Məhkəmə qərarları › İş №2(011)-3619/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3619/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3619/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 249 nömrə ilə qeydə alınmışdır.

2. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.

3. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7885/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat məbləğində alimentin cavabdedhdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin icra icraatı gedişində tələbkar ərizə ilə İcra şöbəsinə müraciət edərək, icra vərəqəsi üzrə tələbdən imtina edərək cavabdehdən aliment tələb etmədiyindən həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və onun həmin ərizəsi əsasında Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 246 manat, cəmi 492 manat sabit pul məbləğində manat aliment tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2016cı il tarixli, 2(011)-7885/2016 saylı qətnaməsi ilə, 21 noyabr 2016-cı ildən başlayaraq, uşaqların saxlanması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Sonradan cavabdehlə razılığa gəlmişlər və icra mərhələsində cavabdehdən aliment tələb etmədiyi üçün aliment tələbindən imtina etmişdir. Lakin cavabdeh son zamanlar aliment ödəməkdən imtina edir və o da heç yerdə işləmir və uşaqların saxlanmasında, onların gündəlik tələbatlarını qarşılamaq onun üçün çox çətindir. Eyni zamanda, onun artan sosial və digər xərclərinə kifayət etmir. Hal-hazırda uşaqlarını təkbaşına böyüdür və aliment hesabına onların ehtiyaclarını qarşılaya bilir. Yaşlarına münasibətdə ildən-ilə xərcləri də ona uyğun olaraq artmaqdadır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərsə də, bu uşağın artan xərclərini qarşılamır, həmçinin vaxtında edilmədiyi üçün uşaqların bir sıra xərcləri gec ödənilir.

10. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, o, hər ay uşaqların saxlanılması üçün 300 manat ödəniş edir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı:

14. Bənd 1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı:

6. Bənd. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

17. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir.

18. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

19. Həmçinin, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan da məlum olur ki, cavabdeh birgə nikahdan olan övladlarının saxlanılması üçün tələb edilən miqdarda alimentin ödənilməsinə də etiraz etmir. Odur ki, məhkəmə uşağın saxlanması üçün cavabdedən hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin tutulmasını daha məqsədə uyğun hesab edir.

20. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir.

21. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

22. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin hər bir uşaq üçün 0,61 misili (246 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) / 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0,615; “0”-dan sonra tam hissə yüzlüyədək yuvarlaşdırlıqda – 0,61) həddində tutulmalıdır.

23. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2025-ci il tarixdən başlanılmalıdır.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ayrılıqda ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar