Məhkəmə qərarları › İş №2(011)-3089/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3089/2020

28.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3089/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “əmək haqqı” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Firmasına qarşı – cavabdeh tərəfindən işçi iddiaçıya ödənilmiş son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ona məxsus kart hesabına ödənilmiş maaşa nisbətdə yenidən hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçılə Cavabdeh Firması arasında 11.12.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh Firmasında “əsas kran operatoru” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə bağlanan zaman iddiaçıya cavabdeh müəssisədən maşının 900 manatdan çox olacağı bildirilmişdir və iddiaçı bu şərtlə razılaşaraq müqavilənin bağlandığı tarixdən vəzifə öhdəliklərinin icrasına başlamışdır. İddiaçı dəfələrlə əmək müqaviləsinin işçiyə verilməli olan nüxsəsini tələb etsə də, bu gün-sabah deyərək bunu ertələmişlər, hər dəfə bildirmişlər ki, narahat olmayın. Sonradan 22.08.2019-cu il tarixində 11.12.2018-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmaya əsasən, əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı Cavabdeh Firmasının Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksi tikintisi sahəsinə əsas iş yeri olmaqla kran operatoru olaraq işə qəbul edilmişdir. Eyni zamanda iddiaçının peşəsi təhlükəli olduğundan daim diqqət və ehtiyat tələb etmişdir. Belə ki, krandan istifadə edilən zaman diqqətsizlik və qeyri-professionallıq ağır nəticələrə gətirə bilərdi. Lakin iddiaçı işinə daima diqqətlə yanaşmış və vəzifə öhdəliklərini lazımı dərəcədə icra etmişdir. İddiaçı vəzifə səlahiyyətlərini icra edən zaman işlədiyi müəssisə tərəfindən iddiaçıya 900 manatdan yuxarı əmək haqqı hesablanmışdır və adına olan bank hesabına köçürülmüşdür. İddiaçı işlədiyi dövr ərzində aldığı maaş belədir. 1. Yanvar 2019-cu il üçün-927,30 manat, 2. Fevral 2019-cu il üçün-1001,10 manat, 3. Mart 2019-cu il üçün-1001,10 manat, 4. Aprel 2019-cu il üçün-1055 manat, 5. May 2019-cu il üçün-1101,60 manat, 6. İyun 2019-cu il üçün-1037,30 manat, 7. İyul 2019-cu il üçün-1035 manat, 8. Avqust 2019-cu il üçün- 948,68 manat. Lakin əmək müqaviləsinə xitam verilən zaman bəli olmuşdur ki, iddiaçıya aylıq hesablanan maaş 900 manatdan yüksək olsa da, əmək müqaviləsinə 350 manat kimi qeyd edilmişdir və bu məbləğə nisbətdə iddiaçıya son haqq-hesab ödənilmişdir. Cavabdeh müəssisədən son haqq-hesab işlərinin niyə 350 manata nisbətdə hesablandığını soruşduqda, təəssüf ki, buna cavab verilməmişdir. İddiaçı hesab edir ki, rəsmi olaraq 900 manatdan yuxarı maaş almasına baxmayaraq, əmək müqaviləsi üzrə öhdəliklərə xitam verilən zaman son hesablama işləri aparılan zaman kobud pozuntuya yol verilmişdir. Belə ki, Cavabdeh Firmasının baş mühasibi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı yuxarıda qeyd edilən məbləğdə maaş almışdır. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı bu cür qanunsuz hərəkətləri iddiaçının əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin iddiaçıya ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalıdır. İddiaçı sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işəgötürən Cavabdeh Firması tərəfindən işçi İddiaçı şənbə və bazar günləri iş yerində əsas kran operatoru olaraq görülmüş işlərə görə gündəlik əmək haqqının hesablanaraq verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 02.06.2020-ci il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddia əsassızdır. Odur ki, iddianın əsassız olduğuna görə təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işlədiyi aylar üzrə əmək haqqı və son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış və ödənilmişdir. İddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh Firması ilə İddiaçı Zakir oğlu arasında bağlanmış 11.12.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi işəgötürən firmada “kran operatoru” vəzifəsinə işə qəbul edilmiş, aralarında 1 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işçinin əmək haqqı hər ay vergilər və digər ödəmələr daxil olmaqla 350 manat məbləğində göstərilmiş, əmək müqaviləsi həm işçi, həm də işgötürən tərəfindən imzalanmışdır. İş materiallarında olan 11.12.2018-ci il tarixli əmək müqaviləsinə 22.08.2019-cu il tarixli əlavə razılaşmadan görünür ki, 11.12.2018-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə “işçi “Hünər İnşaat” firmasının Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksi tikintisi (2-ci mərhələ) sahəsinə əsas iş yeri olmaqla kran operatou olaraq işə qəbul edilməsi barədə dəyişiklik edilmiş və razılaşma işçi İddiaçı və işəgötürən Cavabdeh Firması tərəfindən imzalanmışdır. İş materiallarında olan AT-İX seriyalı №9129031 saylı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, 436 saylı 02.10.2019-cu il tarixli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin (2.a) yarımbəndinə (öz xahişi ilə) əsasən Cavabdeh Firması ilə İddiaçı Zakir oğlu arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək müfəttişliyi tərəfindən verilən rəydən görünür ki, "xxxx" Firması tərəfindən İddiaçı işlədiyi aylar üzrə əmək haqqı və son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış və ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh Firmasında işlədiyini, lakin iddiaçı ilə eyni vaxtda işləmədiyini bildirmişdir. Ayıq maaşı 850 manat olmuşdur. Müqavilə ilə maaşın nə qədər olduğunu bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iki-üç ay Cavabdeh Firmasında iddiaçı ilə bir işləmişdir. Cavabdeh olan firma onu və iddiaçını şənbə və bazar günləri işlədib əlavə əmək haqqı verməmişdilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Firmasında 11.12.2018-ci il tarixdən 02.10.2019-cu il tarixədək kran operatoru vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilmişdir. İddiaçının tələbini əsaslandırdığı halları araşdırarkən müəyyən olunur ki, iddiaçı tələbini cavabdeh firmada şənbə və bazar günləri də işlədiyini, lakin ona işlədiyi həmin günlərə görə əmək haqqının verilmədiyi ilə əsaslandırır. Halbuki, iddiaçının şənbə və bazar günləri işləməsi halı iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı işlədiyi müddət ərzində şənbə və bazar günləri işdə olmasının təsdiq olunması üçün vəsatətlə məhkəməyə müraciət edərək, işlədiyi dövr ərzində şənbə və bazar günlərində iş yerində olan videokamera çəkilişlərinin məhkəməyə cavabdeh tərəfindən təqdim edilməsini xahiş etsə də, lakin cavabdeh videokamera görüntülərinin gündəlik əmək funskiyasına nəzarət etmək üçün xidmət göstərdiyini və görüntülərin saxlanmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh firmada işlədiyi dövr ərzində şənbə və bazar günləri işə çıxmasını və işə çıxdığı günlər üçün cavabdehdən ona əmək haqqının hesablanaraq ödənilməsi barədə tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla, tələbini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normaları və işin hallarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən, əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh Firmasına qarşı– işəgötürən Cavabdeh Firması tərəfindən işçi İddiaçı şənbə və bazar günləri iş yerində əsas kran operatoru olaraq görülmüş işlərə görə gündəlik əmək haqqının hesablanaraq verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar