Məhkəmə qərarları › İş №2(011)-3068/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3068/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3068/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı “2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqının hesablanıb ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-2007-ci illər üzrə tam və 2008-ci ilin may ayına kimi məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Nazirliyinə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006, 2007 və 2008-ci ilin may ayına kimi Cavabdeh QSC-nin “Cavabdehsazlama” SC-nin tərkibində Bakı şəhəri üzrə X1 Təmir Sazlama Sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin qurum ləğv olunmuş və hazırda onun hüquqi varisi Cavabdeh İB-dir. 31 may 2019-cu il tarixdə iddiaçı yaşa görə əmək pensiyasına çıxmışdır. Əmək pensiyası təyin olunan zaman məlum olmuşdur ki, 2006- 2007-2008-ci ilin may ayına kimi iddiaçının işlədiyi müddətin əmək haqqı üzrə məbləğlər B3 hesabatlarında öz əksini tapmamışdır. Bununla bağlı iddiaçı tərəfindən AR ƏMDK yanında DSMF-yə müraciət edilmiş və həmin orqanın məktubu ilə bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanununa əsasən sığortaedən tərəfindən sığortaolunan haqqında məlumatlar təqdim edilmədiyindən əmək pensiyası hesablanan zaman nəzərə alınmamışdır. 28 fevral 2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu sistemində yenilənmə həyata keçirilir, halhazırda Cavabdeh İB-nin işçilərinə hesablanmış sığorta məbləğlərinə düzəliş edilir. Həmin düzəlişlər tamamlandıqdan sonra keçmiş Cavabdeh QSC-nin alt təşkilatlarının idarə və müəssisələrinin işçilərinə hesablanmış sığorta məbləğlərinə baxılacaq və sistemə yüklənməsi həyata keçiriləcəkdir. Lakin artıq bir ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh həmin öhdəliyini yerinə yetirməmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2006, 2007 və 2008-ci ilin may ayına kimi Cavabdeh QSC-nin “Cavabdehsazlama” SC-nin tərkibində Bakı şəhəri üzrə X1 Təmir Sazlama Sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin qurum ləğv olunmuşdur və hazırda onun hüquqi varisi Cavabdeh İB-dir. İddiaçı 31 may 2019-cu il tarixdə yaşa görə əmək pensiyasına çıxmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı əmək haqqı 2006-cı il üzrə cəmi 3.738,40 manat, 2007-ci il üzrə 7.461,46 manat, 2008-ci ilin yanvar, fevral, mart ayları üzrə isə 1.672 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüququn təminatı hər bir şəxsin əmək fəaliyyəti dövründə işəgötürənlər tərəfindən məcburi qaydada sığortalanması və müvafiq məcburi sığorta haqlarının ödənilməsi ilə bağlıdır (məcburi dövlət sosial sığorta forması). Sosial sığorta sahəsində yaranan münasibətlər, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna müvafiq olaraq məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta münasibətləri üzrə sığorta iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçıları sığortaçı təşkilatda uçota durmalıdırlar və məcburi sosial sığorta haqqı ödəməlidirlər. Məcburi dövlət sosial sığorta haqqı sığortalanmaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. (“Sosial sığorta haqqında” Qanunun 2, 8, 13 və 14 maddələri) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 2-ci bəndinə əsasən isə işəgötürən hər bir işçinin onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Göründüyü kimi, qanunverici işçinin məcburi sıgortalanmasının təmin edilməsini işəgötürənin vəzifəsi kimi müəyyən etməklə, ilk növbədə işçinin gələcəkdə Konstitusiyada təsbit olunmuş sosial təminat hüququndan, xüsusən də həmin hüququn tərkib hissəsi olan pensiya hüququndan istifadə etməsinə zəmanət vermiş olur. “Dövlət Sosial Sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, işəgötürən məcburi dövlət sosial sığorta haqqını ödədiyi üçün bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan məlumatların surətləri sığortaedəndə saxlanılır. Bu sənədlərin sığortaedəndə saxlanılması mühasibat uçotu və hesabatı sənədlərinin saxlanılması üçün müəyyən edilmiş qaydalar üzrə həyata keçirilir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, işəgötürənin vəzifələrinə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq aiddir. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, sığortaedən “Cavabdehsazlama” SC Bakı şəhəri üzrə X1 Təmir Sazlama Sahəsi tərəfindən 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (forma B3) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təqdim edilməmiş, nəticədə iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən sığortaolunan haqqında məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təqdim edilməmiş, iddiaçıya məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş və bu da iddiaçının konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 2006-2007-ci illər üzrə tam və 2008-ci ilin may ayına kimi məcburi dövlət sosial sığorta haqqı hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Nazirliyinə ödənilməsi Cavabdeh İB-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 10 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 10 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 2006-2007-ci illər üzrə tam və 2008-ci ilin may ayına kimi məcburi dövlət sosial sığorta haqqının hesablanılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Nazirliyinə ödənilməsi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdehdən 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar