Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3159/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta məbləğinin ödənilməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta hadisəsi olaraq üçüncü şəxslərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş 11.696,04 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayonu, Fətəlikənd kəndi ərazisində yerləşən müvafiq surətdə 2.61 ha və kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında ona və ailə üzvlərinə məxsusdur. Bu barədə Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq surətdə xx.xx.2013-cü il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışlar verilmişdir. Adı çəkilən torpaq sahələrinə dair onunla cavabdeh Aqrar Sığorta Fondu arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “kənd təsərrüfatı bitkiləri və bitkiləriçilik məhsullarının sığortası” üzrə müqavilə bağlanmış, müvafiq surətdə BS-**********-AS və BS-**********-AS Şəhadətnamələr verilmiş, sığorta ödənişi müvafıq surətdə 67.72 manat və 42.82 manat vəsait tərəfindən cavabdehə ödənilmişdir. 2022-ci ilin noyabr ayında adı çəkiklən ona məxsus 3.97 ha və 2.61 ha torpaq sahələrinə tərəfindən arpa əkilmiş, qısa müddət sonra suvarma aparılmış, yaxşı çıxış olmuş, lakin taxıl çıxdıqdan sonra, yəni 2023-cü ilin fevralında vəhşi quşların hücumuna məruz qalmış, bu barədə elə həmin vaxt cavabdehə məlumat vermiş, sonuncunun nümayəndəsi hadisə yerinə baxış keçirərək, taxıl sahəsinin həqiqətən vəhşi quşların hücumuna məruz qalmasını aşkar etmişdir. İkinci dəfə, 2023-cü il martın axırlarında naməlum şəxslər ona məxsus adı çəkilən taxıl sahəsini heyvanlara otarmış, bu barədə də cavabadehə dərhal məlumat vermiş, yenə onların nümayəndəsi hadisə yerinə gələrək doğrudan da taxıl sahəsinin otarılmasını aşkar etmişdir. Cavabdehlə aralarında bağlanmış sığorta müqavilələrinə uyğun olaraq dəymiş ziyana görə BS-**********-AS saylı Şəhadətnamə üzrə 7.165,85 manat və BS-**********-AS Şəhadətnamə üzrə 4.500,19 manat, cəmi 11.696,04 manat sığorta ödənişi edilməlidir. 2023-cü ildə vəhşi quşların hücumu nəticəsində və naməlum şəxslər tərəfindən ona məxsus arpa əkin sahəsi otarılmaqla ona xeyli miqdarda maddi ziyan vurulmuş, bu barədə Saatlı RPŞ-nə şikayət etmiş, hadisənin üçüncü şəxslərin hərəkətləri nəticəsində baş verməsi müəyyən olunmuş, lakin günahkarlar aşkar olunmamış, bu barədə Saatlı RPŞ tərəfindən xx.xx.2023-cü ildə 102/2-23592 №-li məktubla cavab verilmiş, lakin ziyan isə ona ödənilməmişdir. Cavabdehin etirazının dəlilləri İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “11696,04 manat sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmişdir və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilmişdir. İddiaçı ilə Fondun adından "xxxx" ASC arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********- AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq risklərin (dolu, yanğın, sel və ya subasma, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, vəhşi heyvanların hücumu, normadan artıq yağan qar yağıntıları və üçüncü şəxslərin hərəkətləri) baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı şəxsdən 2023-cü il 17 fevral tarixində vəhşi heyvanların hücumu və 2023-cü il 30 mart tarixində isə üçüncü şəxslərin hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Qaydaların 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin olunmuş və ekspert tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilərək müvafiq rəy tərtib edilmişdir. Müstəqil ekspert tərəfindən BS-**********-AS nömrəli müqavilə üzrə təqdim edilmiş rəyə əsasən 3.97 hektar arpa sahəsinə su verilməməsi səbəbilə 2.97 hektar ərazidəki bitkilərin cücərdikdən sonra inkişaf etmədiyi və qurumuş olduğu aşkar edilmişdir. 3.97 hektar sahənin 1 hektarlıq hissəsində bitkilər normal inkişaf etdiyi və məhsuldarlığın hesablanmasının bu ərazidə aparıldığı, eləcə də Sahədə vəhşi quşların hücumu ilə bağlı hər hansısa zərər aşkar olunmadığı qeyd edilmişdir. Müstəqil ekspert tərəfindən BS-**********-AS nömrəli müqavilə üzrə təqdim edilmiş rəyə əsasən su idarəsinin 2.51 hektar arpa sahəsinə su vermədiyi, bu səbəbdən 2.51 hektar ərazidəki bitkilərin cücərdikdən sonra inkişaf etmədiyi və qurumuş olduğu qeyd edilmişdir. Sahədə heç məhsul olmadığı üçün məhsuldarlığı hesablamaq mümkün olmamış və buna görə də müqavilədəki 36.10 s/ha məhsuldarlıq qəbul edilmişdir. Yekun olaraq sahədə məhsul olmadığı üçün vəhşi quşların hücumu ilə bağlı hər hansı bir zərər aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin müstəqil ekspertin yekun rəyində heyvan otarılması zərəri qeyd olunsa da, sığortalanmış 2.51 hektar ərazinin daha öncədən 100 % zərər görməsi səbəbindən bu zərər üzrə faiz hesablanmamışdır. Həmçinin Azərbaycan Respublikası X7 ünvanlanmış 2024-cü il 2 fevral tarixli 6-1-23/2-908/2024 nömrəli məktubunda vətəndaşlara məxsus sahələrə su verilməməsi nəticəsində dəymiş zərərlərlə bağlı sorğu verilməli olan saləhiyyətli orqanın "xxxx" Açıq Səhmdar Cəmiyyəti olduğu qeyd edilmişdir. Qaydaların 1.21.2-ci yarımbəndinə əsasən, müvafiq faktı təsdiq edən sənədin toplanması vəzifəsi idarəedici quruma aid olduğundan hadisənin araşdırılması məqsədilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə 2024-cü il 17 yanvar tarixli 12-9-1/2-121/2024 nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq daxil olan 2024-cü il 6 fevral tarixli 13-4/2-237 nömrəli məktuba əsasən İddiaçı “Fətəlikənd” X2 ilə müqaviləsi olmadığına görə suvarma suyunun verilməməsi ilə bağlı iddiası əsassız hesab edilmişdir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi İddiaçı ilə bağlanılmış sığorta müqavilələri üzrə üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər dəyməsi faktı müvafiq səlahiyyətli dövlət orqanı, Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmədiyindən nəticədə, Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 9 aprel tarixli 12-9/2-B-42-394/2024 nömrəli məktub ilə) qəbul edilmişdir Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmədən İddiaçı cavadeh Fonda qarşı “11696,04 manat sığorta ödənişinin ödənilməsi” tələbinə dair 2(011)-3159/2025 nömrəli iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Fətəlikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 43 saylı arayışa əsasən, İddiaçı hal-hazırda Azərbaycan Respublikası Saatlı rayon Fətəlikənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyi və adına vergi ödəyicilərinin edintifikasiya nömrəsinin olmadığı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi çıxarışın surətinə əsasən, Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən 3.97 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeydiyyata alınma tarixi xx.xx.2021-ci il tarix kimi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi çıxarışın surətinə əsasən, Saatlı rayonu, Fətəlikənd kəndində yerləşən 2.51 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeydiyyata alınma tarixi xx.xx.2021-ci il tarix kimi qeyd edilmişdir. İddiaçı ilə Aqrar Sığorta Fondu adından "xxxx" ASC arasında BS-**********-AS saylı və BS-**********-AS “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə” sığorta şəhadətnamələri bağlanılmışdır. Şəhadətnamələrə əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır:
1. Yanğın;
2. Üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat;
3. Sel və ya subasma;
4. Vəhşi heyvanların hücumu;
5. Normadan artıq yağan qar yağıntıları;
6. Təbii fəlakətlər (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat). Sığorta ödənişinin verilməsi qaydası və əsasları:
1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;
2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;
6. üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 102/2-23592 saylı məktuba əsasən, Saatlı rayonu Fətəlikənd kəndində yaşayan İddiaçı müraciəti əsasında Saatlı RPŞ-də araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Saatlı rayon Azadkənd kənd ərazisində ona məxsus olan arpa əkin sahəsinə qeyri müəyyən vaxtlarda naməlum şəxslər tərəfində onun arpa sahəsi otarılmaqla ziyan vurulmuşdur. Üçüncü şəxsin hərəkətləri mövcutdur. Aqrar Sığorta Fondunun xx.xx.2024-cü il tarixli, 12-9/2-B-42-394/2024 saylı məktubuna əsasən, Saatlı rayonu Fətəlikənd kəndində yerləşən sığortalı əkin sahəsinə xx.xx.2023-cü il tarixində vəhşi heyvanların hücumu, xx.xx.2023-cü il tarixində üçüncü şəxslərin hərəkəti nəticəsində zərər dəyməsi qeyd olunmuşdur. Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təstiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən 3.97 hektar arpa sahəsinə su verməməsi səbəbilə 2.51 hektar sahədəki bitkilərin hamısının cücərdikdən sonra inkişaf etməmiş olduğu və qurumuş olduğu təsbit edildi. Sahədə məhsul qalmamışdır. Sahədə heyvan otarılmasının olduğu da görülmüşdür. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Bu məqsədlə hadisənin təfərrüatlarının araşdırlması üçün tərəflərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi saatlı Rayon Polis Şöbəsinə 4 aprel 2023-cü il 12-9-1/2-449/2023, 25 avqust 2023-cü il 12-9-1/2-1620/2023 , 13 noyabr 2023-cü il 12-9-1/2-2075/2023 saylı sorğular göndərilmişdir. Sorğulara cavab olaraq daxil olan 30 noyabr 2023-cü il 102/2- 23592 saylı məktuba əsasən xx.xx.2023-cü il tarixində Saatlı rayonu ərazisində üçüncü şəxslərin hərəkətinə dair hadisə qeydə alınmamışdır. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-yə 17 yanvar 2024-cü il tarixli 12-9-1/2-121/2024 saylı sorğu göndərilmişdir.Sorğuya cavab olaraq daxil olan 06 fevral 2024-cü il tarixli 13-4/2-237 saylı məktuba əsasən Birliklə müqavilə olmadığına görə suvarma suyunun verilməməsi ilə bağlı iddiası əsassız hesab edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS, BS-**********-AS saylı sığorta müqaviləsi əsasında sığortalanan əkin sahələrinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. BS-**********-AS saylı sığorta müqaviləsi əsasında keçirilmiş “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspertin ilkin rəyinə əsasən xx.xx.2023 tarixində İddiaçı ilə görüşülmüş və sığortalı sahəyə gedilmişdir. Sığortalı sulama kanalından su verilməməsi səbəbilə sahədəki məhsulu suvara bilmədiyini və quraqlıq zərəri meydana gəldiyini bəyan etmişdir. Məhsulun suvarılmaması və davam edən quraqlıq nəticəsində məhsulda yarpaqlanma əksiklikləri, məhsul boyunda qısalma, yarpaqlarda daralmalar müşahidə olunmuşdur. Davam edən quraqlıq nəticəsində sahədən iqtisadi dəyərə malik məhsul əldə edilməyəcəyi aşkar olunmuşdur. Məhsulun kollanma fazasında olması səbəbi ilə məhsuldarlıq təsbit olunmamışdır. Bu səbəbdən müvəqqəti (ilkin) ekspertiza aparıldı. Fermer tərəfindən müqavilədə bəyan edilən 36.1 s/ha məhsuldarlıq qəbul edilmişdir. Lakin meydana gələn zərərin yekun nəticəsi və məhsuldarlığın hesablanması üçün xx.xx.2023 tarixindən sonra yenidən sahəyə gedib yekun ekspertiza aparmaq lazımdır. BS-**********-AS saylı sığorta müqaviləsi əsasında keçirilmiş “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspertin yekun rəyinə əsasən sığortalı ilə bərabər xx.xx.2023 tarixində Saatlı rayonu Fətəlikənd kəndində yerləşən sahəyə baxış keçirildi. Daha əvvəl vəhşi heyvanların hücumu və üçüncü şəxs hərəkətləri (su verilməməsi) zərəri səbəbi ilə ilkin ekspertizaları olan 3.97 ha arpa sahəsinin yekun ekspertizası birlikdə qiymətləndirilmişdir. Zərər ekspertizasının yekunu olaraq su idarəsi 3.97 hektar arpa sahəsinə su vermədiyi üçün 2.97 hektar ərazidəki bitkilər cücərdikdən sonra inkişaf etməmiş və qurumuş olduğu aşkar olundu. 3.97 hektar sahənin 1 hektarlıq hissəsində bitkilər normal inkişaf etmiş və məhsuldarlığın hesablanması bu ərazidə aparılmışdır. Sahədə vəhşi quşların hücumu ilə bağlı hər hansısa bir zərər aşkar olunmadı. BS-**********-AS saylı sığorta müqaviləsi əsasında keçirilmiş “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspertin ilkin rəyinə əsasən xx.xx.2023 tarixində sığortalı ilə görüşülüb sığorta hadisəsi ehtimal olunan Arpa ərazisinə gedildi. Ərazinin hər tərəfi gəzildi. Ekspertiza zamanı məlum oldu ki, ərazi çıxış fazasındadır. Çıxış olan əzarizələr də tədricən quşların hücumuna məruz qalmışdır. Quşlar, çıxış alındıqdan sonra bitkini çıxarıb kökündəki toxum qalığını yeyirlər. Nəticədə bitki öz həyatına davam edə bilmir. Məhv olur. Bu fazada dəymiş məhsuldarlıq müəyən edilmədiyinə görə biçinə yaxın müddətdə ora yenidən baxış keçirmək zəruri hal kimi qiymətləndirilməlidir. Baxış zamanı eyni zamanda müəyyən olundu ki, sığortalı ərazinin 2 hektarını suvara bilmir. Bu da növbəti faktor kimi məhsuldarlığa təsir istisna deyil. Əraziyə gübrə səpdiyi müşahidə edilmişdir. İndiki halda sığortalanmış ərazinin məhsuldarlığını qiymətləndirmək və zərər faizini müəyyən etmək mümkün deyildir, buna görə də biçinə yaxın müddətində yekun baxış həyata keçirmək məsləhət görülür. Eyni zamanda müvəqqəti olaraq, bitkinin feneloği inkişaf fazası çıxış olduğu üçün məhsuldarlığın müəyyən olunması mümkün olmamışdır. Ona görə də ekspertiza zamanı mövcud məhsuldarlıq bəyan olunmuş məhsuldarlıq olaraq qədul edilmişdir. BS-**********-AS saylı sığorta müqaviləsi əsasında keçirilmiş “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspertin yekun rəyinə əsasən sığortalı ilə bərabər xx.xx.2023 tarixində Saatlı rayonu Fətəlikənd kəndində yerləşən sahəyə baxış keçirildi. Daha əvvəl vəhşi heyvanların hücumu və üçüncü şəxs hərəkətləri (su verilməməsi) zərəri səbəbi ilə ilkin ekspertizaları olan 2.51 ha arpa sahəsinin yekun ekspertizası birlikdə qiymətləndirilmişdir. Zərər ekspertizasının yekunu olaraq su idarəsi 2.51 hektar arpa sahəsinə su vermədiyi üçün 2.51 hektar ərazidəki bitkilər cücərdikdən sonra inkişaf etməmiş və qurumuş olduğu aşkar olundu. Sahədə heç məhsul olmadığı üçün məhsuldarlığın hesablanması mümkün olmadı və buna görə də müqavilədəki 36.10 s/ha məhsuldarlıq qəbul edilmiş. Ayrıca sahədə heyvan otarılması zərəri olduğu da görüldü. Sahədə məhsul olmadığı üçün vəhşi quşların hücumu ilə bağlı hər hansısa bır zərər aşkar olunmadı. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin 06 fevral 2024-cü il tarixli 13-4/2- 237 saylı məktubuna əsasən İddiaçı 6,48 ha taxıl sahəsi Aşağı Muğan kanalından su götürən RA-4 kanalının xidməti ərazisində yerləşir. Araz çayında su səviyyəsinin az olması səbəbindən Aşağı Muğan kanalına suyun növbəlilik əsasında verilməsinə, eyni zamanda vətəndaşın əkin sahəsinin RA-4 kanalının axırında yerləşdiyinə görə suvarma suyunun təminatında çətinliklər yaranmışdır. Buna baxmayaraq, vətəndaşın əkin sahəsi X3 İdarəsi tərəfindən ayrılmış səyyar nasos stansiyası vasitəsilə suvarma suyu ilə təmin edilmişdir. İddiaçı əkin sahəsinin suvarılması üçün “Fətəlikənd” X2 ilə müqavilə bağlamamışdır. İddiaçı tərəfindən qeyd olunan sahənin su təminatı ilə bağlı Birliklə müqavilə bağlamadığı və təbii amillər səbəbindən Araz çayında suyun azalması nəzərə alınaraq, vətəndaşın suvarma suyun verilməməsi ilə bağlı iddiası əsassız hesab edilmişdir.
İddianın hüquqi əsası:
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);
Maddə 5. Aqrar sığorta üzrə təminat verilən risklər 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; 5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri. 5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz. 5.3. Bu Qanunun 5.1-ci maddəsində sadalanan aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 16. Sığorta hadisəsinin araşdırılması 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin edir. 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir. 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli, 431 saylı qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”
1.5. Sığorta hadisəsi 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.
1.14. Sığortalının hüquq və vəzifələri 1.14.1. Sığortalının aşağıdakı hüquqları vardır:
2. sığorta hadisəsi baş verdikdə bu Qaydalara uyğun olaraq sığorta ödənişini tələb etmək; 1.14.2. Sığortalının aşağıdakı vəzifələri vardır:
11. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirmək;
16. vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri risklərinin baş verməsinin qarşısını almaq məqsədilə sığortalanmış predmetin saxlanıldığı yerin nəzarətsiz saxlanılmamasını və mühafizəsini təmin etmək;
1.22. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər:
1. baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə;
4. sığortalı sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə (bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı); 1.22.3. Fond sığorta ödənişindən imtina etdikdə, bunu qanunvericiliyə uyğun əsaslandırmalıdır.
2.2. Təminat verilən risklər
2.2.1.Sığorta məhsulunun şərtləri ilə müəyyən olunmuş aşağıda qeyd olunan bir və ya bir neçə risk nəticəsində kənd təsərrüfatı bitkilərinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 7-1. vəhşi heyvanların hücumu;
9. üçüncü şəxslərin hərəkətləri
9-1. vəhşi heyvanların hücumu təminat verilmiş bitkilərdə vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər;
10. üçüncü şəxslərin hərəkətləri - sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər.
2.3. Sığorta risklərindən istisnalar 2.3.1.Aşağıdakı hallar nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir:
4. təminat altına alınan risklərin baş verib-verməməsindən asılı olmayaraq məhsulla bağlı aqrotexniki tədbirlərin tam və ya düzgün həyata keçirilməməsi;
5. quraqlıq;
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixində vəhşi heyvanların hücumu, xx.xx.2023-cü il tarixində üçüncü şəxslərin hərəkəti nəticəsində sığortalı əkin sahəsinə zərər dəyməsi ilə bağlı Aqrar Sığorta Fonduna müraciət etmişdir. Sığortalı sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktının olduğunu iddia etdiyindən Aqrar Sığorta Fondu tərəfindən müvafiq hərəktlər icra edilmiş və “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspert tərəfindən ekspertiza keçirilmişdir. Məhkəmə qeyd ki, iddia edilən sığorta hadisəsindən 2 ildən çox müddət keçdiyinə görə, hazırkı mülki iş üzrə, yeganə mötəbər sübut kimi Aqrar Sığorta Fondu tərəfindən keçirilmiş “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta hadisəsinin araşdırılması” barədə müstəqil ekspertin rəyləri çıxış edir. Tərəflər arasında bağlanmış BS-**********-AS saylı sığorta müqaviləsi üzrə keçirilmiş tədqiqatın nəticəsində müstəqil ekspert tərəfindən müəyyən edilmişdir ki, su idarəsi iddiaçıya məxsus 3.97 hektar arpa sahəsinə su vermədiyi üçün 2.97 hektar ərazidəki bitkilər cücərdikdən sonra inkişaf etməmiş və qurumuş olduğu aşkar olunmuşdur, 3.97 hektar sahənin 1 hektarlıq hissəsində bitkilər normal inkişaf etmiş və məhsuldarlığın hesablanması bu ərazidə aparılmışdır, sahədə vəhşi quşların hücumu ilə bağlı hər hansı bir zərər aşkar olunmamışdır. BS-**********-AS saylı sığorta müqaviləsi üzrə keçirilmiş tədqiqatın nəticəsində müstəqil ekspert tərəfindən müəyyən edilmişdir ki, su idarəsi iddiaçıya məxsus 2.51 hektar arpa sahəsinə su vermədiyi üçün 2.51 hektar ərazidəki bitkilər cücərdikdən sonra inkişaf etməmiş və qurumuş olduğu aşkar olundu. Ayrıca sahədə heyvan otarılması zərəri olduğu da görüldü. Sahədə məhsul olmadığı üçün vəhşi quşların hücumu ilə bağlı hər hansı bir zərər aşkar olunmadı. Göründüyü kimi, iddiaçıya məxsus arpa sahələrində məhsula zərərin vurulduğu müəyyən edilsə də, bunun nə vəhşi heyvanların hücuma, nə də sahələrdə üçüncü şəxslər tərəfindən heyvanların otarılması ilə bağlı olmamışdır. Məhsula zərərin dəyməsi üçüncü şəxs tərəfindən suvarma suyunun verilməməsi ilə bağlı olmuşdur. Lakin bununla bağlı da müəyyən edilmişdir ki, Araz çayında su səviyyəsinin az olması səbəbindən Aşağı Muğan kanalına suyun növbəlilik əsasında verilməsinə, eyni zamanda vətəndaşın əkin sahəsinin RA-4 kanalının axırında yerləşdiyinə görə suvarma suyunun təminatında çətinliklər yaranmışdır. Buna baxmayaraq, vətəndaşın əkin sahəsi X3 İdarəsi tərəfindən ayrılmış səyyar nasos stansiyası vasitəsilə suvarma suyu ilə təmin edilmişdir. İddiaçı əkin sahəsinin suvarılması üçün “Fətəlikənd” X2 ilə müqavilə bağlamamışdır. İddiaçı tərəfindən qeyd olunan sahənin su təminatı ilə bağlı Birliklə müqavilə bağlamadığı və təbii amillər səbəbindən Araz çayında suyun azalması nəzərə alınaraq, vətəndaşın suvarma suyun verilməməsi ilə bağlı iddiası əsassız hesab edilmişdir. Halbuki, “Aqrar sığorta Qaydaları”na əsasən sığortalının kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirmək kimi vəzifələri vardır. Lakin İddiaçı sığortalanmış arpa sahəsinin suvarılması üçün zəruri olan tətbirlər görməmişdir. Belə olan halda isə, təminat altına alınan risklərin baş veribverməməsindən asılı olmayaraq məhsulla bağlı aqrotexniki tədbirlərin tam və ya düzgün həyata keçirilməməsi nəticəsində baş vermiş zərərə görə təminat verilmir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, “Aqrar sığorta qaydaları”nın 2.3.1-ci yarımbəndinin 5-ci abzasına əsasən quraqlıq nəticəsində yaranan zərərə görə təminat verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta hadisəsi olaraq üçüncü şəxslərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş 11.696,04 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı İddiaçı məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili X5 46 saat üçün nəzərdə tutulan 259 manat pul ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta hadisəsi olaraq üçüncü şəxslərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş 11.696,04 manat sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. 13 saylı Vəkil Bürosunun vəkili X5 46 (qırx altı) saat üçün nəzərdə tutulan 259 (iki yüz əlli doqquz) manat pul ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Əminə Abbasova