Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3110/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixindən etibarən 14 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin qazancının və gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, həmçinin 14 iyul 2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək özü üçün 300 manat alimentin də cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2018-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, çox qısa bir vaxtdan sonra münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaranmışdır. Ailənin bərpası mümkün olmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında tərəflərin nikahı 2020-ci ildə pozulmuşdur. Tərəflərin birgə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflərin öz aralarında gəldikləri razılığa əsasən xx.xx.2022-ci il tarixdən etibarən cavabdeh hər ay 287 manat pulu iddiaçının bank hesabına ödəyir, lakin həmin pul vəsaiti uşağın tələbatlarının tam ödənilməsinə yetmir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi alimentin tutulması vaxıtının iş üzrə yekun məhkəmə qətnaməsinin qəbul edilən zamandan tutulmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə alimentin ödənilməsi barədə aralarında qabaqcadan razılıq olmuş və o da alimenti vaxtında ödəyir. Həmçinin, cavabdeh izahatında iddiaçının hazırda işlədiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh himayəsində digər uşaqlarının da olmasını nəzərə alınmasını xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin nikahı 05 aprel 2020-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə münasibətlərindən 14 iyul 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur və uşaq hazırda iddiaçının yanındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 85.1.3-cü maddəsinə əsasən, nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment almaq hüququna malikdir. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nikah pozulmuşdur. Tərəflərin birgə münasibətlərindən 14 iyul 2021-ci il təvəllüdlü X2 anadan olmuşdur. Uşaq hazırda iddiaçının yanındadır. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilməsini və cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etsə də, özünün həmin məbləği ödəmək iqtidarında olmamasını sübut edə biləcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iddianın 14 iyul 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçı üçün 300 manat alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçı "xxxx" MMC-də “təlimatçı-metodist” vəzifəsində çalışır. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, ər-arvadın aliment tələbinə baxılarkən tərəflərin qazancı, onların əmlak vəziyyətləri, onların öhdəsində olan şəxslər nəzərə alınmalıdır. Belə ki, aliment şəxsin saxlanması üçün tutulur. Saxlanmaya ehtiyacı olmayan şəxs üçün aliment tutulması alimentin təyinatına uyğun gəlmir. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı hal-hazırda işləyir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hal-hazırda işlədiyindən, onun aylıq qazancı olduğundan, saxlanmağa ehtiyacı olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 4 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 may 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 14 iyul 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3110/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3110/2023
22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver