Məhkəmə qərarları › İş №2(011)-3263/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3263/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3263/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 4150 manat məbləğində sığorta ödənişinin, 61,50 manat məbləğində dövlət rüsumunun və 0,40 məbləğində xidmət haqqının, cəmi 4211,90 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-də, H.Zeynalabdin qəsəbəsi istiqamətində “Bakı Sığorta" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh2 mülkiyyətində olan “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh1 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə hadisə zamanı X6 tərəfindən idarə olunan “Opel Vectra minik” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər və həmin şəxsin sağlamlığına isə “yüngül” dərəcəli zərər dəymişdir. AR DİN Sumqayıt ŞPİnin TŞ-nin 13.02.202 l-ci il tarixli, 123-34965 nömrəli arayışdan, xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR lXM-nin 327.1-ci və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, “VAZ 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair akta əsasən hadisə nəticəsində “Opel Vectra” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3400 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 643/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №AZ0010505 saylı ödəniş tapşırığına əsasən 3400 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Opel Vectra minik” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 "xxxx" ASC-də olan AZ70MUGA**********10888AZM08 saylı hesabına köçürülmüşdür. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2021-ci il tarixli, №1088 saylı rəyinə əsasən hadisə zamanı X1 dəymiş bədən xəsarəti sağlamlığın müəyyən müddətə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aid edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 644/21 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli, №AZ0010565 saylı ödəniş tapşırığına əsasən 750 manat məbləğində sığorta ödənişi hadisə zamanı yüngül xəsarət almış X2 "xxxx" ASC-də olan AZ70MUGA**********10RH8AZM0H saylı hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/1281 saylı Geriyə tələb məktublarından görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 4150 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, AR DİN Sumqayıt ŞPİ-nin TŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışından və AD № 146038 saylı X5 Kartoçkasından (Qeydiyyat Şəhadətnaməsi) göründüyü kimi hadisə anında “VAZ 21074 minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında ƏN- V№504384 saylı etibarnamədən məlum olur ki, Cavabdeh2 “VAZ 21074 minik” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2021-ci il tarixədək (altı ay) Cavabdeh1 ötürmüşdür. Hadisə anında qeyd edilən avtomobil Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X3 750 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Opel Vectra” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtomobilə 3400 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh1 arasında bağlanmış müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus “Vaz 21074” markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan Sumqayıt şəhəri Polis İdarəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan TP № ******* nömrəli xx.xx.2021-ci il tarixli X8 haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “VAZ 21074" markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddia tələblərini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırır. Məhkəmə araşdırılması zamanı isə iddiaçının tələblərini əsaslandırdığı hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 61,50 manat dövlət rüsumunun və 0,40 məbləğində xidmət haqqının cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 61,50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - 4150 manat məbləğində sığorta ödənişinin, 61,50 manat məbləğində dövlət rüsumunun və 0,40 məbləğində xidmət haqqının, cəmi 4211,90 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar