Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3634/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin tutulması qaydalarını dəyişdirilib, əmək haqqından tutulan alimentin 50% məbləğini uşaqların X13 və X8 adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh X4 ilə nikahı xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə pozulub, övladları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X17 cavabdehin himayəsində qalmışdır, həmin qərar ilə əmək haqqının 1/3 hissəsi məbləğində məndən aliment tutulması müəyyən edilmişdir, aliment 440 manat məbləğində hər ay tutulur və aliment üzrə borcları yoxdur, cavabdeh uşaqları ilə, razılığı olmadan, 2021-ci ilin iyun ayında Türkiyəyə gedib, orada rəsmi olaraq türk vətəndaşı ilə nikaha daxil olmuşdur və Azərbaycana qayıtmamışdır, uşaqları ilə görüşə bilmir və cavabdeh uşaqları barədə ona heç bir məlumat vermir, o daimi olaraq aliment alır, lakin həmin vəsaitlərin onun tərəfindən necə sərf olunmasından xəbəri yoxdur, cavabdeh özü və onun əri heç yerdə işləmir, bildiyi qədərilə uşaqlar Türkiyədə təhsil almırlar, hesab edir ki, aliment vəsaitləri uşaqların təhsilinə və hərtərəfli inkişafına xərclənilmir, cavabdeh və onun ərinin şəxsi ehtiyacları üçün istifadə olunur, artıq 10 aydır uşaqları Türkiyədə qalırlar və cavabdeh onların həyatı barədə ona heç bir xəbər vermir, novruz bayramı günlərində bacısı ilə birlikdə uşaqlarını görmək üçün Türkiyəyə getmiş, uşaqlarla ancaq yerli vəkilin iştirakı ilə görüşə bilmişdir, uşaqların anası onunla əlaqə saxlamaqdan imtina etmişdir və uşaqların vəziyyəti barədə məlumat verməmişdir, görüşə uşaqlarını cavabdehin əri gətirmişdir və o dava salmağa çalışmışdır, lakin iştirak edən vəkil buna imkan verməmişdir, qeyd etdiyi kimi 10 ay Türkiyədə qalan uşaqlarında heç bir müsbət dəyişikliklər yoxdur, onların boyu və çəkisində artım yoxdur, hər ikisi arıqdılar, uşaqlar üstündə olan paltar Bakıda əvvəl aldıqları və geyindiyi paltarlardır, oğlan uşağı psixi cəhətdən stress vəziyyətindədir, Bakıya qayıtmaq istəyir, anasının ona qarşı kobud rəftarlığından şikayət edirdi, cavabdeh himayədar olaraq öz vəzifələrini lazımınca icra etmir və uşaqlarının aliment vəsaitlərini məhz uşaqlara sərf etmələrinə dair ona heç bir məlumat vermir, bu halda yetkinlik yaşına çatmayan övladlarının tələbatını təmin etmək məqsədi ilə alimentin 50%-zi məbləğini, yəni 207 manat məbləğində pulun uşaqların adına açılmış bank hesabına köçürülməsini vacib və məqsədəuyğun hesab edir, əgər uşaqlar ölkəyə gələrsə 414 manat aliment ödəyəcəkdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.F.Abdullayev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh iddia tələbi ilə razı deyildir, o, uşaqların tələbatını həm öz, həm iddiaçı tərəfindən verilən alimentlə qarşılayır, əgər iddiaçı aliment verməsə, uşaqların lazımı şəkildə saxlanması mümkün olmayacaq, onların həyat səviyyələri aşağı düşəcəkdir, bu uşaqların mənafelərinə uyğun deyildir. Sonda cavabdehin nümayəndəsi Ə.F.Abdullayev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1982-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır, cavabdeh isə qardaşının keçmiş həyat yoldaşı olmuşdur, onlar hazırda boşanmışdırlar, cavabdeh yenidən ailə həyatı qurmuşdur, Türkiyədə yaşayır, özünün Türkiyədə tanışları var, onlar ona məlumat vermişdirlər ki, cavabdeh heç yerdə işləmir, rəsmi gəlir yeri yoxdur, sadəcə vaxtaşırı manikürlə məşğuldur, onun – cavabdehin həyat yoldaşı isə sürücü işləyir, cavabdeh burada yaşadıqda belə uşaqlar üçün verilən alimentlə kirayə haqqını ödəyirdi, uşaqlar kursa getdikdə onun xərclərini qardaşı verir, hətta uşaqlar qardaşına - atalarına bildirmişdirlər ki, pul yoxdur, arzu etdiklərini edə bilmirlər, qardaşı Türkiyəyə getdikdə də, cavabehin yoldaşı ona bildirmişdir ki, kirayə qalırlar, özü sürücü işləyir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-372/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı oğlu ilə X10 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə 902 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X14 anaları X5 himayəsində saxlansın. xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı oğlundan xx.xx.2019-cu il tarixdən hesablanmaqla əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 640399 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı oğlu, anası isə X7r. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 854994 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2016-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı oğlu, anası isə X7r. İş materiallarında olan 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan AR Dövlət Sərhəd Xidməti tərəfindən 12 saylı Vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, X13 və X2 dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə çıxış istiqaməti üzrə məlumat qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 801/2022 saylı Qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(008)-5596/2020 saylı Qətnaməsi ilə cavabdeh İddiaçı razılığı olmadan xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək anası X10 ilə birlikdə hər il cəmi 3 ay müddətinə Azərbaycan Respublikası hüdudlarından müvəqqəti olaraq kənara getməsinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-801/2022 saylı Qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(008)-5596/2020 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X14 adlı iki yetkinlik yaşına çatmayan uşaqlar var, uşaqlar hazırda cavabdehin himayəsindədir, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-372/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən onların saxlanması üçün əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir, həmin aliment məbləği 414 manat təşkil edir, iddia tələbi aliment məbləğinin 50% miqdarının (207 manat) uşaqların adına açılmış bank hesabına köçürülməsinə dairdir. Bununla belə, uşaqların saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn - cavabdeh tərəfindən məqsədəmüvafiq təyinatı üzrə xərclənməməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment alan valideynin iddia tələbinə münasibətini (iddia tələbini qəbul etməməsini), belə qərarın gələcəkdə uşaqların tam və hərtərəfli inkişafına - onların qidalanmasına, təhsilinə, tərbiyəsinə təsirini, qalıq məbləğinin həddini (hər uşaq üçün 103,5 manat olmaqla, cəmi 207 manat), habelə uşaqların saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn - cavabdeh tərəfindən lazımi qaydada xərclənməməsinə dair halların məhkəmə tərəfindən müəyyən olunmamasını, eyni zamanda qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi uşaqların mənafeyi baxımından məqsədəmüvafiq deyildir və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddiaçının “alimentin uşaqların təhsilinə və hərtərəfli inkişafına deyil, cavabdeh və onun ərinin şəxsi ehtiyacları üçün istifadə olunması” barədə dəlillərinə münasibətdə isə hesab edir ki, əvvəla, bu hal sübut etmə yükü ilə bağlıdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş və belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır, ikincisi, kəsilmiş aliment məbləğinin miqdarı, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddindən əsaslı fərqlənməməklə (fərq 14 manat) yaşayış əhəmiyyətli əlavə xərclərin (o cümlədən digər şəxsi ehtiyacların) qarşılanması üçün yetərli hesab oluna bilməz, ələlxüsus da uşağın xaricdə yaşaması faktı barədə iddiaçının dəlilləri müqabilində. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.9-cu bəndinə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı, “övladları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin tutulması qaydalarını dəyişdirilib, əmək haqqından tutulan alimentin 50% məbləğini uşaqların X13 və X8 adına açılmış bank hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən və onun dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı, “övladları xx.xx.2016-cı il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin tutulması qaydalarını dəyişdirilib, əmək haqqından tutulan alimentin 50% məbləğinin uşaqların X13 və X8 adına açılmış bank hesabına köçürülməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3634/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3634/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver