Məhkəmə qərarları › İş №2(011)-357/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-357/2023

19.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-357/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək məzuniyyətinin və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 MMC-də işlədiyi iki il üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək məzuniyyətlərinin və istifadə edilməmiş məzuniyyətinin kompensasiyasının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayır. O, 02 mart 2020-ci il tarixdə Cavabdeh2 MMC-yə çilingər vəzifəsinə qəbul olunmuşdur. 14 yanvar 2022-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. Müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar 14 yanvar 2022-ci ildə iddiaçının əmək müqaviləsinə xitam verilərək 17 yanvar 2022-ci ildə yenidən həmin müəssisənin nəzdində yeni yaradılmış Cavabdeh1 MMC-yə çilingər vəzifəsinə təyin edilmişdir. 19 may 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının həmin müəssisədə işlədiyi dövrdə əmək məzuniyyəti rəhbərlik tərəfindən verilməmişdir. İddiaçı iki illik əmək məzuniyyətinin verilməməsinə görə 01 iyun 2022-ci il tarixdə Cavabdeh1 MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İddiaçı 02 mart 2020-ci il tarixdə Cavabdeh2 MMC-yə avtomobillərin təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuşdur. 14 yanvar 2022-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. Müəssisənin fəaliyyətinin dayandırılması ilə əlaqədar 14 yanvar 2022-ci ildə iddiaçının əmək müqaviləsinə xitam verilərək 17 yanvar 2022-ci ildə Cavabdeh1 MMC-yə çilingər vəzifəsinə təyin edilmişdir. 19 may 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci hissəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. 142-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 172-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. “Dövlət rüsumu haqqında” Qanun: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 02 mart 2020-ci il tarixdə Cavabdeh2 MMC-yə avtomobillərin təmiri üzrə çilingər vəzifəsinə qəbul olunmuşdur. 14 yanvar 2022-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. Məhz bu dövrə aid olan əmək məzuniyyətlərinin və istifadə edilməmiş məzuniyyətinin kompensasiyasının ödənilməsi tələbi ilə müraciət etmişdir. Hazırkı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini yanlış cavabdehə qarşı irəli sürmüşdür. Məhkəmə iclasında ona tərəfin əsl cavabdehlə əvəz olunması təklif olunmuş, o isə müəssisənin ləğv edilməsi əsası ilə bundan imtina etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 MMC-nin ləğv olunaraq onun yerində hazırkı iş üzrə Cavabdeh1 MMC-nin təsis edilməsi ilə bağlı hər hansı sübutlar aşkarlanmamış və məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh2 MMC-nin yerində Cavabdeh1 MMCnin yaranmasına istinad etsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Öncəki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin vəkili Vəkil məhkəmədə izahat verərək bildirmişdir ki, Cavabdeh2 MMC-nin onun təmsil etdiyi şirkətə aidiyyəti yoxdur, Cavabdeh1 MMC nə onun nəzdində, nə də hüquqi varisi kimi yaranmış şirkət deyildir. Beləliklə, MPM-nin 54-cü maddəsinin tələblərinə əsasən cavabdeh tərəfi əsl tərəflə əvəz etməkdən imtina etdiyindən, məhkəmə verilmiş iddianın həcmində baxaraq qərar qəbul edir və iş üzrə mövcud olan sənədlərdən görünür ki, tələb Cavabdeh2 MMC-yə yönəlməli olduğu halda Cavabdeh1 MMC-yə qarşı irəli sürülmüşdür. İddiaçı 17 yanvar 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi Cavabdeh1 MMC-də çilingər vəzifəsində çalışmışdır. 19 may 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 2-ci bəndində işçinin 17 yanvar 2022-ci il tarixdən 19 may 2022-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi qeyd edilmişdir. Cavabdeh1 MMC tərəfindən iddiaçının istifadə edilməmiş 11 məzuniyyət gününün son haqq-hesabı tam şəkildə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 MMC iddiaya cavab verməli olan şəxs deyildir. Cavabdeh1 MMC-nin hazırkı tələb üzrə iddiaçının hüquqlarını hansı hissədə pozması və ya maraqlarına toxunması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı -iddiaçının Cavabdeh1 MMC-də işlədiyi iki il üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək məzuniyyətlərinin və istifadə edilməmiş məzuniyyətinin kompensasiyasının verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar