Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3388/2021 23.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğvi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ehtiyacı olduğu üçün xx.xx.2018-ci il tarixində Cavabdeh2 ilə aralarında onun bacanağı X3 iştirakı ilə kredit müqaviləsi imzalanmış, Ağstafa rayon Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh2 ona çatacaq 1500 manat pulun 900 manatını özündən, qalan 600 manatını bacanağı X1 alaraq, “xxxx”ın Ağstafa filialında notariusun depozit hesabına köçürmüşdür. Həmin gün Cavabdeh2 onun bacanağı X3 iştirakıilə özünə pul lazım olmadığını bildirmiş və (təkrarən) qarşılıqlı razılaşma əsasında Cavabdeh2 notariusun depozit hesabıma qoyulmuş 1500 manatı geri götürməsi üçün Ağstafa rayon Notariat Kontorununda xx.xx.2018-ci il tarixində ƏN-İ ******* nömrəli etibarnamə vermişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixində ona borc vermək adı ilə “xxxx”ın Ağstafa filialında notariusun depozit hesabına qoyduğu 1500 manatı həmin etibarnamə əsasında geri götürmüşdür. Cavabdeh2 1500 manatı götürməsini kod 200521, KB6№ 923803 çek kötüyü təsdiq edir. Cavabdeh2 pulu götürdükdən sonar 900 manatını özündə saxlamış, qalan 600 manatını bacanağı X4 vermişdir. Bunu M.Sadıxov təsdiq edə bilər. Hal-hazırda faktiki olaraq Cavabdeh2 heç bir pul borcu yoxdur. Buna baxmayaraq Cavabdeh2 əsassız olaraq, Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsindən Bakı şəhəri, 36 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-2303 saylı icra sənədinə (qeydi) əsasən 1500 manat pulun ondan tutumasını tələb etmişdir. Bakı şəhəri, 36 saylı Notariat ofisinin xüsusi notariusuna 8İ-2303 reystr nömrəli icra qeydinin ləğv edilməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli ərizəsinə baxaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 41-ci maddəsinə əsasən bu barədə notariat ofisinin yerləşdiyi məhkəməyə şikayət etməsi bildirilmişdir. Prosesin gedişində İddiaçı ərizə verərək Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbində göstərilənlər əsassızdar və iddiaçı tərəfindən alınmış borc məbləği qaytarılmamışdır. Odur ki, iddia tələbinin əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 36 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli İcra qeydi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış, icra qeydi, icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2019-cu il tarixdə borclu İddiaçı təqdim edilmişdir. Hal-hazıradək borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsinin surətindən görünür ki, borc verən faizsiz xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə borc alana 1500 manat məbləğində borc vermişdir. Müqavilə Ağstafa rayon Notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq olunmuş və reyestrdə 8İ-2303 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli ƏN-İ ******* nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı “xxxx”da onu təmsil etməyi, ona çatası pulu almağı və s. Cavabdeh2 etibar etmişdir. Ağstafa rayon Notariat kontorunun xüsusi notariusu X8 tərəfindən “xxxx” ASC-nin Ağstafa filialına ünvanladığı məktubdan, əlavə olunmuş mədaxil və nəxaric qəbzlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə 1500 manat bankda xüsusi notarius X6 hesabına depozitə qoyulmuş, xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin depozit hesabından çıxarılmışdır. Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli İcra qeydinin surətindən görünür ki, notarius tərəfindən Cavabdeh2 xeyrinə İddiaçı 1500 manat borc, 20 manat dövlət rüsumu olmaqla, cəmi 1520 manat məbləğində pulun tutulması barədə icra qeydi aparılmışdır. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və əlavə olunmuş sənədlərin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və icra qeydi, icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2019-cu il tarixdə borclu İddiaçı təqdim edilmişdir. Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixində Bakı şəhəri 36 saylı notariat ofisində aparılmış 8İ-2303 reyestr nömrəli icra qeydinin xitamına dair notariat ofisinə ünvanladığı ərizəsinə baxılmış, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxsin bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. 165-ci hissəsinə görə isə icra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı Cavabdeh2 xeyrinə İddiaçı 1500 manat borc, 20 manat dövlət rüsumu olmaqla, cəmi 1520 manat məbləğində pulun tutulması barədə Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli İcra qeydinin ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. İddiaçı verdiyi etibarnamə əsasında 1500 manatın notariusun depozit hesabından Cavabdeh2 tərəfindən götürüldüyünü, bununla da, borc verən qarşısında hər hansı pul öhdəliyinin qalmadığını qeyd etmişdir. Halbuki, qanunun tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz və həmin əqdləri təmsil edilənin mənafeyinə uyğun olaraq bağlamalıdır. Hazırkı halda, işin faktiki hallarından görünür ki, Cavabdeh2 borcalan İddiaçı verdiyi etibarnamə əsasında 1500 manat vəsaitin notariusun depozit hesabından, onu təmsil etməklə, onun mənafeyinə uyğun olaraq götürdüyü müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisinə və Cavabdeh2 qarşı cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3388/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3388/2021
23.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver