Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3308/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdeh İB-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehin işçisi, vəzifəli şəxs olan X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - dörd nəfərdən ibarət bir ailənin bütün üzvlərinin həlak olmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Binəqədi X12 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləyən Rasif Məmmədov, inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olaraq, “Qaz Təchizatı 2.08.08-87 Tikinti Norma və Qaydalar”nın 4.7 və 4.22 “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.1 və 9.1-ci bəndlərinin, habelə "Azəriqaz” İB-nin baş direktorunun Regionlar üzrə qaz istismar idarəsinin və Bakı şəhəri X10 rəislərinə ünvanlanmış xx.xx.2010-cu il tarixli ƏH- 04-4312/4 saylı direktiv göstəriş məktubunun və “Binəqədi rayon Qaz İstismar Sahəsinin Yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın tələblərini pozaraq, təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərməli, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqcadan görülməli tədbirləri yerinə yetirməyərək, xidməti ərazisi hesab edilən Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəki yeni yaşayış massivində yerləşən abonentlərə qaz nəql edən 40 mm diametrlik borulardan ibarət və aşağı təzyiqli olduğu üçün yerüstü çəkilməli olan qaz xəttinin yeraltı olaraq həmin küçədə yerləşən X11 məxsus evin altından keçməsini aşkar etmək üçün real imkanı olmasına baxmayaraq, bunu vaxtında etmədiyi üçün xətlə nəql edilən təbii qaz borusunun korroziyaya uğrayaraq tamlığının pozulması səbəbindən A.Rzayevin evinə qaz dolaraq, xx.xx.2010-cu il tarixdə saat 7 radələrində yanğın hadisəsi baş vermişdir. Anar Rzayev, ailə üzvləri, yəni azyaşlı oğlu X15, yeni doğulmuş adı qoyulmamış oğlan uşağı ilə birlikdə dəm qazından zəhərlənərək və yanaraq, arvadı X5 isə aldığı termiki yanıq xəsarətləri ilə əıaqədar baş vermiş intoksikasiya nəticəsində ölmüşlər. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Binəqədi X12 Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətin 8-ci sahəsinin ustası vəzifəsində işləyən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmiş, Binəqədi Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli l(001)-75/2011 saylı hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm qanuni qüvvəyə minmişdir. Hadisənin Cavabdeh Binəqədi rayonu QİS-nin 8 saylı nəzarət xidmətinin əməkdaşının təqsiri ucbatından baş verməsi, iş üzrə təyin edilmiş ekspertizaların rəyləri və hazırki işdə preyudisial əhəmiyyətə malik olan Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 may 2011-ci il tarixli hökmü ilə təsdiq olunur. Həlak olan şəxslərdən X5 onun övladı, iki körpə nəvələri, yoldaşı isə kürəkəni idi. Cavabdehin məsul vəzifədə çalışan işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərinə görə baş verən hadisə nəticəsində ana, nənə olaraq ona mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının və onun ailəsinin ölməsi ilə bağlı keçirdiyi mənəvi sarsıntının, iztirabın dərəcəsini tam olaraq onu yaşayan şəxs bilər. Keçirdiyi hisslərin az bir hissəsini məhkəmə-tibbi ekspertizasının rəylərinə baxsaz bəlkə hiss olunar. Qızı Elnarənin ümumi bədən səthinin 75-85 %-i yanmışdır. 4 gün əzab çəkmişdir. Tək o, deyil, onunla bərabər o, da əzab çəkmişdir. Qızı ölmüş, o, isə əzab çəkməyə davam edir. Bir ana üçün övladını itirməyin nə demək olduğunu bilirsinizmi? Hələ yanaraq ölməsini görməyin nə əzab verməsini bilirsinizmi? Bəs nənəyə biri yeni doğulmuş, digəri hələ iki yaşı olmamış nəvələrinin yanaraq ölmələrini görməyin nə iztirablar yaşatdığını bilirsinizmi? X14 və nəvələrinin yarım kömürləşmiş meyitlərinin, qızının qan içində olan bədəninin gözünün önündə getməyən bir şəkil kimi qaldıqlarını təsəvvür edirsinizmi? Qızını, nəvələrini, oğlu kimi istədiyi kürəkənini görmək istəyir. Qızını, nəvələrini oxşayıb, onlarla ünsiyyətdə olmaq istəyir. Mümkün olmadığını, acizliyini dərk edir və bu ona davamlı iztirab verir. Keçirdiyi sarsıntı və iztirabın, mənəvi hüzursuzluğunun yüngülləşməsi üçün cavabdehdən vurulmuş zərərin aradan qaldırılması məqsədi ilə təzminat tələb edir. Qanuna əsasən mənəvi ziyan pul məbləğində kompensasiya edilir. Hadisə zamanı və o vaxtdan bu günədək yaşanan stresslər, keçirdiyi sarsıntılar, çəkdiyi iztirablara görə vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqqı vardır. Hazırki faciə ilə əlaqədar kürəkəni Anarın atası Həbib Rzayev mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)-6950/2018 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1378/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)-6950/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3347/2019 saylı, 13 may 2019-cu il tarixli qərarı ilə qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə, 390 (üç yüz doxsan) manat ödənilmiş dövlət rüsumunun, cəmi 100390 manat pul vəsaitinin tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Vəkil1 iddiaçının övladının ölməsində təqsirli şəxs olaraq X4 bilindiyini nəzərə alaraq, cavabdehə qarşı iddia tələbinin əssassız olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 429415 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 428827 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə yanıq xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 428826 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-75/2021 saylı, 29 may 2011-ci il tarixli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3347/2019 saylı, 13 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)- 6950/2018 nömrəli qətnaməsi ilə iddiaçı X7 Cavabdeh İB-nə qarşı iddiası qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1378/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2 (011)-6950/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3347/2019 saylı, 13 may 2019-cu il tarixli qərarı ilə iddiaçı X1 şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1378/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçisi olan X6 vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının övladı X3, iddiaçının iki körpə, yəni X8 və yeni doğulmuş adı qoyulmamış nəvələrinin və iddiaçının kürəkəni olan X9 ölümlərinə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onların faciəli şəkildə ölmələrinə səbəb olmuşdur. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində övladının, kürəkəninin və iki körpə nəvəsinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının övladının, kürəkəninin və iki körpə nəvəsinin faciəvi şəkildə həlak olmaları, bunun nəticəsində ailənin natamam qalması, ana və nənə olaraq iddiaçının yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının, kürəkəninin və iki körpə nəvəsinin həlak olmaları ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdehndən 100000 (bir yüz min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 390 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 100000 (bir yüz min) manat məbləğində dəymiş mənəvi ziyan və ödənilmiş 390 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3308/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3308/2022
04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver