Məhkəmə qərarları › İş №2(011)-3058/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3058/2021

13.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3058/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "ödənilməmiş əmək haqqı və son haqq-hesabın aparılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesabın aparılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 603 manat ödənilməmiş əmək haqqı və 2100 manat məbləğində dəymiş ziyan olmaqla cəmi 2703 manat pulun məcburi qaydada tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-də işləməyə başlamış və xəritəçəkmə mütəxəssisi işini görmüşdür. xx.xx.2020-ci il tarixdən indiyədək ona əmək haqqı ödənilməmişdir. Bundan əlavə, aralarında bağlanan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.7-ci bəndinə (“işçi” bu Müqaviləyə əsasən işdən çıxdığı təqdirdə həmin müddətdən sonrakı 6 ay ərzində rəqib heç bir Şirkətdə əmək Müqaviləsi imzalaya bilməz, işə daxil ola bilməz.) sadiq qalaraq işə daxil olmamış, işsiz qalmışdır. Bununla da, ona maddi ziyan dəymişdir və dəymiş ziyan ödənilməmişdir. Cavabdehə yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək əmək haqqı ödənilməmişdir. Bununla bağlı işəgötürənə bir neçə dəfə şifahi şəkildə xəbərdarlıqlar etmiş olsa da, işəgötürən tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə ərizə yazaraq xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 008 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş, lakin son haqq-hesab ödənilməmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə xx.xx.2020-ci il tarixli, **********1 saylı müraciət ünvanlamış, məsələyə baxılaraq, MMC barəsində Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. 011/20 K nömrəli əmrdən görünür ki, xx.xx.2020-ci il tarixdən əmək haqqı aylıq 250 manat təşkil etmişdir. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 3 saylı əlavədən görünür ki, əmək müqaviləsinə əlavə və dəyişikliklər edilmiş və xx.xx.2020-ci il tarixdən əmək haqqı aylıq 350 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqı ödənilməmişdir və bu onun ərizə yazaraq işdən çıxmasına, müqavilənin 3.7-ci bəndinin tələblərinə uyğun olaraq işsiz qalmasına səbəb olmuşdur və 6 ay ərzində ona 2100 azn maddi ziyan dəymişdir. Ödənilməmiş əmək haqqı da bura əlavə edildikdə, ümumilikdə cavabdehin borcu 2703 manat təşkil edir. Cavabdeh MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanaraq xəritəçəkmə üzrə mütəxəssis vəzifəsində işə götürülmüş, xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (öz ərizəsi ilə) işdən azad edilmişdir. İddiaçının əmək haqqı və son haqq-hesabın ödənilməsinə dair tələbini və bunun qanunvericilik çərçivəsində ödənilməli olduğunu qəbul edirik. Lakin 2020-ci il ildə ölkə ərazisindəki məlum vəziyyətlə əlaqədar elan edilmiş pandemiya səbəbindən aparılan iş və layihələr əməkdaşlıq etdiyi partnyor qlobal şirkətlərə vaxtında təqdim edilməmiş və bu səbəbdən olunacag ödənişlər gecikdirilmişdir. Ödənişlərin gecikdirilməsindən dolayı şirkət işçilərinin maaşlarının ödənilməsində çətinlik yaranmışdır. İddiaçı ilə bağlanılmış Əmək Müqaviləsinin 3.7-ci maddəsində göstərilən müddəa şirkətin kommersiya sirrini qorumaq məqsədi daşıyır və hər bir işçi ilə əmək müqaviləsi bağlanarkən digər bəndlər olduğu kimi bu bənd də izah edilir. İşçi həmin müddəa ilə tanış olaraq könüllü və öz razılığı ilə işə daxil olur. Bundan başqa iddiaçı şirkətə rəqib ola biləcək hər hansı müəssisədə işə başlamaq istəyəcəyi və ya başladığı ilə bağlı məlumat verməmişdir. Əgər belə bir müraciət olsaydı, həmin məsələ araşdırılaraq ona geri dönüş olardı. Bu səbəbdən İddiaçı həmin müddəanı rəhbər tutaraq 2100 manat məbləğində maddi təzminat tələb etməsini əsassız hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və iddia tələbini qismən qəbul edərək əmək haqqı və son haqq-hesab hissəsində təmin tutulması, qalan hissədə iddia tələbləri əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC-nin direktoru X2 Elxan Arif oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı MMC-də xəritəçəkmə mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.7-ci bəndinə görə, işçi işdən çıxdığı təqdirdə həmin müddətdən sonrakı 6 ay ərzində rəqib heç bir şirkətdə əmək müqaviləsi imzalaya bilməz, işə daxil ola bilməz. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin rəhbərliyinə müraciət edərək, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, 008/20-K saylı əmrin surətindən görünür ki, MMC-nin xəritəçəkmə mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam veriİmiş, işçi ilə son haqq-hesabın aparılması, istifadə edilməyən 8 əmək məzuniyyəti günü üçün pul əvəzinin ödənilməsi mühasibat şöbəsinə tapşırılmışdır. Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 3 saylı əlavədən görünür ki, əmək müqaviləsinə əlavə və dəyişikliklər edilmiş və İddiaçı əmək haqqı xx.xx.2020-ci il tarixdən aylıq 350 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, iddiaçının hüququnun pozulması barədə müraciətinə baxılmış, MMC-nin rəhbərliyinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli, No: 06/092 saylı məktubdan və əlavə olunmuş sənədlərdə iddiaçı bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 008 nömrəli əmrlə xitam verilməsi, lakin son haqq-hesabın ödənilmədiyi, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta halının yarandığı, MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb olunduğu bildirilmiş, razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV. hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 5.1.3-ci bəndinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Beləliklə məhkəmə, işin məhkəmə baxışı zmanın araşdırılmış hallarına əsasən əhkəmə araşdırmaları zamanı Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqının ödənilməməsini, bu faktın cavabdeh tərəfindən də etiraf olunmasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək ödənilməmiş 603 manat əmək haqqı məbləği cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddia tələbi “2100 manat məbləğində dəymiş ziyanın ödənilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin iş üzrə araşdırılmış sübutların qiymətləndirilməsinə əsasən gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəssində ona maddi ziyan vurulmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 603 (altı yüz üç) manat ödənilməmiş əmək haqqı məbləği tutularaq İddiaçı Kapital Bank OJSC filialı, Kod 200123, VÖEN **********, M/H: AZ10A| | B********************, SWİFT A||BAZ2X, X6 İBAN: ******************** bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə ödənilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar