Məhkəmə qərarları › İş №2(011)-306/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-306/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-306/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh mağazalar şəbəkəsinin ünvan 1 ünvanında yerləşən filialında qırılmış “BVLGARİ” brendinin eynək qutusunun ona geri qaytarılması və dəymiş mənəvi ziyanla bağlı 1.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh mağazalar şəbəkəsinin ünvan 2 ünvanında yerləşən filialına 2023-cü ilin oktyabr ayında müraciət edib bildirmişdir ki, “BVLGARİ” brendinin optik eynəyinin şüşəsini taxsınlar. Bildirmək istəyir ki, “BVLGARİ” brendinin optik eynəyi 812 manat dəyərindədir. Növbəti gün mağazanın əməkdaşı ona bildirmişdir ki, optik eynək hazırdır. Optik eynəyini təhvil aldıqdan qısa müddət sonra görmüşdür ki, brend eynəyinə məxsus olan eynək qutusu qırıq vəziyyətdədir və həmin mağazanın əməkdaşları öz səhvlərini gizlətmək üçün qutunu səliqəsiz yapışdırmışdılar. Dərhal Cavabdeh mağazalar şəbəkəsinin müvafiq filialına müraciət edərək, problemi bildirmişdir. Cavabdeh mağazalar şəbəkəsinin müvafiq filialının əməkdaşı onu aldatmağa çalışaraq, eynəyin qutusunun qırılmasını inkar etmişdir. İddiaçı onlara eynəyinin qutusunun mağaza əməkdaşı tərəfindən qırılmasını sübut etdikdən sonra öz səhvlərini boynuna aldı. Həmin mağazanın əməkdaşları onunla əlaqə saxlayaraq, yalan vədlər verib onu aldatmağa cəhd etdilər. Həmin hadisə baş verdikdən bir müddət sonra müvafiq mağazanın müştəri xidməti onunla yenidən əlaqə saxlayaraq bildirdi ki, mağazanın nümayəndələri xaricdə sərgidədir, brend eynəyinin qutusu orda mövcuddur, tezliklə yeni eynək qutusu ona təqdim ediləcək. Lakin saxta qutunun şəklini ona göndərəndən sonra bir daha anlamışdır ki, mağazanın niyyəti mövcud problemi aradan qaldırmaq deyil, onu aldatmaqdır. İddiaçı mağazanın bu təklifini qəbul etməmiş, onlara vaxt vermişdir ki, problemi aradan qaldırsınlar. Bir müddət sonra mağazanın müştəri xidməti onunla yenidən əlaqə saxlayaraq bildirmişdir ki, onlar “Optic Gallery” mağazalar şəbəkəsindən onun eynəyinin qutusunu əldə ediblər. İddiaçı eynəyin qutusunu təhvil alarkən görmüşdür ki, eynəyin qutusu ölçü baxımından böyükdür, eynək həmin qutunun içərisində qırıla bilər. İddiaçı həmin qutunu qəbul etməmişdir. Müvafiq mağaza əməkdaşlarına yenidən vaxt vermişdir ki, həmin eynəyin qutusunu axtarıb tapsınlar. İddiaçı təmkinlə brend eynək qutusunun tapılmasını gözləmiş, lakin ona geri dönüş edilməmişdir. Uzun bir müddət keçdikdən sonra, iddiaçının səbri tükəndi və mağaza rəhbərliyi ilə əlaqə saxlamağa cəhd göstərsə də, ona heç bir şərait yaradılmamışdır. Yenidən ortaq məxrəcə gəlmək üçün, təklif etmişdir ki, qutusuz eynəyini Cavabdeh mağazasında satışa çıxarsınlar, lakin mağaza bu təkliflə razılaşmamışdır. İddiaçı problemin həll olunmayacağını görərək, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Həmin müaciətinin nəticəsi olaraq ona 50 manat pul təklif edilmişdir. Halbuki onun tələbi pul yox, eynəyinin qutusunun qaytarılmasıdır. Bundan sonra Cavabdeh mağazasının əməkdaşı onu təhqir etdi. Məhkəmənin nəzərinə çatdırır ki, bütün bu hadisələr keçirtdiyi stress, əsəb onun sağlamlığına ciddi ziyan vurmuşdur. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh mağazalar şəbəkəsinin ünvan 2 ünvanında yerləşən filialında qırılan “BVLGARİ” brendinə məxsus eynək məhsulun dəyərinin ona qaytarılması və ona dəymiş 1.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh mağazalar şəbəkəsinin ünvan 2 ünvanında yerləşən filialında qırılaraq yararsız vəziyyətə düşmüş “BVLGARİ” brendinə məxsus eynək qabının rəsmi fərdi satışı həyata keçirilmədiyindən, eləcə də eynəyin Cavabdeh-ya təqdim edilərkən tam yeni və istifadəsiz olduğunu nəzərə alaraq qeyd olunan qutunun eynək ilə birlikdə tam 812 manat məbləğində dəyərinin ona qaytarılması və dəymiş 1.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və əlavə bildirmişdir ki, ona məxsus “BVLGARİ” brendinin optik eynəyi ilə eynəyin qutusu bir-birindən ayrılmaz əşyalardır. Belə ki, cavabdehin təqsiri üzündən qutu yararsız hala düşdüyündən, cavabdeh eynəyin və qutunun dəyərini ödəməlidir. O, bildirmişdir ki, göstərilən səbəblərdən, yəni qutunun qüsuruna görə eynəyini də cavabdehdən geri almaqdan imtina edir. Hesab edir ki, qutu qüsurlu olduğundan ya eyni qutu ilə əvəz edilməli, bu mümkün olmadıqda qutu və eynəyin dəyəri ödənilməlidir. Qeyd olunan səbəblərdən o eynəyini və qutusunu cavabdehdən təhvil almaqdan imtina edir. Bütün bu hadisələrdən keçirtdiyi stress, əsəb onun sağlamlığına ciddi ziyan vurmuşdur və ona dəymiş mənəvi ziyan ödənilməlidir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, cavabdeh təşkilata müraciət etməkdə ilkin məqsədi eynəyinin şüşələrinin dəyişdirilməsi olmuşdur. Bu işin nəticəsi ilə bağlı qüsur aşkar etməmişdir, eynəyinin şüşələri düzgün əvəz edilmişdir. Lakin, bu işi görən zaman cavabdehin işçisi eynəyin qutusunu zədələyib. O, eynəyin alınmasına dair müvafiq alqı-satqı və ödəniş sənədlərini saxlamamışdır. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, həqiqətən də iddiaçının sifarişi əsasında eynəyin şüşələri dəyişdirilərkən eynək qutusu zədələnmişdir. Bunun nəticələrinin aradan qaldırılması üçün mağaza əməkdaşları tərəfindən iddiaçıya mağazada olan həmin brendə aid başqa qutulardan biri ödənişsiz qaydada təklif olunmuşdur. Mağaza əməkdaşları tərəfindən sözügedən brendə aid digər qutu da alınaraq iddiaçıya təklif olunmuşdur, lakin qutunun ölçüləri uyğun gəlməmişdir. İddiaçının istifadəsində olan eynək köhnə kolleksiyadan olduğundan, məhz həmin eynəyin qutusunu tapmaq qeyri-mümkündür. İddia tələbinə etiraz edərək o bildirmişdir ki, eynəklə bağlı qüsur olmadığından, cavabdeh təşkilat eynəyin dəyərinin ödənilməsi və ya eynəyin mağazada satış üçün götürülməsi barədə iddiaçının tələblərinə etiraz edir. O qeyd etmişdir ki, qeyd olunan səbəblərdən iddiaçı cavabdeh təşkilatda saxlanılan eynəyini təhvil almaqdan imtina edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-1/2-1628/2024 nömrəli vətəndaş İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə bağlı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş müraciətə (daxilolma qeydiyyatı: 3-21/3- 5-53425/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda xx.xx.2023-cü il tarixdə "xxxx" mağazasından eynəyin çərçivəsi üçün optik şüşə sifariş edildiyi və “Bvlgari” markasına məxsus olan çərçivəni futlyarı ilə birlikdə mağazaya təqdim edildiyi, sifarişin hazırlanması zamanı usta futlyarın kənarında mövcud olan qüsuru bildirmədən təmir etdiyi bildirilmişdir. Eyni zamanda eynəyi təhvil alarkən futlyarın korlandığını, bir müddət sonra isə geri qaytararaq eynisi ilə əvəz edilməsinin tələb olunduğunu, bu tələb üzrə Türkiyə Respublikasında fəaliyyət göstərən partnyorlar ilə əlaqə saxlanılaraq həmin markaya aid bənzər futlyarın şəklinin göndərilməsi, lakin məhsulun orijinallığından əminliyin olmaması əsası ilə imtina olunması qeyd edilmişdir. Həmçinin məktubda futlyarın “Optic Gallery” mağazasından alınmasının bildirilməsi, eynisinin həmin mağazadan alına bilinəcəyinin, həmin markanın orijinalının və tələb olunan futlyarın bir qədər böyük ölçüdə olan eynisinin həmin mağazadan alındığı, lakin artıq futlyarın uyğun olmaması və çərçivənin "xxxx" mağazası tərəfindən alınmasının tələb olunması, bu zaman yaranmış problemin çərçivə ilə bağlı olmadığı, futlyarla bağlı olduğundan futlyarın dəyişdirilməsi üçün məsuliyyətin olmaması barədə məlumat bildirildiyi qeyd edilmişdir. Eyni zamanda sözügedən məktubda xx.xx.2024-cü il tarixdə əlaqə saxlanılaraq bir neçə seçimin təklif edildiyi (“Bvlgarı” markasının mağazada olan yeni kolleksiyasından istənilən futlyarın verilməsi, korlanmış futlyarın dəyərinin ödənilməsi, həmçinin istənilən mağazadan hər hansı bir futlyarın "xxxx" MMC tərəfindən alınması), lakin bu təkliflərlə razılaşmanın olmadığı bildirilmişdir. Müraciətlə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən əlaqə saxlanılan telefon (***-***-**-**) əlaqəsi zamanı (q/n: 216, xx.xx.2024-cü il) yeni futlyarın istənilmədiyini və çərçivənin dəyərinin tam şəkildə (625 manat) adıçəkilən mağazadan tələb olunması bildirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli G-10/24-109 saylı eynək qabının dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən eynək qabı “Bvlgari” brendinə məxsusdur və qismən istifadəyə yararlıdır. Eynəklər satış formasına görə qablaşdırılaraq (eynək qabı və aksessuaları ilə birlikdə) satılan məhsul olduğundan sözügedən eynək qabının dəyəri, eynəklə birgə olan dəyərinin 17% həcmində hesablanır. Eynək dəstinin yenisinin bazar dəyərinin 900 manat olduğu nəzərə alınsa, eynək qabının yenisinin hazırki bazar dəyəri 150 manat təşkil edir. (qiymətləndirilmə haqqı “100” manat göstərilmişdir). - İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı məxsus eynək qabının dəyərinin müəyyən edilməsi ilə bağlı xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus “Bvlgari” markalı eynəyinin şüşələrini dəyişmək üçün Cavabdeh MMC-nə sifariş vermişdir. Bununla əlaqədar iddiaçı eynəyi cavabdeh təşkilatın işçilərinə təhvil vermişdir. İddiaçı eynəyi eynəyin saxlama qabında təhvil vermişdir. İşlərin icrasından sonra iddiaçı eynəyini təhvil alarkən eynəyin saxlama qabının zədələndiyini görmüşdür. Eynəyin şüşələrinin dəyişdirilməsi ilə bağlı işin icrası zamanı eynəyə münasibətdə qüsurun olmaması işin mübahisəsiz halıdır. Həmin işin icrası vaxtı cavabdeh təşkilatın işçisi tərəfindən eynəyin saxlanılma qabının zədələməsi də işin mübahisəsiz halıdır. İddiaçının mövqeyi ondan ibarətdir ki, eynək onun saxlanılma qabından ayrılmaz əşya olduğundan və eynəyə aid qutu olmadan eynəyi istifadə etmək mümkün olmadığından, eynəyin və onun qutusunun dəyəri cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, eynəkdən fərqli olaraq eynəyin qutusu dəyərli əşya deyil, 25-40 manat həddində alına bilər. Məhkəmə iddiaçıya məxsus əmlakın zədələnməsi nəticəsində ona dəymiş maddi ziyanla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə iddiaçıya məxsus eynək qabının dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin etmiş və "xxxx" MMC tərəfindən müəyyən edilmişdir ki, eynək qabının yenisinin bazar dəyəri 150 manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış podrat münasibətləri zamanı iddiaçının əmlakına (onun eynəyinin saxlanılma qabına) ziyan vurulması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapdığından, vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eynəyin onun qutusundan ayrılmaz olması, bu əmlak predmetlərinin ayrı-ayrılıqda təyinatı üzrə istifadəsinin mümkün olmaması iş materialları ilə sübuta yetirilmədiyindən, eynəyin dəyərinin cavabdehdən tələb edilməsi barədə iddia tələbləri təmin edilə bilməz. İddiaçıya məxsus eynək qabının yenisinin bazar dəyərinin 150 manat dəyərində müəyyən edildiyini və eynək qabının istifadə edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş zərərin həcmi 100 manat həddində müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Maddi ziyanla bağlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Məhkəmə mənəvi zərərlə bağlı iddia tələblərinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC tərəfindən işlərin görülməsi zamanı iddiaçının əmlakına zərərin vurulması öz təsdiqini tapdığından, bununla bağlı iddiaçıya dəymiş mənəvi zərərlə bağlı iddia tələbləri qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh MMC tərəfindən işlərin icrası zamanı iddiaçının əmlakına ziyan vurulduğundan, iddiaçının mənəvi sarsıntılara (stress, emosional gərginlik) məruz qalması mübahisəsizdir və buna görə də işin konkret hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi qismən təmin edilərək, 70 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbləri digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə xərclərinə daxil olan və iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə hesabatının dəyəri olan 100 manat pul məbləği və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi ziyanla bağlı 100 (bir yüz) manat məbləğində pul vəsaiti və dəymiş mənəvi ziyanla bağlı 70 (yetmiş) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiymətləndirmə hesabatının aparılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, 130 (bir yüz otuz) manat pul məbləği Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar