Məhkəmə qərarları › İş №2(011)-3614/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3614/2023

12.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3614/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh İB-yə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 12.787 manat birdəfəlik müavinətin Cavabdeh İB tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR Cavabdeh Layihəkonstruktor Bürosunun Mühəndis-axtarış şöbəsinin rəisi vəzifəsində işləmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə iddiaçı Birliyin rəhbərliyinə 17 yanvar 2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və 02 fevral 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi xahiş olunmuşdur. Belə ki, SOCAR və ANQSİHİRK arasında bağlanmış “2020-2023-cü illər üçün X4” 5.16-cı bəndində işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh İB və Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2020-2023-cü illər üçün X4” 5.16-cı bəndində də işçi pensiya yaşına çatdıqda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli məbləğində bidəfəlik müaviət verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh İB-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 fevral 2023-cü il tarixli əmri rəsmiləşdirilərək əmək müqaviləsinə xitam verilmiş və AR Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddiaçı ilə son haqq-hesab aparılmış, ona əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Lakin sonradan həmin məbləğ iddiaçıdan geri tutulmuşdur. Sözügedən məsələ ilə bağlı Cavabdeh İB tərəfindən SOCAR-a müraciət edilmiş və müraciətə cavab olaraq bildirilmişdir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun əmələ gəldiyi (05 yanvar 2023-cü il) əsas tutularaq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya Cavabdeh İB-nin 28 fevral 2023-cü il tarixli məktubu ilə cavab verilmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi yaşa görə pensiya almaq demək deyildir. SOCAR tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin veirlməsi məqsədəuyğun hesab edilməməsi qanunsuz və əsassızdır. Bu, sosial ədalət prinsipinin pozulmasıdır. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı uzun illər zərərli sahədə işlədiyi üçün dövlət tərəfindən iddiaçı üçün yaradılmış bir imkandır. Bu imkandan istifadə etməsi onun pensiya yaşına çatdıqda 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatda bildirdi ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, İddiaçı 2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyası alan şəxslər kateqoriyasına aiddir. İddiaçı Birliyə dəvət olunmuş və ona qanunvericiliyin və kollektiv meqavilənin şərtləri izah edilmişdir. Bundan sonra İddiaçı ona ödənilmiş müavinəti könüllü olaraq geri qaytarmışdır. İddiaçı yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 2015-ci ildən əmələ gəldiyindən ona əmək haqqının 5 mislinin ödənilməsi üçün heç bir hüquqi əsas yoxdur. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh İdarəetmə aparıtının Layihə-Konstruktor Bürosunun Mühəndis-axtarış şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Tərəflər arasında bağlanmış müqavilə iddiaçının ərizəsi əsasında 02 fevral 2023-cü il tarixində ləğv edilmişdir. İş materiallarından görünür ki, iddiaçı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun 2015-ci ildən əmələ gəldiyini qeyd edərək əmək haqqının 5 mislinin ödənilməsini məqsədəmüvafiq hesab etməmişdir. İş materiallarında olan kollektiv müqavilənin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik və ya sosial dayanıqlılığının təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək Birliyin idarəetmə aparatında və qurumlarda çalışan işçilərin sosial rifah halının gücləndirilməsi, onların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biridir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinə əsasən, kollektiv müqavilə — işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. 24-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyası: Əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB və Cavabdeh İBnin Həmkarlar İttifaqı Komitəsi arasında 2020-ci ildə kollektiv müqavilə bağlanmışdır. İstinad olunan razılaşmaya əsasən təqaüd yaşına, yəni 65 yaşına çatmış işçilərlə əmək müqaviləsinə xitam verilərkən onlara əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı müəyyən edilmiş yaş həddinə çatdığına görə onunla müqaviləyə xitam verilmişdir və ilkin olaraq istinad olunan müavinət ödənilmişdir. Daha sonra o, cavabdeh təşkilata dəvət edilmiş və vəsaitin geri ödənilməyəcəyi təqdirdə müəssisənin mühasibinin işdən çıxarılacağı bildirilmişdir. O isə hər hansı bir şəxsin dolayı yolla da olsa onun təqsiri ucbatından iindən olmaması üçün ona ödənilən vəsaiti geri qaytarmış və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf ödənilmiş müavinıtin geri qyatarılmasında ona istinad etmişdir ki, iddiaçı 2015-ci ildən güzəştli şərtlərlə təqaüd alır. Müavinətin ödənilməsi isə yaşa görə təqaüdə çıxmış şəxslər üçün nəzərdə tutulub. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulub. İşçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Belə olan halda cavabdehin müqavinəti ödəməkdən imtina etməsi qanunsuz sayılmalı və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə tutulacaq vəsaitin miqdarına münasibətdə qeyd edir ki, nə qədər ki, cavabdeh tərəf bu vəsaitin tələb olunan qədər olmadığı ilə bağlı məhkəməyə hər hansı sübutu təqdim etmir və məhkəmə iclasında da iddiaçının verdiyi izahatda aldığı orta əmək haqqının məbləğinin 2.557,4 manat qədər olması müəyyən edilir, bu səbəbdən onun 5 misli miqdarında, yəni 12.787 manat pul iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində 12.787 manat birdəfəlik müavinət Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh İB-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar