Məhkəmə qərarları › İş №2(011)-3450/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3450/2022

24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3450/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 Mizəhüseyn oğlunun və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərin hər birindən ayrı-ayrılıqda nəvələri xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda hər uşağa 200 manat olmaqla hər ay cəmi 400 manat məbləğində olmaqla ümumilikdə cavabdehlərdən hər ay 800 manat məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat vəsaitin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 oğlu X15 ilə xx.xx.2008-ci il tarixdə rəsmi olaraq nikah qurmuş və birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2011-ci il təvəllüdlü Azər adlı övladları doğulmuşdur. İddiaçının keçmiş həyat yoldaşı X10 qonşuları X4 ilə birlikdə ailə münasibətlərinə xəyanəti, X4 tərəfindən qısqanclıq zəminində xx.xx.2019-cu il tarixdə onlar evdə olmayan vaxtı ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qəsdən yandırılması və nəticə etibarı ilə evdə olan 3500 manat dəyərində olan qızıl-zinət əşyalarının, 25000 manat dəyərində olan qonaq, yataq və mətbəx mebel dəstlərinin, 3000 manat dəyərində məişət texnikası və 5500 manat dəyərində iddiaçının, uşaqlarının və həyat yoldaşının paltarları, şəxsi əşyaları, parfumeriyası yandırılmaqla, ümumilikdə 85000 manat məbləğində iddiaçıya maddi ziyan vurulması nəticəsində ailə münasibətləri soyumağa başlamışdır. İddiaçı dəfələrlə X12 ailələrinin dağılmaması üçün şanslar versə də, X15 iddiaçıya qarşı xəyanətkar hərəkətlərini davam etdirmiş, X2 bakirəliyini pozduğuna görə sonuncunun qohumlarının hədə-qorxusu nəticəsində onun ilə dini nikaha girərək ona iddiaçıdan xəbərsiz Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2 sot torpaq sahəsi üzərində bir mərtəbəli fərdi yaşayış evi tikmiş və hazırda onunla ər-arvad münasibətində yaşayır. Buna görə də, iddiaçı X15 ilə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(048)-357/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək nikahlarının pozulmasına, habelə həmin nikahdan olan uşaqların iddiaçının yanında qalması və onların 18 yaşına çatanadək saxlanılması üçün X8 xx.xx.2021-ci il tarixdən başlayaraq onun qazanc və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tululması qət edilmişdir. Qeyd olunan icra vərəqəsinin icrası zamanı X15 özünün əsl qazancını qəsdən gizlədərək formal olaraq Lerik rayon İcra şöbəsinə ayda 250 manat qazanca malik olması haqqında arayış təqdim etmiş və nəticə etibarı ilə iddiaçıya aliment onun icra şöbəsinə təqdim etdiyi formal arayışa uyğun olaraq yəni ayda iki uşağın saxlanılması üçün cəmi 200 manat məbləğində ödənilir. X10 iddiaçıya iki uşağa görə hər ay ödədiyi cəmi 200 manat məbləğində aliment uşaqlarının normal saxlanması üçün kifayət etmir və nəticə etibarı ilə iddiaçının və uşaqlarının hüquq və qanun ilə qorunan mənafeyi kobud şəkildə pozulur. İddiaçı, onun nümayəndəsi Nümayəndə2 Mizəhüseyn oğlu və iddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin gəlməməsi barədə məlumat olmadığından işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümyəndəsinin və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə X15 rəsmi nikaha daxil olmuş və nikahları 2021-ci ildə ləğv edilmişdir. Onların birgə nikahlarından uşaqları – xx.xx.2009cu il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X16 anadan olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X10 valideynləridir. Lerik Rayon Məhkəməsinin 2(048)- 357/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2010-cu il tarixdə doğulmuş X7 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün X8 xx.xx.2021-ci il tarixdən başlayaraq (barışıq müddətində) iddiaçı X3 xeyrinə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həddində alimentin tutulub X5 verilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı məlum oldu ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ilə X10 uşaqları - xx.xx.2010-cu il tarixdə doğulmuş X7 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün zəruri olan vəsait uşaqların atası Zaur Nəzərovdan tutulmuşdur. Hazırda iddiaçı tutulan vəsaitin uşağın saxlanması üçün yetərli olmaması üzündən, iddiaçı məhkəməyə uşaqların nənə və babasından da alimentin tutulması barədə tələblə müraciət etmişdir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, yetkinlik yaşına çatmayan nəvələr o, halda baba və nənədən aliment almaq hüququna malikdirlər ki, ilk növbədə onlar öz valideynlərindən maddi yardım ala bilməsinlər, ikinci növbədə isə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. İşin materiallarından və iddiaçının verdiyi izahatdan görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları, yəni İddiaçı yanında qalırlar və onların saxlanması üçün ataları Zaur Nəzərovdan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulur. Göründüyü kimi, uşaqların saxlanması üçün atalarından alimentin tutulmasına dair məhkəmə qətnaməsi var, həmçinin uşaqların anasının onları saxlaması üçün lazım olan maddi yardımı ala bilməməsi halı da iş materialları ilə müəyyən olunmur. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 hazırda aliment ödəmək üçün həqiqətən də zəruri vəsaitə malik olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Republikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göstərilən qanunvericilik aktı normalarına və işin hallarına əsasən uşaqların saxlanması vəzifəsi ilk olaraq onların valideynlərinin üzərinə qoyulduğundan, həmçinin uşaqların atasından aliment tutulduğundan, uşaqların baba və nənəsinin isə aliment vermələrinə dair maddi imkana malik olmaları iş materialları ilə sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərin hər birindən ayrı-ayrılıqda nəvələri xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda hər uşağa 200 manat olmaqla hər ay cəmi 400 manat məbləğində olmaqla ümumilikdə cavabdehlərdən hər ay 800 manat məbləğində alimentin və mediasiya xidmətinə görə ödənilmiş 50 manat vəsaitin xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar