Məhkəmə qərarları › İş №2(011)-3631/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3631/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3631/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının 4/1 (25) faizi hissəsində alimentin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X1 təvəllüdünün xx.xx.2020-ci il tarixi kimi oxunmasını xahiş etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflərin faktiki nikahlarından bir övladları xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuş və bu barədə Bakı Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AZ-İV 477059 seriyalı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. Tərəflər hazırda ayrı yaşayırlar. Uşaq iddiaçı ilə birlikdə yaşayır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında rəsmi nigah yoxdur. Vətəndaş nigahından 2021-ci il avqustun 23-də X2 anadan olmuşdur. Üç aydır ki, cavabdehlə ailə olaraq bir yerdə yaşamırlar. Faktiki olaraq ayrılmışlar. Uşaq onunla yaşayır. Cavabdeh uşağın saxlanmasında ona maddi köməlik etmir. Ona görədə aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda məhkəmə tərəfindən aliment tutulur. Qeyd edilən qanunvericilik aktı normalarının müəyyən etdiyi imperativ qaydaya əsasən alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadıqda, birinci növbədə aliment uşaqdan ayrı yaşayan valideynin qazancından və ya başqa gəlirlərindən, uşaqların sayından asılı olaraq, hissəvi olaraq tutulur. İddiaçı iddia ərizəsində cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Yuxarıda qeyd edilən əsasları, eləcə də, alimentin tutulmasının tərəflərin birgə nikahından doğulmuş uşaqların rifahının və maddi vəziyyətinin daha da yüksək təmin olunmasına xidmət edəcəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin qazancından və digər gəlirlərindən alimentin tutulması hissəsində iddia təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-302/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvvəqqəti aliment tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 21 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdehin əmək haqqından tutulan alimentin bir illik məbləğinin cəminə müvafiq olaraq dövlət rüsumu hesablanaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar