Məhkəmə qərarları › İş №2(011)-345/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-345/2022

14.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-345/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ümumilikdə 5695 manat məbləğində olan əmək haqqı borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün cəmi 2.000 manat kompensasiya miqdarında pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, İddiaçı məxsus olan əmək kitabçasının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, cavabdeh MMC-də gözətçi vəzifəsində əmək müqaviləsi əsasında işləmişdir. 2015-ci ilin iyun ayından əmək haqqı tam şəkildə ödənilmir və ödənilməmişdir. İddiaçının əmək haqqı 240 manat təşkil edir. İddiaçı 2015-ci il ərzində cəmi 1.760 manat, 2016-cı il ərzində 800 manat, 2017-ci il ərzində 955 manat, 2018-ci il ərzində 3.435 manat, 2019-cu il ərzində 2175 manat, 2020ci il ərzində 2.900 manat, 2021-ci ilin hazırkı 07 iyuluna qədər isə 1.000 manat əmək haqqı almışdır. Yuxarıda qeyd edilən illər ərzində iddiaçıya ödənilməli olan əmək haqqı 1.8720 manat olmalı idi, həmin məbləğdən iddiaçıya 1.3025 manat ödənilmişdir. Qeyd edilən illər ərzində iddiaçıya ödənilən əmək haqqı məbləğindən qalıq 5.695 manatdır. Əmək haqqı aylar üzrə tam şəkildə ödənilməmişdir. Əmək müqaviləsinə 07 iyul 2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Sosial arayışdan görünür ki, İddiaçı 01 sentyabr 2015ci il tarixdə "xxxx" MMC-də operator vəzifəsinə qəbul edilmiş, onun aylıq əmək haqqı 200 manat olmuşdur. 18 aprel 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi qüvvədən düşmüşdür. İddiaçı 10 aprel 2018-ci il tarixdə Maraqlı şəxs3nin Azərbaycan Respublikasındakı filialında gözətçi vəzifəsinə qəbul edilmiş, onun aylıq əmək haqqı 250 manat olmuşdur. Onunla bağlanmış müqavilə 10 aprel 2018-ci il tarixdə qüvvədən düşmüşdür. 01 iyun 2018-ci il tarixdə iddiaçı Maraqlı şəxs3nin Azərbaycan Respublikasındakı filialında gözətçi vəzifəsinə qəbul edilmiş, onun aylıq əmək haqqı 250 manat olmuşdur. Həmin müqavilə 13 yanvar 2020-ci il tarixdə qüvvədən düşmüşdür. 13 yanvar 2020-ci il tarixdə iddiaçı "xxxx" MMC-də gözətçi vəzifəsinə qəbul edilmiş, onun aylıq əmək haqqı 250 manat təşkil etmişdir. 07 iyul 2021-ci il tarixdə həmin müqavilə qüvvədən düşmüşdür. 10 iyun 2020-ci il tarixdə iddiaçı Maraqlı şəxs3nin Azərbaycan Respublikasındakı filialında ərazi gözətçisi vəzifəsinə qəbul edilmiş, onun aylıq əmək haqqı 250 manat olmuşdur. 11 fevral 2021-ci il tarixdə həmin müqavilə qüvvədən düşmüşdür. Məhkəmə araşdırması zamanı İddiaçı öz izahatında 17 aprel 2017-ci il tarixli işdən azad edilmə və 10 yanvar 2020-ci il tarixli işə daxil olma haqqında ərizələrin onun tərəfindən imzalanmadığını, həmin ərizələrdən məlumatının olmadığını bildirmişdir. Məhkəmə tərəfindən işin araşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-345/2022 saylı mülki işin 173-182-ci səhifələrində olan 12 iyun 2020-ci il, 08 iyul 2020-ci il, 21 iyul 2020-ci il, 12 sentyabr 2020-ci il, 30 oktyabr 2020-ci il, 26 dekabr 2020-ci il, 23 fevral 2021-ci il, 19 may 2021-ci il, 04 iyun 2021-ci il, 10 mart 2021-ci il tarixli Ödəmə fişlərinin aşağı sağ künclərində “Yukarıda yazılı parayı tamamən aldım” hissəsində “Adı soyadı, İmza” qrafalarındakı imzalar; mülki işin 150-ci səhifəsində İddiaçı adından olan 10 yanvar 2020-ci il tarixli “işə daxil olma” barədə ərizədə “İmza” qrafasındakı imza; mülki işin 149-cu səhifəsində İddiaçı adından olan 17 aprel 2017-ci il tarixli “işdən azad edilmə” barədə ərizədə “İmza” qrafasındakı imza-İddiaçı tərəfindən imza olunmuşdur. Hazırkı iş üzrə iş materiallarında olan hesabdan çıxarışdan və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, iddiaçıya işlədiyi dövr ərzində aylıq əmək haqqı ödənilsə də, tam şəkildə ödənilməmişdir. İddiaçı hazırkı iddia tələbində də bu hala istinad etmiş və cavabdehdən ödənilməmiş əmək haqqının tutulub ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, cavabdeh işlədiyi şirkətdən işinə xitam verildikdən sonra əmək haqqı ilə bağlı son haqq-hesabını almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı 10 yanvar 2020-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək "xxxx" MMC-də işləsə də, bu dövr ərzində o, əmək haqqını mübahisələndirməmişdir. İddiaçı 10 iyun 2020-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək Maraqlı şəxs3nin Azərbaycan Respublikasındakı filialında ərazi gözətçisi vəzifəsində işləmişdir. Onun həmin şirkətdən almalı olduğu əmək haqqı ilə bağlı hazırda cavabdeh olan "xxxx" MMC məsuliyyət daşımamalıdır. Hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Məhkəmə bununla bağlı Əmək Məcəlləsinin müvafiq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı ilə "xxxx" MMC-nin arasında bağlanmış əmək müqaviləsinə 07 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçının iddiasına əsasən onun əmək haqqı 2015ci ildən 07 iyul 2021-ci il tarixədək tam həcmdə ödənilməmişdir. Buna baxmayaraq o, məhkəməyə 30 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçının işlədiyi dövrlər ərzində aldığı aylıq ortalama əmək haqqı miqdarı 250 manat olmuşdur. İddiaçının 13 yanvar 2020-ci il tarixdə "xxxx" MMC ilə arasında bağlanmış əmək müqaviləsi 07 iyul 2021-ci il tarixdə qüvvədən düşmüşdür. Ona görə də məhkəmə hesab edir ki, 30 sentyabr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 07 iyul 2021-ci il tarixədək olan son bir illik müddətə aid olan əmək haqqı üzrə tam şəkildə ödənilməyən məbləğ iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, 2020-ci il ərzində iddiaçıya aylıq 250 manat olmaqla (250x12=3000) 3000 manat məbləğində əmək haqqı ödənilməli olmuşdur. İş materiallarından görünür ki, iddiaçıya 2020-ci il ərzində cəmi 2900 manat əmək haqqı ödənilmişdir. 2021-ci ilin iyul ayına qədər olan 7 aylıq dövr ərzində isə (250x7=1750) 1750 manat məbləğində əmək haqqı ödənilməli olmuş, lakin 2021-ci ilin iyul ayına qədər iddiaçıya cəmi 1000 manat əmək haqqı ödənilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, həmin dövr ərzində iddiaçıya ödənilməmiş (100+750=850) 850 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı məxsus olan əmək kitabçasının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya məxsus olan əmək kitabçası cavabdehdən alınıb iddiaçıya təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən işçi işə götürülən zaman onun adına əmək kitabçası açılmalıdır (əgər ilk iş yeridirsə) və işçi ilə münasibətlərə xitam verildiyi sonuncu iş günü əmək kitabçası işçiyə verilməlidir. Hazırkı iş üzrə əmək kitabçasının iddiaçıya təhvil verilmə halı aşkarlanmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya məxsus əmək kitabçası cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün cəmi 2.000 manat kompensasiya miqdarında pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında gecikmə günlərinin dəqiq sayını tam müəyyən etmək mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 850 manat məbləğində olan əmək haqqı tutularaq iddiaçıya ödənilməli, iddiaçıya məxsus əmək kitabçası cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, ekspertiza tədqiqatı məhkəmənin təşəbbüsü ilə keçirilmiş olduğundan, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manatın 55 manatı cavabdeh "xxxx" MMC-dən, qalan 55 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddiaçıya məxsus olan əmək kitabçası cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" MMC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manatın 55 (əlli beş) manatı cavabdeh "xxxx" MMC-dən, qalan 55 (əlli beş) manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar