Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3699/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon məhkəməsinin 2(008)-4832/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, hər ay 220 manat sabit pul məbləğdə alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar, birgə nikahdan 27 yanvar 2020-ci il təvəllüdlü X4 adlı bir uşaqları vardır, ailə münasibətlərində problemlər yaranmış və cavabdeh ilə nikahları pozulmuşdur, Sabunçu rayonu Məhkəməsinin 2(008)- 4832/2020 saylı ətnaməsi ilə onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq 65 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir, qeyd edilən tarixdə rəsmi gəliri 430 manat təşkil edirdi və maaşının ¼ hissəsi 108 manat təşkil edirdi, 2020-ci il üçün uşaqlar üçün minimum 173 olduğundan, rəsmi gəlirlərinin ¼ hissəsi bu məbləğdən az olduğundan, gəlirlərinin ¼ hissəsi olan 108 manatın üzərinə 65 manat sabit pul məbləği əlavə edilərək aliment 173 manata tamamlanmışdır, indiki maaşının ¼ hissəsi və 65 manat sabit pul məbləğində cəmi 250 manat pul aliment olaraq alınaraq cavabdehə ödənilir, alimentin sabit tutulmasını istəyir, belə ki gələcəkdə evlənə bilər, kredit və ya ipotekaya müraciət edəndə maaşından tutulma olmasının görünməsini istəmir, maaşın tam görünməsini istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.M.Mansurov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir, 2019-cu ildə alimenti 175 manat idi, 2021-ci ildə isə sabit məbləğdə tutulması üçün müraciət etmişdir, bu zaman 175 manat verdi, alimenti artırmadı, daha sonra bu barədə icra məmuruna müraciət etmişlər, bundan sonra mart ayından aliment artımlarla verilməyə başlanmışdır. Sonda cavabdehin nümayəndəsi V.M.Mansurov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı “alimentin məbləğinin həcminin dəyişdirilməsi” iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-4832/2020 saylı icra vərəqəsindən və qətnaməsindən görünür ki, İddiaçı 27 yanvar 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq 65 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi, qətnamənin aliment tələbinə dair hissəsi dərhal icra edilsin və alimentin tutulması müddəti xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1985/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4832/2020 saylı iş üzrə 11 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 27 yanvar 2020-ci il təvəllüdlü X4 adlı bir uşaqları var, nikah pozulduqdan sonra uşaq anasının – cavabdehin himayəsində saxlanmışdır, Bakı şəhəri Sabunçu rayonu Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 4832/2020 saylı Qətnaməsi ilə onun saxlanması üçün iddiaçıdan qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə olaraq 65 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir, hazırki iddia tələbi alimentin sabit pul məbləğində (220 manat) tutulması barədədir, cavabdeh alimentin sabit pul məbləğində tutulmasına etiraz edir. Bununla belə, alimentin miqdarının dəyişdirilməsinə, habelə alimentin sabit pul məbləğində tutulmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının “gələcəkdə evlənə biləcəyi, kredit və ya ipotekaya müraciət edə biləcəyi” barədə dəlilərinə münasibətdə hesab edir ki, əvvəla, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi iddiaçının da vəzifəsidir və iddiaçının gələcəkdə evlənə biləcəyi, kredit və ya ipotekaya müraciət edə biləcəyi barədə dəlilləri alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. İkincisi, qanunvericiliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin azaldılması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasından asılı edilmişdir ki, hazırda iddiaçı tərəfindən belə hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etsə də, qanunvericiliyə əsasən, alimentin miqdarının hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi məhkəmənin öz təşəbbüsü və ya cavabdehin vəsatətindən deyil, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişindən asılı edilmişdir. Belə olan halda məhkəmə, xx.xx.2020-ci il təvəllüdlü X3 yaşını, tərəflərin maddi və ailə vəziyyətində isə hər hansı bir dəyişiklik olmaması halını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir...Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Sabunçu rayon məhkəməsinin 2(008)-4832/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, hər ay 220 manat sabit pul məbləğdə alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair iddiası təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən və onun dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Sabunçu rayon məhkəməsinin 2(008)-4832/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, hər ay 220 manat sabit pul məbləğdə alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3699/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3699/2023
23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver