Məhkəmə qərarları › İş №2(011)-3535/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3535/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3535/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSC KB ilə aralarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı olmaqla, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, müqavilənin 6.2-ci bəndinə uyğun olaraq tərəflər, bu müqavilə üzrə mübahisəli məsələləri danışıq yolu ilə həll etməyi öhdəsinə götürmüş, razılıq əldə edilmədikdə isə məhkəməyə müraciət etmək hüququna malik olması barədə razılığa gəlmişlər. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən, müqavilənin tərəflər arasında razılaşdırımış 6.2-ci bəndinin yerinə yetirilməsini təsdiq edən sübutlar, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına dair məlumatın olması, bu qaydaya əməl edilməsini təsdiq edən sənədlər görünmür. Həmçinin iddiaçı iddia ərizəsində özünün ünvanı kimi ünvan 1 cavabdehin hüquqi ünvanı kimi Bakı şəhəri, Azərbaycan prospekti 4 ünvanını göstərmişdir, tərəflər göstərilən ünvanlarda rəsmi qeydiyyatadırlar. Göründüyü kimi, iddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Bununla bərabər məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına dair məlumat göstərilmədiyindən və iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsi barədə sənəd əlavə edilmədiyindən, həmçinin iddia ərizəsi aidiyyatı üzrə məhkəməyə verilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “ipoteka müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar