Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3345/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2019-cü il təvəllüdlü X1 üçün hər ay 500 (beş yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 27 avqust 2018-ci ildə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Uşaq hazırda iddiaçının himayəsindədir. Həyat yoldaşı Xəyal uzun müddətdir ki, depressiv hallar yaşamış və onlardan uzaqlaşmışdır. 2023-cü ildə Xəyal yol nəqliyyat hadisəsi törətmişdir, həkim olmağına baxmayaraq məhkəmələr ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir və onun üzərinə elektron qolbaq daşımaq öhdəliyi qoymuşlar. Bunu isə öz şəxsiyyətinə sığışdırmadığına görə Xəyal depressiyaya düşüb, ailəsindən, qohumlarından uzaqlaşdı, cəmiyyət içinə çıxmaqdan imtina etməyə başladı. Artıq 5-6 aydır ki, Xəyal nə onunla, nə də oğlu ilə maraqlanır. Dəfələrlə münasibətləri düzəltməyə cəhd etsə də, Xəyalla əlaqə saxlamaq mümkün olmur, ondan, ailəsindən, övladından qaçır. İddiaçı da təkbaşına uşağını saxlaya bilmir. Ailə münasibətləri düzəlməsə belə, Xəyal ata kimi uşağına baxmalıdır. Bu onun atalıq borcudur. Cavabdeh əgər bu cür laqeyd, depressiz hallarından uzaqlaşmasa, gələcəkdə boşanmaq üçün də məhkəməyə müracitə edəcək. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun əmək haqqısı 650 manatdır. 650 manatın 500 manat hissəsini aliment versə cəmi 150 manat pulu qalır. İddiaçı da bilir ki, avtoqəza keçirtmişdir, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, əsas iş vaxtından əlavə işlər həyata keçirə bilmir. Nərimanov və Bakı Apellyasiya Məhkəməsi onun şəxsiyyətini nəzərə almayıb ona rüsvayedici cəza təyin etdilər. Bu səbəbdən ailəsində də münasibətləri korlanıb. Ölkə üzrə minimum aliment miqdarı 235 manatdır. Onun bəzi aylarda gəliri maksimum 800 manata çatır. Ona görə də o, öz oğlunun saxlanması üçün maaşının 40%-nı aliment kimi tutulmasına etiraz etmir. Amma 500 manat tutulma artıq onun üçün çıxılmaz maddi çətinlikdir. Külli miqdarda da borcu var. Əlavə gəlirləri olduqca alimenti daha artıq ödəyəcəyək. İddia ərizəsinin qismən təmin edilməsini xahiş edir və onun əmək haqqısının 40% miqdarda alimentin tutulmasına etiraz etmir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, 500 manat məbləğində alimentin təyin olunmasına etiraz etmişdir. O, məhkəməyə yazılı ərizə təqdim edərək, 250 manat məbləğində alimentin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı ilə Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər və mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Firmasında “stomatoloq” vəzifəsində işləyir, aylıq əmək haqqısı 710,61 manat təşkil edir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, İddiaçı "xxxx" Firmasında “kiçik tibb bacısı” vəzifəsində işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədən görünür ki, o 250 manat məbləğində alimentin ödənilməsinə razıdır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməlidir. İş materialları ilə cavabdehdən 250 manat məbləğindən daha artıq məbləğdə alimentin tutulmasına əsas verə biləcək cavabdehə aid müvafiq gəlir məlumatları müəyyən edilmədiyindən, qalan hissədə iddia təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 250 (iki yüz əlli) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3345/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3345/2024
06.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver