manat aliment borcu yığılmışdır. Hal-hazırda icra məmurları həmin borcu ödəməyi ondan tələb etsələr də, aliment borcunun yığıldığı dövr ərzində alimenti üzrlü səbəbdən ödəyə bilmədiyi, xəstəlik və əlillikdən əziyyət çəkdiyi kimi hallar nəzərə alınmır, halbuki, onun xəstəliyiylə əlaqədar 5 ədəd Epikriz sənədləri var, dəfələrlə stasionar müalicələr almışdır.. Aylıq gəliri 350 manatdır. Himayəsində iki azyaşlı övladı və digər ailə üzvləri var. Əlil və xəstə ailə başçısı olaraq ailəni dolandırmaqda yetərincə çətinlik çəkir. Odur ki, əsassız olaraq yığılmış 23 000 manat aliment borcunu ödəyə bilmir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı bir müddət Norveç ölkəsində yaşasa da, ordan daimi gəliri olmamışdır. Lakin iddiaçı Norveçdən hər ay böyük miqdarda müavinat almışdır. Almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay küllü miqdarda əmək müavinatı olaraq pensiya ödənilir. Lakin həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. İddiaçının maddi vəzyyətində hər hansı ağırlaşma baş verməmişdir. İddiaçının qeyd etdiyi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. İddiaçının 1-ci qrup əillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. Həmçinin, iddiaçı Norveçdə yaşadığı zaman biznes fəaliyyəti ilə məşğul olurdu. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla bağlı aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlər də təqdim edilmişdir. İddiaçı bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir də əldə edir. İddiaçının özünün də qeyd etdiyi kimi himayəsində daha iki azyaşlı övladı var. Lakin xx.xx.2008-ci il təvəllüdlü qızları X4 aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırır. Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23000 manatdan da daha artıqdır. Həmin borcun əsas hissəsi 2014-2019-cu illər arasında yaranmış borcdur. İddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən hazırda axtarışa verilmişdir. Aliment borcunu ödəməmək və yubatmaq məqsədi ilə 2017-ci il tarixində müvəqqəti qeydiyyat üzrə Cəlilabad rayonunda olduğunu qeyd edərək, alimentin ödənilməsi ilə bağlı icra işini Cəlilabad Rayon İcra Şöbəsinə, daha sonra isə iddiaçı olduğu yer üzrə tapılmadığından 2018-ci ildə qeydiyyat üzrə Qaradağ Rayon İcra Şöbəsinə yönəltmişdir. Lakin, icra şöbələrində iddiaçı barəsində olduğu yer məlum olmadığı üçün axtarış verilmiş, nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2015-ci ilədək iddiaçının heç bir borcu olmamışdır. İddiaçı hazırda sümük xərçəngi xəstəliyindən əziyyət çəkir, iddiaçının fiziki iş görməyə qabiliyyəti yoxdur və heç bir yerdən gəliri də yoxdur. İkinci dəfə ailə həyatı qurub və ikinci nikahından da iki övladı var. Cavabdehin nümayəndəsi ilə razılığa gəlməyə çalışsalar da heç bir nəticə verməyib. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) 23000 manat aliment borcunun ödənilməsindən azad edilməsi, 2) əmək qabiliyyətini itirdiyinə görə aliment öhdəliyinə xitam verilməsi. Birinci tələbin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (107.1 və 107.2-ci maddələr. Qeyd edilən müddəadan göründüyü kimi, aliment borcundan azad edilmənin 2 qaydası nəzərdə tutulmuşdur. Birincisi, tərəflərin razılığı, ikincisi məhkəmənin qərarı əsasında. Birinci qaydaya görə tərəflər arasında alimentin ödənilməsi barədə əvvəlcədən sazişin olması zəruridir. İkinci qaydaya görə aliment ödəyən şəxs borcu ödəməkdən azad edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Qanunun tələbinə görə bu halda şəxsin aliment borcunu ödəməkdən azad edilib-edilməməsi üçün qiymətləndirmə meyarları məhkəmənin səlahiyyətindədir. İddiaçının hazırkı iddiası ikinci tələbə uyğun olduğundan mübahisənin araşdırılması və hüquqi qiymət verilməsi də həmin qayda üzrə aparılmalıdır. İddiaçı aliment borcunu ödəməkdən azad olunmasını xəstəliyi ilə əlaqədar olduğunu bildirir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı bildirir ki, iddiaçı özü iddia ərizəsində göstərir ki, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş, həmin müraciətlərdə xəstə olması, xarici dövlətdə yaşamadığı, heç bir yerdən gəlirinin olamadığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır. Göründüyü kimi, iddiaçı xəstə olması əsası ilə alimentin azaldılması barədə əvvəllər də məhkəməyə müraciət etdiyini və işin həmin faktiki halının araşdırılaraq hüquqi qiymət verildiyini özü də iddia ərizəsində qeyd etmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4326/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıdan 500 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. Ali Məhkəmə öz qərarında belə qənaətə gələrkən iş materialları əsasında iddiaçının Norveç Krallığında işlədiyi dövrdə yüksək əmək haqqına malik olmasına və uşağın saxlanılmasının maksimal səviyyədə təmin edilməsinə əsaslanmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ali Məhkəmənin sözügedən qərarı qüvvəyə mindikdən sonra 11.481 manat aliment borcunu xx.xx.2016-cı il tarixdə cavabdehin nümayəndəsinə (atasına) ödəmiş və bu barədə eyni tarixdə Akt tərtib edilmişdir. Bundan başqa, iş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən 2017-ci ildə 4 dəfə olmaqla, 569 manat, 2018-ci ildə 9 dəfə olmaqla 900 manat (hər ay 100 manat), 2019-cu ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat), 2020-ci ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat) və 2021-ci ildə 7 dəfə olmaqla 700 manat (hər ay 100 manat) aliment ödənilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021ci il tarixli qərarından görünür ki, iddiaçı alimentin azaldılması barədə məhkəməyə müraciət etmiş, həmin mübahisə üzrə araşdırma aparılarkən iddiaçının xəstəliyi olmuş və bununla əlaqədar olaraq o, xx.xx.2017-ci il tarixdə 3-cü qrup, xx.xx.2019-cu il tarixə 1-ci qrup əlillik dərəcəsi almışdır. Şərh edilənlərdən də görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının nə xx.xx.2015-ci il tarixli qərarı ilə (hər ay 500 manat), nə də xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimenti (hər ay 170 manat) vaxtında ödəməmiş, xx.xx.2016-cı il tarixli akt əsasında bir dəfəyə 11.481 manat, 2017-2021-ci il tarixlərdə isə qismən ödənişlər etmişdir. İddiaçı xəstəliyini əsas gətirərək aliment borcunun ödənilməsindən azad olunmasını tələb etsə də, şərh edilənlərdən də göründüyü kimi, o, hətta 1-ci qrup əlillik dərəcəsi təyin edilən vaxta qədər alimenti heç bir əsas olmadan ödəməmişdir. Halbuki, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarında iddiaçıdan tutulacaq alimentin məbləği (hər ay 500 manat), məhz onun Norveç Krallığında yüksək əmək haqqı almasına görə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ödəmək istəmədiyi aliment borcu onun övladının saxlanması, maddi təminatının mümkün qədər normal vəziyyətdə saxlanması məqsədilə müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən həmin aliment təyin edilərkən uşağın əvvəlki təminatının yüksək olması nəzərə alınmışdır. Alimentin tutulmasında da əsas məqsəd uşaqların maddi təminatının mümkün qədər yüksək səviyyədə saxlanılması, bununla onların hüquq və mənafelərinin qorunmasından ibarətdir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının aliment borcunu ödənilməsindən azad edilməsi əsaslı hesab edilə bilməz. İddiaçının iddiasının 2-ci hissəsi əmək qabiliyyətini itirdiyinə görə onun aliment öhdəliyinə xitam verilməsilə bağlıdır. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. İddiaçı aliment öhdəliyinə xitam verilməsini Ailə Məcələsinin 113.2.5-ci maddəsinə əsasən, yəni 1-ci qrup əlilliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyinə görə tələb edir. Həmin maddəyə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Ailə Məcəlləsində ailə üzvlərinin aliment öhdəliklərinin bir neçə növü nəzərdə tutulmuşdur. Bunlara – valideynlərin yetkinlik yaşına çatmayan övladlarına (maddə 75 - 81) və yetkinlik yaşına çatmış övladların valideynlərinə görə (maddə 82-83) aliment öhdəliyi; ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliyi (maddə 84-87) və ailənin başqa üzvlərinin aliment öhdəlikləri (maddə 88-93). Sonuncuya daxildir: qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənələri, yetirmlərin öz faktiki tərbiyəçilərini və ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifələri. Ailə Məcəlləsinin 84-cü maddəsində ər-arvadın bir-birinə maddi cəhətdən kömək etmək vəzifələri nəzər tutulmuşdur. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvadın tələbi ilə buna zəruri vəsaitə malik olan digər tərəfdən məhkəmə qaydasında aliment tutula bilər (AM-nin 84.2.1-ci maddəsi). Qeyd edilən müddəadan da göründüyü kimi, bu qaydada aliment ər-arvaddan yetkinlik yaşına çatmayan övladlarına görə deyil, özlərinə görə tutulmanı ehtiva edir. Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində də, məhz həmin növ alimentin xitamı nəzərdə tutulmuşdur ki, bunun da yeganə əsası əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan ərarvadın yrni nikaha daxil olması ilə əlaqədardır. Lakin iş materialları ilə Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində göstərilən əsasla iddiaçıdan cavabdehin xeyrinə hər hansı məbləğdə aliment tutulması müəyyən olunmur. İddiaçıdan tutulan aliment yalnız cavabdehlə birgə nikahlarından doğulmuş övladı Nuray Mirzəyevanın saxlanmasına görədir ki, onun da məbləği Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə sabit pul məbləğində hər ay 170 müəyyən edilmişdir. Həmin alimentə xitam verilməsi üçün hazırda heç bir hüququ əsas isə mövcud deyil. Belə ki, iddiaçı hazırda 350 manat (220 manat İ qrup əlilliyə görə, 130 manat isə Prezidentin aylıq təqaüdü) təqaüd alır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-2966/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2966/2022
23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver